Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-25 14:00:00
UFAZ-a qəbul imtahanında rekord sayda abituriyent iştirak edib - FOTO  

İyulun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçirilib.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş qəbul imtahanında I qrup üzrə 500-dən çox bal toplayan 523 nəfər abituriyent UFAZ-a qəbul imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Abitiriyentlərdən 400 nəfəri Azərbaycan, 123 nəfəri isə rus bölməsi üzrə imtahanlarda iştirak etmək istəklərini ifadə ediblər. UFAZ-a qəbul imtahanında iştirak etmək istəyən abituriyentlərin DİM-in keçirdiyi mərkəzləşdirilmiş qəbul imtahanlarında topladıqları bal 500-700 bal arasında dəyişir. UFAZ-da hər bir ixtisas üzrə 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.

UFAZ-a qəbul imtahanları ilə bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotta Payen, UFAZ-ın elm üzrə eksperti Pierre Collet, UFAZ-ın Kompüter Elmləri ixtisasının proqram direktoru Ann Janin Jirardon jurnalistlərin suallarını cavablandırıblar.

UFAZ-a göstərilən marağa görə media nümayəndələrinə təşəkkürünü bildirən ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlki illərlə müqayisədə UFAZ-a marağın artdığını qeyd edib. UFAZ-ın artıq cəmiyyətdə nüfuz qazandığını bildirən rektor bunun Təhsil Nazirliyinin ölkədə ali təhsil sahəsində apardığı işlərin sayəsində mümkün olduğunu vurğulayıb. I ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi mərkəzləşdirilmiş imtahanlarda 880 abituriyentin 600-dən yuxarı bal topladığını qeyd edən rektor M.Babanlı onlardan 262 nəfərinin UFAZ-a qəbul imtahanları üçün qeydiyyatdan keçdiyini və bunun olduqca yüksək göstərici olduğunu vurğulayıb.

İmtahan prosesi saat 10.00-dan 12.00-dək davam edib. İmtahanda abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb və ingilis dilində qrammatik çalışma və esse yazıblar.

İmtahan prosesi davam edərkən rektor, professor Mustafa Babanlı imtahanda iştirak edən abituriyentlərin valideynləri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.

İmtahandan sonra UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər. UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər. İmtahan nəticələri iyulun 27-də elan olunacaq. Nəticələrdən qane olmayan abituriyentlər üçün iyulun 28-də appelyasiyaya müraciət etmək imkanı yaradılıb.

Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) əldə edəcəklər.

Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ilin sentyabrında keçirilən ikitərəfli görüşdə Azərbaycan Respublikası və Fransa Respublikası prezidentlərinin təşəbbüsü ilə yaranan layihədir. 2015-ci ilin aprel ayının 25-də iki ölkə prezidenti UFAZ-ın yaranması barədə sənəd imzalayıb, mayın 22-də isə Azərbaycan Respublikası Prezidenti Azərbaycan-Fransız Universitetinin yaranması barədə Sərəncam imzalayıb.

UFAZ-da bütün ixtisaslar üzrə tədris bir il hazırlıq və 3 il əsas tədris olmaqla 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini də öyrənirlər. Tədris fransız proqramı əsasında aparılır.