Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-27 15:00:00
Müəllimlərin işə qəbulu üzrə müsahibələr izlənilib

Avqustun 25-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini izləmək üçün Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib.

 

Mediatur Təhsil Nazirliyinin əməkdaşları, tanınmış ictimaiyyət nümayəndələri və KİV təmsilçilərinin iştirakı ilə baş tutub.

 

İyulun 5-dən start verilən 2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin son mərhələsi də başa çatıb. Müsahibə mərhələsinə 4 mindən çox namizəd qatılıb.

 

Avqustun 18-dən başlanan bu mərhələdə müsabiqənin test imtahanında 30 və daha yüksək bal toplayan namizədlər iştirak edib. Belə ki, 19 fənn -Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə və coğrafiya üzrə vakansiya mərhələsinə buraxılan 26899  namizəddən vakant yer tutan 4973 nəfər müsahibəyə dəvət edilib. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılıb. Prosesə 23 komissiya cəlb olunub. Müsahibələr ötən ildən fərqli olaraq onlayn deyil, ənənəvi qaydada aparılıb və mərkəzləşdirilmiş formada yalnız Bakıda təşkil olunub.

 

Uğur qazanan namizədlərə zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etmək üçün avqustun 30-u saat 18:00-dək vaxt verilib. Onlardan şəxsiyyəti təsdiq edən sənəd, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əgər varsa, əmək kitabçasının əsli, 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarışı vaxtında yerli təhsili idarəetmə orqanına gedərək təsdiq etdirməlirlər. Namizədlər çıxarışının təsdiq olunub-olunmadığından əmin olmaq üçün sənədlərini təqdim etdikdən sonra son dəfə şəxsi səhifələrinə daxil olaraq yoxlamağı unutmamalıdırlar. Çünki yalnız çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunanların işə  qəbulu  rəsmiləşir.  Çıxarışını  təsdiq  etdirməyənlərin isə müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edənlər kimi növbəti turlarda iştirakı təmin olunmur.

 

Dünən 2021-2022-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi mərhələsi də başa çatıb. Bu prosesə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplayan 11 mindən artıq namizəd qatılıb. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilən prosesdə namizədlər 4 vakant yer seçiblər. Yerləşdirmə başa çatdıqdan sonra onların iddia etdikləri yerə uyğun olub-olmadıqları müəyyənləşəcək və uğur qazananlar təyin olunduqları təhsil müəssisələrinin 1 il müddətində müəllimi olacaqlar.

 

Qeyd edək ki, yeni yaranan, əvvəlki turlarda tutulmayan vakant yerlər  növbəti turlarda da vakansiyaya çıxarılacaq. Həmçinin tədris ili ərzində  yaranan vakant yerlərə əlavə yerləşdirmə həyata keçiriləcək.

 

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə qatılan namizədlər də diqqətli olmalıdır. Belə ki, müsabiqənin müddətli müqavilə ilə işə qəbul turlarında vakant yer tutduqdan sonra imtina edən namizədlərin də növbəti turlarda iştirakı təmin olunmayacaq. Müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün isə tədris ili ərzində daimiləşmə müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulub.

 

Mediatur zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Ruhiyyə DAŞSALAHLI