Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-13 10:37:00
“Əyani təhsilə keçsək də, distant təhsilə diqqəti azaltmamalıyıq”-Sədr müavini qərarlardan DANIŞDI

 

9  sentyabr  2021-ci il  tarixində  Təhsil  naziri  Emin  Əmrullayevin  ali  təhsil  müəssisələrinin rektorları ilə  görüşü  keçirilib.

 

Görüş  zamanı  universitetlərdə  ənənəvi  dərslərin  təşkilini  və  davamlılığını  təmin  etmək  üçün  tətbiq  olunacaq  qaydalar  müzakirə edilib.

 

Bəs  ali  təhsil  müəssisələrində hansı məhduduiyyət və qaydalar tətbiq edilə bilər?

 

Təhsil Nazirliyi  yanında  İctimai  Şuranın  sədr müavini  Nadir  İsrafilov  mövzu  ilə  bağlı  AzEdu.az-a  açıqlamasında  görüşün  bir  çox  baxımdan  zərurui və faydalı olduğunu  bildirib:

 

“Hər şeydən əvvəl onu qeyd edim ki, Təhsil Naziri Emin Əmrullayevin ali təhsil müəssisələrinin rəhbərləri ilə onlayn formatda görüşü, sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi təhsilin bərpası ilə bağlı müvafiq hazırlıq işlərinin həyata keçirilməsi, tədrisin təşkili, müəllim və tələbələrin vaksinasiyadan keçirilməsi, auditoriyaların və digər müvafiq infrastrukturun hazırlıq vəziyyətin müzakirə edilməsi və bununla bağlı təkliflərin dinlənilməsi, təhsildə aşkarlıq və şəffaflıq prinsiplərinin gözlənilməsi və ümumi rəyin öyrənilməsi baxımından zəruri və faydalıdır.  Məlum olduğu kimi, bir müddət öncə keçirilən mətbuat konfransında da ali məktəblərdə müəyyən məhdudiyyətlər, o cümlədən auditoriyalarla bağlı limit tətbiq ediləcəyinin anonsu verilmişdi”.

 

Sədr  müavini  ənənəvi  təhsilin  davamlılığının  müəyyən edilmiş  qaydalara  düzgün  riayət olunmasına bağlı olduğunu vurğulayıb:

 

“İstər orta ümumtəhsil məktəblərində, istərsə də ali və orta ixtisas müəssisələrində nəzərdə tutulan müddətdə ənənəvi tədrisə başlanılması, heç də əyani təhsilin bütün il boyu davamlı və dayanıqlı olacağı barədə kimlərdəsə arxayınçılıq yaranmasına əsas vermir. Hər şey mətbuat konfransında da xüsusi olaraq vurğulandığı kimi vaksinasiyadan, təhsil müəssisələrində sanitar-gigiyenik qaydalara və digər təhlükəsizlik normalarına necə riayət olunmasından asılı olacaq. Yəqin ki, yaxın vaxtlarda rektorlarla görüşün nəticələri də nəzərə alınaraq ictimailəşəcək “Qaydalar”da bütün bu məqamlar öz əksini tapacaq”.

 

Sədr  müavini  qeyd  edib ki, əyani təhsilə keçsək belə distant təhsilə diqqəti azaltmamalıyıq:

 

“Əsas vəzifə ondan ibarətdir ki, təhsilin davamlılığı və dayanıqlılığı təmin edilsin. Çünki, dayanıqlı təhsilə münasibət birmənalıdır. Nazirin də açıqlamalarının birində qeyd etdiyi kimi “Pandemiya dövründə insan inkişafını dondura bilmərik. Ona görə də təhsilin dayanıqlı formada təşkili təmin edilməlidir. Çalışmalıyıq ki, sosial-iqtisadi və digər amillər şagirdlərin təhsil almalarına təsir göstərməsin”. Bir vacib məqamı da nəzərdən qaçırmaq olmaz ki, üz-üzə (əyani) təhsilə keçsək belə, məsafədən (distant) təhsilə diqqəti azaltmamalıyıq. Məlum olduğu kimi, distant təhsil tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Təhsilin distant forması xüsusilə ali məktəblər üçün xarakterik olub, müəyyən səbəblər üzündən təhsilini artırmaq  imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir”.

 

O, növbəti  tədris  ilində  xüsusi  diqqət  edilməli  məqamları  sadalayıb:

 

“Göründüyü kimi hər şey yoluxmanın növbəti eniş və yüksəliş tendensiyasından asılı olacaq. Bunun üçün hər hansı bir proqramın qəbul edilməsinə və ya müvafiq islahatın həyata keçirilməsinə ehtiyac görmürəm. Sadəcə olaraq, proseslərin gedişatını nəzarətdə saxlamaq, yeni çağırışlara hazır olmalıyq. Ən ümdəsi isə 2 ilə yaxın bir müddətdə qazanılmış təcrübə ümumiləşdirilməli, aidiyyatı qaydalar təkmilləşdirilməlidir. Ali və orta ümumtəhsil məktəblərində İKT baçarıqlarının inkişaf etdirilməsinə diqqət artırılmalı,təhsil alanlara informasiyaları çap materiallarını, elektron materialları müstəqil öyrənməyi öyrətməli, yerlərdə internetə və internet tariflərinə əlçatanlıq təmin edilməli, internetin sürətində olan məhdudiyyətlər aradan qaldırılmalıdır”.

 

Sədr  müavini  vaksinasiyanın  əhəmiyyətinə  diqqət çəkib:

 

“Əgər ənənəvi adlandırdığımız əyani təhsilin davamlı və dayanaqlı olmasını istəyiriksə, onu da nəzərə almalıyıq ki, Ənənəvi təhsili bərpa etməyin inamlı və təhlükəsiz yolu vaksinasiyadan keçir. Heç də təsadüfi deyil ki, Təhsil Nazirliyi təhsil işçilərini virusdan qorunmaq üçün peyvənd olunmağa və sanitar-gigiyenik normalara əməl etməyə çağırıb”.