Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-18 13:25:00
Sabah inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 19-da dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

DİM-dən AzEdu.az-a bildirilib ki, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

İmtahan elektron qaydada DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçiriləcək. İmtahanda iştirak etmək üçün AB vəzifə qrupu üzrə 16 , AC vəzifə qrupu üzrə isə 22 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.