Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-20 15:36:00
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə son mərhələ - müsahibə gedir

Tezliklə müddətli müqavilə ilə də işə qəbul başlayacaq

 

İyulun 5-dən start verilən 2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə son mərhələsinə çatıb. 19 fənn - Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə və coğrafiya üzrə vakansiya mərhələsinə buraxılan 26899  namizəddən vakant yer tutan 4793 nəfər müsahibəyə dəvət edilib. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Prosesə 23 komissiya cəlb olunub. Müsahibələr ötən ildən fərqli olaraq onlayn deyil, ənənəvi qaydada aparılır. Avqustun 18-dən start verilən bu mərhələnin ilk günü müsahibələrin təşkil edildiyi Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib. Jurnalistlər komissiya qarşısına çıxacaq və ya müsahibədən keçmiş namizədlərlə görüşərək onların hiss və həyəcanını bölüşməyə çalışıblar.

 

“Bu mərhələyə yaxşı hazırlaşmışam”

 

Onlardan biri Fazilə İsrafilovadır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika müəllimliyi ixtisası üzrə məzunu həm də Sumqayıt Dövlət Universitetində magistr təhsili alıb. Bu, onun müəllimlərin işə qəbulu müsabiqəsində ilk iştirakı deyil. O, 2020-ci ildə uğurla iştirak edərək Kəlbəcər rayon 120 nömrəli tam orta məktəbə fizika müəllimi təyin edilib. Bu il yenidən müsabiqəyə qatılaraq Şəki rayonu Suçma kənd tam orta məktəbindən çıxarılan vakansiyanı tutub: “Artıq 2 ildir müsahibə mərhələsində iştirak edirəm. Bu mərhələyə yaxşı hazırlaşmışam. Ümid edirəm ki, uğur qazanacağam”.

 

“Şagirdlərimlə çox gözəl əl işləri hazırlayacağıq”

 

Xanəstə Əliyeva isə texnologiya müəllimidir: “Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları mərhələsində 53 bal topladım və müsahibə mərhələsinə dəvət olundum. Müəllimliyi də, ixtisasımı da çox sevirəm. Özüm necə maraqla işləyirəmsə, şagirdlərimə də eyni vərdiş və bacarıqları aşılayacaq, onlarla çox gözəl əl işləri hazırlayacağıq. Lentlərdən komissiyaya təqdim etmək üçün əl işimi hazırlayıb gətirmişəm. Ümid edirəm, onlar üçün də maraqlı olacaq”.

 

“Bu mərhələdən də uğurla çıxacağam”

 

Dünya Hüseynova da texnologiya müəllimliyi üzrə müsahibəyə dəvət olunub: “Xeyli müddətdir müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlaşıram. Test imtahanı mərhələsindən 51 bal toplayaraq uğur qazandım. Müsahibə mərhələsi mənim üçün digər mərhələlərdən daha həyəcanlıdır. Ümid edirəm, bu mərhələdən də uğurla çıxacağam”.

 

“Müsabiqəyə hazır olduğum üçün...”

 

Əhməd Əhmədsoy isə fiziki tərbiyə müəllimliyi üzrə müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanan namizədlərdən biridir: “Nə test imtahanları mərhələsi, nə də müsahibə mənim üçün çətin oldu. Hər halda müsabiqəyə hazır olduğum üçün mənə asan gəldi”.

 

“Nəticənin uğurlu olacağına inanıram”

 

İbrahim Muradov müsahibəyə riyaziyyat müəllimliyi üzrə qatılıb. Xaçmaz rayonundan olan namizəd komissiyanın psixoloji testindən uğurla keçdiyini düşünür: “İxtisasım, ümumi dünyagörüşü, metodika ilə bağlı suallar verdilər. Cavabını bildiklərimi əsaslandırdım. Nəticənin uğurlu olacağına inanıram”.

 

“Sinif otaqlarında da müsabiqədə olduğu kimi uğur qazanacağam”

 

Aytac Şahverdiyeva “Rəqəmsal bacarıqlar” layihəsi üzrə uğur qazanaraq müsahibə mərhələsinə dəvət alan 166 namizəddən biridir: “Test imtahanı mərhələsində 51 bal topladım. Müsahibə komissiyasının qarşısında da uğurla çıxış etdim. Komissiya üzvlərinin ixtisasım, ümumi dünyagörüşümlə bağlı suallarına cavab verdim və əminəm ki, tezliklə müəllim kimi sinif otaqlarında da müsabiqədə olduğu kimi, uğur qazanacağam”.

 

Vakansiyaların bölgüsündə proporsiya

 

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli jurnalistlərə bildirib ki, müsabiqə tarixində ilk dəfə olaraq “Rəqəmsal bacarıqlar” layihəsi üzrə müəllimlərin işə qəbulu da müsabiqə çərçivəsində həyata keçirilir. Bu layihədə iştirak etmək üçün uğur qazanan 166 nəfər də daxil olmaqla müsahibələrə informatika, riyaziyyat, kimya, fizika, alman dili, fransız dili,  fiziki tərbiyə, təsviri incəsənət fənləri üzrə namizədlərlə start verilib. Bu gündən Azərbaycan dili, həmçinin rus dili və ədəbiyyatı fənni üzrə namizədlərin də müsahibələri keçirilir.Proses avqustun 26-dək davam edəcək və müsahibəyə dəvət hər namizədin öz şəxsi kabinetinə göndəriləcək. 

 

Vakant yerlərin şəhər və kəndlər üzrə bölgüsündə proporsiyasının bərabər olduğunu vurğulayan Mərkəz direktorunun sözlərinə görə, həmin yerlərə iddialı namizədlərin arasında qadınlar sayca üstünlük təşkil edir. Azərbaycan dili bölməsi üzrə namizədlərin fəallığı da aşkar hiss olunur.

 

Müsahibələrə gəlməyənlərə...

 

Müsahibə mərhələsində uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar. Avqustun 26-dək davam edəcək müsahibə mərhələsinə gəlməyən namizədləri isə qazanc deyil, itki gözləyir. N.İsmayılbəylinin sözlərinə görə, bu addımları onların yerləşdirildikləri vakant yerdən imtinası kimi dəyərləndirilir: “Odur ki, həmin namizədlərin müddətli müqavilə ilə işlə təmin olunması da imkan xaricində olacaq”.

 

Müddətli müqavilə ilə işə qəbul prosesinə isə yaxın günlərdə start veriləcək. Bunun üçün hazırlıq işlərinə başlanılıb. Bakı şəhəri üzrə 300-ə yaxın, peşə təhsili müəssisələrində ümumi təhsil fənləri üzrə 100-ə yaxın vakant yerin sistemə daxil edilməsi gözlənilir.

 

Proses başlayanda vaxtında xəbər tutmaları üçün namizədlər nə etməlidir?

 

N.İsmayılbəyli müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balı toplayan, lakin vakant yer tutmayan namizədlərə Təhsil Nazirliyinin sosial media hesablarını izləmələrini tövsiyə edib.

 

Xatırladaq ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 62242 namizəd müraciət edib. Onlardan 59153 nəfəri müsabiqənin test imtahanı mərhələsində iştirak etmək hüququ əldə edib. Ümumilikdə 21 iş gününü əhatə edən və ölkə üzrə 12 imtahan mərkəzində həyata keçirilən imtahanlarda 46930 namizəd iştirak edib.

 

Ruhiyyə DAŞSALAHLI