Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-13 10:39:00
DİM-in eksperti, ATU-nun baş müəllimi. 100-dən çox elmi məqalə və dərsliyin müəllifi-Ramin Bayramlı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən azad olunması ilə bağlı ərizə yazıb.

 

 

Bu barədə o, özünün tvitterdəki səhifəsində bildirib.

 

 

AzEdu.az tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin dosenti Ramin Bayramlının təhsil həyatını təqdim edir:

 

 

O, 20 noyabr 1979-cu ildə Göyçə mahalının Toxluca kəndində anadan olub. 1996-cı ildə Şəmkir rayonunun Çənlibel kənd 1 saylı orta məktəbini bitirib, həmin il Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsinə daxil olub. Tələbəlik illərində Mərkəzi Hərbi Klinik Hospitalın travmatologiya və ortopediya bölməsində gecə növbəsində tibb qardaşı vəzifəsində çalışıb. 2007–2008-ci illərdə İstanbul Universitetində, 2010-cu il Kocaeli Universitetində elmi tədqiqatlar aparıb, 2009-cu ildə 19 Mayıs Universitetində Tibbi Laboratoriyaların İdarə olunması kursunu bitirib.

 

ATU-dan keçən yol



2001–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasının baş laborantı, 2005–2010-cu illərdə həmin kafedranın assistenti, 2010–2013-cü illərdə baş müəllimi işləyib. 2011–2016-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013–2016-cı illərdə həmin klinikanın baş həkimi, 2018–2019-cu illərdə isə Talessemiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini kimi çalışıb. 2013–2016-cı illərdə ATU-nun Tədris-Terapevtik klinikasında işlədiyi kollektivlə birlikdə ölkəmizdə ilk dəfə tam elektronlaşmış Klinikanın qurulmasına və klinikada 7 yeni şöbənin yaradılmasına, bu şöbələrə xaricdə təhsil almış gənc mütəxəssislərin cəlb olunmasına nail olub. Bundan başqa ATU-nun Tədris Terapevtik, Tədris Cərrahiyyə, Onkoloji klinikalarının, Bonedea İnternational Hospitalının tam avtomatlaşdırılmış tibbi laboratoriyalarının qurulmasına rəhbərlik edib. Ölkəmizdə ilk dəfə olaraq, artıq mütəmadi keçirilən rezidentlərin elmi konfranslarının təşkilinə nail olub.

 

Tələbəlik illəri 

 

Tələbəlik illərində — 1998–2001-ci illərdə ATU-nun tibbi profilaktika və tibbi biologiya fakültəsi gənclər təşkilatının sədri kimi universitetin ictimai həyatında fəal iştirak edib, Ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilən ATU-nun 70 illik yubileyinə həsr olunmuş Beynəlxalq Konfransın aparıcısı olub. Tələbəlik illərində ATU-nun mətbu orqanı olan "Təbib qəzeti"ndə dövri olaraq şeirləri və məqalələri çap olunub. Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyinin (TMİİB) təsisçilərindən biri, 2009 və 2013-cü illərdə TMİİB-in Bakı şəhərində təşkil etdiyi genişmiqyaslı beynəlxalq konqreslərin elmi katibi, Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin, Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin həmtəsisçisi və sədr müavinidir. 2019-cu ildə Heydər Əliyev Mərkəzində keçirilən "Azərbaycan 1-ci Beynəlxalq Hematologiya Mütəxəssisləri" Konqresinin elmi katibi olub. Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi bir sıra layihələrin icrasında iştirak edib.

 

Elmi fəaliyyət 

 

2007-ci ildə "Ətrafların odlu silah yaralarının mikrobioloji xarakteristikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb, 2013-cü ildən bu günə kimi ATU-nun dosenti kimi fəaliyyətini davam etdirir. Hazırda "Nozokomial infeksiya törədicilərinin molekulyar-genetik xarakteristikası" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. 100—dən çox elmi məqalənin, 1 metodik tövsiyələrin, "Klinik Laborator Diaqnostika" adlı dərs vəsaitinin (298 s) və "Tibbi Mikrobiologiya, İmmunologiya və Klinik mikrobiologiya"adlı dərsliyin (755 s) müəllifidir.

 

 

Dövlət İmtahan Mərkəzinin ekspertidir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları