Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-26 14:20:00
"Dəqiq fənlər üzrə hazırlaşan bəzi şagirdlərin nitqi olmur, humanitara meyl edənlərsə...”- Təlimçidən sərt irad  

“Bütün ixtisaslar üzrə test imtahanı ilə bərabər, müsahibə də olmalıdır. Sorğu-suala əsasən, abituriyentləri uyğun olduqları sahəyə yönəltməlidirlər. Adi testdən keçməklə, hansısa sahə üzrə mütəxəssis olmaq fikri ilə razı deyiləm”. 

Bu sözləri AzEdu.az-a açıqlamasında təlimçi-müəllim Günel Əliyeva deyib. O, cəmiyyətdəki III ixtisas qrupu abituriyentlərinin  əzbərçi  olması fikrinə cavab olaraq, onların məntiqi təfəkkürünün daha yaxşı olduğunu bildirib: 

“Bu gün ölkədə savadlı kadrlar varsa, onların yarısı elə humanitar ixtisaslar üzrə təhsil alanlardır. Mən III qrup abituriyentlərinin əzbərçi olması ilə bağlı deyilənlərlə razı deyiləm. Əksinə, onlar hərtərəfli dünyagörüşə malik olurlar. Çünki bu abituriyentlər fərqli ədəbiyyatlar oxuyub, müxtəlif mövzular ətrafında müzakirə aparırlar. III qrup abituriyentlərin məntiqi təffəkkürü də yaxşıdır. Məsələn, ali məktəbə humanitar ixtisas qrupları üzrə qəbul olunan müəllimlər MİQ imtahanlarında  məntiq testlərini çox yaxşı işləyiblər. Eyni problem yalnız texniki fənləri oxuyan abituriyentlərdə də var. Onlar da humanitar ixtisaslarda çətinlik çəkirlər. Belə halları yalnız III ixtisas qrupu ilə bağlamaq düzgün deyil”.

Onun sözlərinə görə, kim yaxşı danışırsa,  hamı həmin şəxsin əzbərçi olduğunu düşünür:

“Məntiqi təfəkkür fərdi, differensial məsələdir. Kurikulum da hər kəsin məntiqinin inkişafına yönəldilib. Bunu texniki, humanitar olaraq bölməməliyik. Əzbərçilik elə bir şeydir ki, o, əvvəl axır özünü biruzə verəcək.  Bu gün qəribə tendensiya var: Kimsə yaxşı danışırsa, hamı onun əzbərçi olduğunu düşünür. İndi məntiqi inkişaf etdirmək istiqamətində işlər görülür. Hazırda birinci sinif dərslikləri də məntiqi yönümlü, təffəkkürü inkişaf etdirəcək tərzdə yazılıb. Bunun təməli aşağı siniflərdən qoyulur”.

Günel Əliyeva əzbərçi abituriyentləri tələbəlik  illərində  gözləyən çətinliklərdən də söz açıb:

“Yalnız riyaziyyat,  fizika və digər bu kimi fənləri oxuyanlar isə bu problemlə daha sıx rastlaşır, fikirlərini ifadə edə bilmirlər. Onlar nitqə o qədər də önəm vermir, yalnız misal həll edirlər. Bəzilərində ümumiyyətlə, nitq yoxdur.

Bu hal tələbəlik illərində böyük problemə səbəb olur. Semestr imtahanlarında 5 sual verilir, ona geniş cavab yazmaq tələb olunur. Söz ehtiyatı olan adam bu suallar ətrafında asanlıqla fikirlərini ifadə edir. Seminarlarda müəllim dərs soruşanda da nitqi yaxşı olan yüksək bal alır. Əzbərləyən isə istədiyi nəticəni əldə edə bilmir. Yəni, abituriyentlərin söz ehtiyatı onların gələcək həyatında da böyük rol oynayır.  Ümumiyyətlə, orta məktəbdə  bütün fənləri oxumaq, şagirdin gələcək peşəkarlığına təkan verir. Fikrini ifadə edə bilməyən, əzbərçi isə hansı peşənin sahibi olur olsun, ona inam formalaşmır”.

O, ali məktəblərə qəbulda bütün ixtisaslar üzrə test imtahanı ilə bərabər müsahibənin də keçirilməsini təklif edib:

“Abituriyentlər yalnız testdən keçib ali məktəbə qəbul olunurlar. Amma yaxşı olardı ki, MİQ imtahanlarındakı müsahibə qəbul imtahanlarına da tətbiq edilsin. Çünki problemin kökü buradan başlanır. Bu gün danışa bilməyən müəllimlər var. Onlar test imtahanından keçərək ali məktəbə qəbul olunublar. Müəllim danışa bilmir, nitqində qüsur varsa, şagird onun necə başa düşə bilər? Bunun kökü lap əvvələ gedir.

Bütün ixtisaslar üzrə test imtahanı ilə bərabər müsahibə də olmalıdır. Sorğu suala əsasən, abituriyentləri uyğun olduqları sahəyə yönəltməlidirlər. Adi testdən keçməklə hansısa sahə üzrə mütəxəssis olmaq fikri ilə razı deyiləm”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları