Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-03 16:48:00
Şəmil Sadiqin sözlərinə yazılan mahnıda müəllifin adı yanlış göstərilib

 

 

 

Bu günlərdə müğənni Çinarə Məlikzadənin ifasında “Dünya” mahnısı yayımlanıb. Musiqisi Roman Azaflıya məxsus olan mahnının sözlərinin müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqdir. Sonradan “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının iddiasına əsasən sözlərin müəllifi kimi tanınmış şair, mərhum Akif Səməd göstərilib.

 

Bundan sonra sosial şəbəkələrdə Şəmil Sadiqin adını qaralamağa yönəlmiş paylaşımlar edilib. Şəmil Sadiq plagiat iddiaları ilə bağlı açıqlama verərək qaranlıq məqamlara aydınlıq gətirib.

 

 

AzEdu.az-ın  verdiyi xəbərə görə, Şəmil Sadiq qeyd edib ki, uzun illər öncə, 2003-2005-ci ildə yazdığı "Dünya sənin nəyindir ki, küsmə qardaş, bu dünyadan" şeiri qardaşı Emin Sadiqova həsr edib: “Bu şeiri qardaşım iş tapa bilmədiyi, dünyadan gileyləndiyi vaxtda qələmə almışdım. Mahnını mən də indi görürəm. "Şərq" qəzetinin baş redaktoru, hörmətli Akif Aşırlı isə öz statusunda qeyd edib ki, şeir Akif Səmədindir, sözlər dəyişdirilib. Bir söz adamının bu cür yanaşmasını yanlış hesab edirəm. Birincisi, ara-sıra şeir yazsam da, heç vaxt özümü şair kimi təqdim etməmişəm. Düzünü deyim, Akif bəyin statusundan sonra dəyərli şairimiz Akif Səmədin həmin məşhur şeirini bir də oxudum və beş bəndlik şeirdə bir rədifin "Dünya sənin nəyindir ki", bir də "atan deyil, anan deyil" ifadələrinin üst-üstə düşdüyünü gördüm. Etiraf edim, o şeiri mərhum Xalq şairi Məmməd Arazın "Dünya düzəlmir ki, düzəlmir", "Dünya sənin, dünya mənim..." şeirlərinin təsiri ilə yazmışam. Akif Səmədin sözügedən şeiri nə vaxt qələmə aldığını bilmirəm. Əgər daha əvvəl yazıbsa, şüuraltımda qala da bilər. Bu təbiidir. Bəzən elə bilirsən, bu cümlə sənindir və ya sən deməli idin, səndən öncə kimsə deyib. Bu hiss yaradıcı adamlara yaxşı tanışdır. Akif Səmədin o misrasının da təsiri ola bilər, burada da heç bir problem yoxdur, mənim kiçik şeir yaradıcılığıma qəbahət gətirməz. Bu şeiri Akif Səmədin adına da yazsaq, onun böyük yaradıcılığına hansısa təsir etməz, heç buna ehtiyacı da yoxdur. Amma söz adamlarının bu cür naşı yanaşması ürəkağrıdıcıdır. Lap bu şeiri nəzirə adlandırsaq belə, müəllif kimi nəzirə yazılanın adı qeyd oluna bilməz. Mahnı haqqında isə heç nə deyə bilmərəm, sözlərlə bağlı məndən icazə də alınmayıb. İnternetdə axtardım, Alişahin adlı bir gənc də oxuyub və sözlərin müəllifini düzgün qeyd edib. Çinarə Məlikzadənin oxuduğunda isə Akif Aşırlının tələbi ilə müəllif dəyişdirilib".

Obyektivlik üçün hər iki şeiri oxucuların diqqətinə çatdırırıq.

 

Şəmil Sadiq

Dünya

 

Atan deyil, anan deyil, sevib səni həyat versin,

Ucaldaraq o göylərə yıxılanda qanad versin.

Gözləmə heç vəfa ondan, dünya senin nəyindir ki?

Küsmə, qardaş, bu dünyadan, dünya sənin nəyindir ki?

 

Yollarında dərə də var, təpə də var, görən bilər,

Cəhənnəmi, cənnəti var, deyirlər ki, ölən bilər.

Əl çəkməsən inadından dünya sənin nəyindir ki?

Küsmə, qardaş, bu dünyadan, dünya sənin nəyindir ki?

 

Bu dünyanın bazarından boş çıxsa da əlin sənin,

Baxıb görsən səndən betər olub oban-elin sənin.

Niyə versin dəva-dərman, dünya sənin nəyindir ki?

Küsmə, qardaş, bu dünyadan, dünya sənin nəyindir ki?

 

 

Akif Səməd

 

Dünya sənin nəyindi ki? 

 

Ömrün boyu umdun küsdün,

Dünya sənin nəyindi ki?

Arxasınca asdın-kəsdin,

Dünya sənin nəyindi ki?

 

Yan, oduna yanan deyil,

Bir dərdini qanan deyil,

Atan deyil, anan deyil,

Dünya sənin nəyindi ki?

 

Dağlarda qara bax, oğlan,

Qəlbimdə yara bax, oğlan,

Ağlama qarabığ oğlan

Dünya sənin nəyindi ki?