Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-29 15:17:00
İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə sentyabrın 19-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

AzEdu.az xəbər verir ki, imtahan vermək istəyən namizədlərin qeydiyyatı sentyabrın 17-si saat 14:00-dək aparılacaq. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında kompüter vasitəsilə keçiriləcək.

 

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları ilə DİM-in saytında tanış olmaq mümkündür. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

 

Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar “Tələbə-məzun” dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır. Namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. Bu halda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş namizəd ona aid məlumatların “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi üçün bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir. Xaricdə təhsil almış namizədlər və sistemdə ali təhsil haqqında məlumatı olmayan digər namizədlər DİM-ə (Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M və ya DİM-in regional bölmələrinə) müraciət etməlidir. Məlumatları "Tələbə-məzun" dövlət elektron məlumat sisteminə daxil edilmiş namizədlər qeydiyyatdan keçə bilərlər.

 

Qeydiyyatdan əvvəl namizədlər təhsil haqqında məlumatlarının "Tələbə-məzun" dövlət elektron məlumat sistemində olub-olmadığını "Elektron hökumət" portalından DİM-in “Vətəndaş haqqında “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən çıxarış” elektron xidməti vasitəsilə öyrənə bilərlər.