Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-26 13:00:00
Xərçəngə qalib gələrək, tələbə olan Samir: “Yaddaşımı itirmişdim, valideynlərimi zorla tanıyırdım” -MÜSAHİBƏ

 

Hər  il  bir  çox  abituriyent  müəyyən  çətinliklərlə  mübarizə  apararaq  ali  təhsil  müəssisələrinə  qəbul  olunur. 

 

Bu  gənclərimizdən  biri  də  Samir  Abdullayevdir. Samir  Azərbaycanda xərçənglə mübarizə apararaq universitetə qəbul olan bəlkə də ilk tələbədir. 

 

Orta  məktəbdə  oxuyarkən xərçəng xəstəliyindən əziyyət çəkən və 3 ilə yaxın xəstəxanada qalaraq əməliyyat  keçirən, kimya terapiyalar alan gəncimiz bütün çətinliklərə  baxmayaraq  istədiyi  universitetə  qəbul  olmağı bacarıb.

 

AzEdu.az, - “Uğur  əngəl  tanımaz”- deyərək  təhsil  almaq  üçün  mübarizə   aparmaqdan  əl  çəkməyən  bu  gənclə  müsahibəni  təqdim  edir.

 

Əvvəlcə  onu  öz  dilindən  tanıyaq...

 

Mən Abdullayev Samir Qurban oğlu, 27 yanvar 2002 -ci il tarixində Ağdaş rayonunda  anadan olmuşam. Özümdən  kiçik iki qardaşım var. Biri hazırda  11-ci sinifdə  oxuyur, digərinin isə  6  yaşı var.

 

-Orta məktəb illərində dərslərə hazırlığınız necə idi? Nə kimi aktivlikləriniz olub?

 

-Məktəb  illərim  çox  gözəl keçib. Olimpiadalarda  qalib  olmuşam, həmçinin  sınaq  imtahanlarında  yaxşı  nəticə  göstərmişəm. Bir çox kurslara  gedirdim. Hər  zaman  sınaq  imtahanlarında  yüksək  nəticə  göstərərək  müəyyən  yerlər  tutduğum  üçün  region  kurslarında  ödənişsiz  tədris  hüququ  qazanırdım.

Məktəb  tədbirlərində, yarışlarda  hər  zaman  aktiv  idim. İştirak  etdiyim  müsabiqə  və  yarışlarda  hər  zaman  uğur  qazanırdım, müəllimlərim  məni  sevirdi. Məktəb  illərindən  bir  çox  diplom  və  Fəxri Fərmanlarım  var.

 

-Xəstəliyinizi  ilk  nə  zaman  və  necə  öyrəndiniz? Bu sizin təhsilinizdə nə kimi çətinliklərə səbəb oldu?

 

-10-cu  sinifə  hələ  yeni  başlamışdım. Bir gün  ayağımda  şiş  olduğunu  gördüm, əmimgilə  gələn  həkimə  göstərdim. Həkim  bunun  yaxşı  bir şey  olmadığını, müalicə  üçün  ya  Türkiyə  ya  da  İrana  göndərilə  biləcəyimi  dedi. Daha  sonra  Ağdaş Rayon  Xəstəxanasına  getdik, oradan  isə  bizi  Bakıya  göndərdilər. Bakıda  mənə  sümük  xərçəngi  diaqnozu  qoyuldu. 3-4  ay  ciddi  müayinədən  sonra  əməliyyat  olundum. Əməliyyatdan  sonra  çox  ağır  günlər  keçirdim, hardasa  bir  il  boyunca  xəstəxanada  yatdım. Eyni  zamanda  o  ərəfələrdə  maddi baxımdan da  çox  ciddi  problemlər  yaşadıq. Hadisədən  3  il  keçib, ancaq  biz  hələ  də  o  zamank;  borcları  ödəyirik. Bu  xəstəlik  təhsilimə  çox  böyük  çətinliklər  yaratdı. Yaddaşımı  itirdim, hətta  valideynlərimi  belə  güclə  tanıyırdım. Qəbul  imtahanlarına  hazırlaşa, heç  bir  şey  edə  bilmirdim. Yenə  də  düşünürdüm  ki, şükür  etmək  lazımdır,deməli, xeyirlisi bu  imiş.

 

-Bu mübarizədə ən böyük dəstəkçiniz kim idi?

 

-Bu  mübarizədə  ailəmlə  yanaşı  mənə  ən  çox  dəstək  olan, həyatımı  qurtaran  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım  Əliyeva  oldu. 5  gün  idi  ki, xəstəxanada  yatırdım. Bir  iynə  vurulmalı  olduğu üçün  ac-susuz  idim, ancaq  iynə  vurulduqdan  sonra  yemək  yeyə  bilərdim. Həkim  həyatımın  təhlükədə  olduğunu  dedi. Bundan  təxmini 2-3  saat  sonra  Leyla  xanım  mənə baş çəkib,  pis  vəziyyətdə  olduğumu  gördü. Dərhal  müalicəm  üçün lazımı tədbirlər görüldü,  iynələr  vuruldu  və  müalicəm  tamamlandı. Demək  olar  ki, həyatımı  Leyla  Əliyevaya  borcluyam.

 

-Azərbaycanda xərçənglə mübarizə apararaq universitetə qəbul olan bəlkə də  ilk tələbəsiniz. Bu çox böyük qalibiyyətdir, təhsilə olan həvəsiniz, mübarizə əzminiz təqdirəlayiqdir. Yəqin ki, bu vəziyyətdə imtahanlara hazırlaşmaq o qədər də asan olmadı. Bir az qəbul prosesinə hazırlığınızdan danışardız...

 

-Bəli, həqiqətən  çox  ağır  vəziyyətdə  idim,yaddaşımı  itirmişdim. Düşünürdüm  ki, artıq  qəbul  imtahanı  verməyim, bunu  bacarmayacağam. Amma  yenə  də  geri  çəkilmədim. İmtahanlara  az  qalmasına  baxmayaraq, oxumağa, ciddi  şəkildə  hazırlaşmağa  başladım. Kitab  oxuyurdum, gözümün  önündə  hərflər  qarışırdı, başım  fırlanırdı. Bu  səbəblə  bir  mətni  10-15  dəfə  təkrar-təkrar  oxuyurdum. Bu  yolda  Ağdaş  rayonunun  region  kursunun  müəllimləri  mənə  çox  yardımçı  oldular. Bir də  rayonumuzun  Yuxarı  Ləki  kənd  müəllimi  Nəzakət  müəllim  çox  köməklik göstərdi. Artıq  imtahan  zamanı  gəldi. Mənə  insan  içinə  çıxmaq  olmazdı.Bu  səbəblə  üç  saat  davam  edən  imtahanda   mən  bir  saat  çətinliklə  dayana  bildim.  Daha  sonra  imtahanların  nəticələri  açıqlandı və  ixtisas seçimlərində iştirak  etdim. Nəticə  olaraq  7-ci  sinifdən  etibarən  arzusunda  olduğum  universitetə, Azərbaycan  Turizm və Menecment  Universitetinə  qəbul  oldum. Çox  çətinliklərdən  keçsəm də, sonunda  bunu  bacardım.

 

-Bildiyimiz qədər,  hazırda Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsisiniz. Məqsədiniz olan tələbə adını uğurla qazandız. Dərsləriniz, universitetdə kollektivlə münasibətiniz necədir?

 

-7-ci  sinifdən  etibarən  hər  kəsə  deyirdim  ki, Azərbaycan  Turizm  və  Menecment  Universitetində  təhsil  almaq  istəyirəm. Çünki  qəbul  olmadan  öncə  bu  barədə  yaxşı  araşdırma  etmişdim. Şəffaf  təhsil, peşəkar  müəllimlər  məni  burada  təhsil  almağa  həvəsləndirdi. Hazırda  universitetimizin  ən  aktiv  tələbələri  sırasında  demək  olar  ki, ilk  üçlükdəyəm, hətta  birinci  yerdə də  demək  olar. Qrup  koordinatoruyam,Turizm  bələdçiliyi  ixtisasında  təhsil  alıram. Dünyanın  ən  məşhur  bələdçilərindən  olmaq  və  Azərbaycanın  turizm  potensialını  dünyaya  göstərmək  istədiyim  üçün  bu  ixtisası  seçdim.

 

-Sağlamlığınızla bağlı son durum nədir?

 

-Xərçəngə  qalib  gəldim,hazırda  əsaların  dəstəyi  ilə  gəzirəm. Əsalar  olmadan  bir-iki  addım  atmağa  başlamışam, ən azından buna çalışıram. Ancaq  yenə  əsas  əsaların  dəstəyi  ilə  gəzirəm. Sağlamlığımla  bağlı  hər  şey  yolundadır.

 

-Gələcək üçün nə kimi planlarınız var?

 

-Azərbaycan  Tələbə  Gənclər  Təşkilatında  işləmək  reallaşdırmağı  çox  istədiyim  bir  arzumdur. Qeyd  etdiyim  ki, ölkəmizin  turizm  potensialını  dünyaya  çatdırmaq, dünyaca  ən  məşhur  bələdçilərdən  olmaq  istəyirəm. Nəticədə  ölkəmizə  daha  çox  turislər  cəlb  olunsun, ölkə  iqtisadiyyatıma  xeyir  verilsin, Azərbaycan  daha  da  inkişaf  etsin  istəyirəm. İstəyirəm  ki, millətimin  yaşam  rifahı  daha  da  yaxşılaşsın.


-Çox böyük mübarizə nəticəsində təhsilini davam etdirən biri olaraq sübut etdiniz ki, uğur əngəl tanımır. Son olaraq ali təhsil almaq istəyən, amma sizin kimi çətinliklərlə üzləşən insanlara nələr demək istəyərdiniz? Onlara nə kimi tövsiyələriniz olar?

 

-Mən  təhsilimi  davam  etdirməklə  sübut  etdim  ki, bunun  üçün  xəstə  və  sağlam  arasında  fərq  yoxdur. Bu  yolda  hər  zaman  dediyim  bir  devizim  var: “Uğur  əngəl  tanımaz,bəhanələrə  sığınmaq  lazım deyil”. Uğur  əsla  əngəl  tanımır,mən  bəhanələrə  sığınmadım,əlimdən  gələni  etdim.Çünki  insan  nəyi  istəsə  bacara  bilər. Hər  birimizin  həyatımızda  gündəlik  bəhanələrimiz  var. Bu  bəhanələrə  sığınmaq  lazım  deyil,çünki  sığəndıqca  onlar  bizi  aşağı  çəkir. Bir  də  baxırıq  ki, vaxt  gedir,ancaq  biz  heç  nə  bacara  bilməmişik. Nə  etməliyiksə  onu  ya  indi  edək, ya  da  heç vaxt. Xəstəliyə  qalib  gəlməyimə  kömək  olan  əsas  iki amil  var idi: şəxsi  intizam  və  reputasiya.Sizin  haqqınızda  kimindənsə  xoş  sözlər  eşitmək  sizdə  xoşbəxlik  yaradır və gələcəyə,görəcəyiniz işə  həvəsinizi  artırır,motivasiyanız  yüksəlir.İstəyirsiniz  ki, daha  çox  çalışıb, daha  çox  xoş  söz  eşidəsiniz. Bu  reputasiyadır. Şəxsi  intizam  isə  motivasiyamız  olmadan  nə  isə  etmək  bacarığıdır. Şəxsi  intizam  əzələ  kimidir,onu  daim inkişaf  etdirmək  lazımdır. Bu  bacarıq  zəhmətkeş  və  ağıllı  insanlarda  daha çox  inkişaf  edir. Bu  yönü  inkişaf  etdirməyə,məsələn, hər  səhər  iki  dəfə  zəngli saat  qurmaq  əvəzinə,bir  dəfə  qurub,çaldığı  zaman  ayağa  qalxacağımıza  söz  verib  buna  əməl  edərək  başlaya  bilərik. Şəxsi  intizamımızı  gücləndirərək  daha  çətin  işlərin  öhdəsindən  gələ  bilərik. Mən  də eyni  bunları  etdim  və  köməyini  gördüm. Uğur  insana  rahat  şəkildə  gəlmir. Onu  qazanmaq  üçün  enerji  sərf  etməli, çox  çalışmalıyıq.

 

Samir  son  olaraq  təhsilini  davam   etdirmək  üçün  yaranan  çətinlikdən  danışıb:

 

-Biz  rayonda  qalırıq, universitetlərin  açılmağına  isə  az  qalıb. Mən  Bakıda  könüllülüklə  məşğul  olur  və  dil  kurslarına  gedirəm.Ancaq  təəssüf  ki, Bakıda  qalmağa  yerimiz  yoxdur.Tək  qala  bilmirəm,çünki  mənə  ev  yeməyi  və  xüsusi  baxım  lazımdır. Bu  səbəblə  təhsil  aldığım  müddətdə ailəmlə  qalmalıyam. Qalmaq  üçün  yer  olmadığı  üşün  isə  problem  yaranır.