Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-25 15:30:00
Bəzi müəllimlərin “qara kabusu” – müsahibə mərhələsi ilə bağlı vacib tövsiyə - Eskpertdən sadə metodlar

“Dərs tədris etmək çox zövqverici işdir. Sadəcə, bir çox hallarda müəllimlər bunun necə olduğundan ya xəbərdar deyillər, ya maraqları yoxdur, ya da dil bilgisi onlar üçün araşdırma aparmaqda baryer rolunu oynayır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil mütəxəssisi İlkin Həsənov deyib. O, müəllimlərin işə qəbul imtahanlarının müsahibə mərhələsi barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, müsahibədə əsasən bu tip sualların verilmə ehtimalı var:

“Müsahibənin proqramı hələ dəqiqliyi ilə bəlli deyil. Yəni, xüsusi bir proqram yoxdur. Müsahibədə nazirlik nümayəndələri və məktəb direktorları iştirak edirlər. Müsahibə prosesində ixtisas, kurikulum, “Təhsil haqqında” qanun və s. ilə bağlı suallar verilə bilər”.

Ekspert kurikuluma hazırlıq kurslarının onun mahiyyətinə tam toxunmadığını, bu səbəbdən müəllimlərin çətinlik yaşadığını bildirib:

“Müsahibə zamanı aydın olur ki, müəllimlər adətən kurikulumu anlamaqda çətinlik çəkirlər. Belə ki, kurslar müəllimləri əsasən, imtahan prosesinə hazırlayır. Əsl mahiyyətə isə toxunulmur. O səbəbdən, müəllimlər kurikulumla bağlı verilən suallara tam dolğun cavab verə bilmirlər”.

Onun sözlərinə görə, bəzən müsahibədə imtahanda  yüksük bal toplamış namizədlərin müəllimliyə elə də uyğun olmadıqları aydınlaşır:

“Müəllimlərin dünyagörüşü və intellektual səviyyələri müxtəlifdir. Çox və  az hazırlıqlı müəllimlər var. Bəzən, müsabiqədə yüksək bal toplamış namizədlərin müsahibə prosesində müəllimlik peşəsinə elə də uyğun olmadıqları üzə çıxır. Müəllimlik digər peşələrdən onunla fərqlənir ki, bu peşə sahibi mümkün qədər hərtərəfli olmalıdır. Belə ki, qarşı tərəfi dinləmə bacarığı olan, empati qura bilən, yüksək insani keyfiyyətlərə malik, refleksiya etməyi bacaran, öyrənməyə açıq və daim öz üzrəində işləməyə hazır insanlar bu peşəyə uyğundurlar”.

O, müəllimlərə müsahibə mərhələsi ilə bağlı vacib məsləhətlər verib:

“Tövsiyəm odur ki, ömür boyu öyrənmə prinsipinə uyğun olaraq özlərini daim yeniləsinlər. Dəyişən həyatla ayaqlaşmaq lazımdır. Təlim prosesində beynəlxalq yanaşmaları araşdırsınlar. Əslində, dərs tədris etmək çox zövqverici prosesdir. Sadəcə, bir çox hallarda müəllimlər bunun necə olduğundan ya xəbərdar deyillər, ya maraqları yoxdur, ya da dil bilgisi onlar üçün araşdırma aparmaqda baryer rolunu oynayır. Təlim-tədris prosesi ilə bağlı çoxlu mənbə, məqalə oxumaq, inetrnetdə araşdırma aparmaq lazımdır ki, bu da nəticədə nəinki təkcə müsahibə mərhələsində, həmçinin müəllimlərin sonrakı fəaliyyətində də mühüm rol oynaya bilər”.

Qeyd edək ki, MİQ imtahanlarının müsahibə mərhələdə namizədlərin psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibəyə çağırılan namizədlərə təsadüfi seçim əsasında ixtisası üzrə bir mövzu təqdim olunur. Namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər. Namizədlərin cavabları elektron qaydada qiymətləndirilir və protokollaşdırılır. Müsahibə mərhələsində namizədlərə ixtisaslarına uyğun olaraq,  təqdim olunacaq mövzular öncədən elan olunur və internet səhifəsində yerləşdirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları