Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-26 16:20:40
Peşə təhsili üzrə layihələr reallaşdırılır

“Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsi çərçivəsində görülən işlərin nəticələrinə və növbəti hesabat müddətinə qədər planlaşdırılan tədbirlərə dair görüş keçirilib.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, bu qurumun, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi əməkdaşlarının, beynəlxalq və yerli ekspertlərin qatıldıqları görüşün məqsədi layihənin hər bir komponenti üzrə görülmüş işlərin hesabatının və növbəti dövr üçün planlaşdırılmış fəaliyyətlərin müzakirə edilməsi olub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev son illərdə ölkədə peşə təhsili sahəsində aparılan məqsədyönlü islahatlardan danışaraq, bu istiqamətdə həyata keçirilən layihələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın Azərbaycanda peşə təhsilinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb, layihə çərçivəsində nəzərdə tutulan fəaliyyətlərin uğurla icra olunacağına əminliyini ifadə edib.

Sonra ekspertlər Peşə Təhsili üzrə Dövlət Agentliyi və maraqlı tərəflərlə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş işlər və növbəti hesabat müddətinə qədər planlaşdırılan tədbirlərə dair təqdimatla çıxış ediblər.

Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Pərviz Yusifov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin müdiri Yerun Villems, “NİRAS” şirkətinin nümayəndəsi Björn Hansson və layihənin meneceri Eliza Domagalska layihənin icra vəziyyətinə və planlaşdırılmış fəaliyyətlərə dair fikirlərini bildiriblər.