Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-25 16:17:00
Bir tələbənin təşəbbüsü ilə yaranan beynəlxalq proqram 

Alman Akademik Mübadilə Xidməti (DAAD) 1925-ci ildə Haydelberqdə bir tələbənin təşəbbüsü ilə yaranıb. Bu gün DAAD tələbə və elmi işçilərin beynəlxalq mübadiləsini dəstəkləyən dünyanın ən önəmli təşkilatlarından biridir.

AzEdu.az DAAD haqqında ümumi məlumatları təqdim edir:

DAAD alman ali məktəblərinin və tələbələrinin birliyi kimi tanınır və Almaniyanın 230 universitetini və 126 tələbə təşkilatını birləşdirir.

Onun fəaliyyəti yalnız təqaüdlərin verilməsi ilə məhdudlaşmır. DAAD həmçinin alman ali məktəblərinin beynəlmilləlləşməsini, alman dili filiologiyası və alman dilinin xaricdə güclənməsini dəstəkləyir.

DAAD gənclərə Almaniya daxili və xaricində beynəlxalq təhsil və tədqiqat təcrübəsini toplamağa imkanı yaradır. Əksər xarici DAAD təqaüdçüləri magistr və doktorantura tələbələridir.

DAAD-ın dokroratura və tədqiqat, məzunlar üçün təqaüdlər, bakalavr və magistr tələbələri üçün təqaüd proqramları var. (Bu haqda növbəti yazımızda ətraflı məlumat verəcəyik)

DAAD-la Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında imzalanmış Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə təqaüd proqramı ilə bağlı sazişə əsasən son illər azərbaycanlı tələbələrin Almaniyada təhsil alması üçün geniş imkanlar yaranıb.

DAAD proqramlarına qəbul iki mərhələdə aparılır.

Birinci mərhələdə istədiyiniz təqaüd proqramına müraciət edirsiniz. Bunun üçün tələb olunan sənədləri qeydiyyat zamanı dəqiqliklə yükləmək lazımdır. Burada seçəcəyiniz universitetin şərtlərinə diqqət etmək çox vacibdir. Tələblərinə cavab vermədiyiniz universitetləri seçmək məqsədəuyğun hesab olunmur.

Birinci mərhələdən keçdiyiniz halda müsahibəyə dəvət edilirsiz. Müsahibə özü sizin seçiminizdən asılı olaraq ya ingiliscə, ya da almanca ola bilər. Yəni əgər almanca təhsil almağı seçsəniz, o zaman müsahibə də alman dilində olacaq. Müsahibəni Almaniyadan gəlmiş professor heyəti keçirir. Müsahibə zamanı əksər suallar universitet fənlərinə aid olur və daha çox nəzəri xarakter daşıyır.

Müsahibəyə ən azı 1 həftə öncədən hazırlaşmaq məsləhətdir.