Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-20 17:00:00
Azərbaycanlı doktorantın Türkiyədə kitabı nəşr olunub-“İkinci Qarabağ müharibəsi Türkiyə televiziyalarının diskussiya masasında”

Ərzurum Atatürk Universiteti Sosial Elmlər İnstitutu Jurnalistika kafedrasının azərbaycanlı doktorantı Nurlan Salamovun Türkiyədə kitabı nəşr olunub.

 

“İkinci Karabağ Savaşı Türkiye Televizyonlarının Tartışma Masasında” (“İkinci Qarabağ müharibəsi Türkiyə televiziyalarının diskussiya masasında”) adlı kitab İkinci Qarabağ müharibəsi vaxtı Türkiyənin əsas diskussiya verilişlərinin yayımlandığı kanallar olan “Habertürk” və “CNN Türk”də efirə getmiş veriliş bölümlərinin analizinə həsr olunub və üç fəsildən ibarətdir. Birinci fəsildə ritorika və diskussiya nəzəriyyəsi ilə onların tarixindən bəhs edilir.

 

İkinci fəsildə Dağlıq Qarabağ münaqişəsinin tarixi, mərhələləri, I və II Qarabağ müharibələri, onların beynəlxalq jurnalistika ritorikasında əksini tapması, özəlliklə Türkiyə mediasının yanaşması yer alıb. Üçüncü fəsildə isə seçilmiş televiziya kanallarındakı tədqiqata cəlb olunan proqram bölümlərinin analizi öz əksini tapıb. Əsər müəllifin doktorantura seminarı mətninin təkmilləşdirilmiş və əlavələr edilmiş versiyasıdır. Ümumi həcmi 184 səhifə olan kitabda mövzu ilə bağlı əlavələr, cədvəl və fotolar da aydınlandırıcı xarakter daşıyır. Əsərin hazırlıqları 2020-ci ilin oktyabrından başlanıb. Əsas elmi tədqiqat metodları olaraq ritorika analizi, semiotika və kontent analiz götürülüb. Qeyd edək ki, bu, müəllifin sayca ikinci kitabdır. “15 iyul” və media” adlı ilk kitabı 2018-ci ildə Bakıda nəşr olunub.