Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-23 17:07:00
“Tibb kollecini bitirənlər birbaşa universitetə qəbul olunmalı, qəbul imtahanları isə ləğv edilməlidir” – Heyrətləndirici açıqlama  

“Əgər biz ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda  iştirak edib, birbaşa Tibb Universitetinə qəbul olan şəxslə, kolleci bitirib tibb ixtisasına daxil  olanı müqayisə etsək,  görəcəyik ki, ikincilər daha yaxşı və peşəkar səviyyədədir”. 

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Kamran Əsədov deyib. Onun sözlərinə görə, tibb kollecini bitirənlərin universitetə birbaşa qəbul şansı gözəl addımdır:

“2019-cu ildə tibb kollecini bitirənlər Tibb Universitetinə sənəd verə biləcəklər. Düşünürəm ki, bu, çox effektli olacaq. Əslində, bəzi adamlar mahiyyətini başa düşmür və narazılıq edirlər ki, niyə kollec məzunu imtahansız universitetə qəbul olur? Lakin bu, əslində, çox gözəl addımdır və əla da nəticəsi olacaq.

İlk növbədə nəzərə almaq lazımdır ki, kollecdən universitetə qəbul olunan şəxs həmin  ixtisas üzrə müəyyən bilik və bacarıqlara malik olan şəxsdir.

Yəni tələbə ixtisasına adi səviyyədən başlamayacaq. Onun həmin ixtisas barədə digər qəbul olan abituriyentlərlə müqayisədə məlumatlı olacaq.

Əgər biz ali məktəblərə qəbul üçün keçirilən imtahanlarda  iştirak edərək birbaşa Tibb Universitetinə qəbul olan şəxslə, kollec bitirib tibb ixtisasına qəbul olanı müqayisə etsək görəcəyik ki, kollec bitirən daha yaxşı və peşəkar səviyyədədir.

Kollec məzunlarının da qoyulan tələblərə uyğunluğu vacibdir. Hazırda kollecdən universitetə qəbul olunmaq üçün akademik orta bal tələb olunur. Hesab edirəm ki, bu da azı 71 bal olacaq. Yəni ortalama toplanan tədris müddəti ərzində balı 71 və daha çox olanlar seçimə buraxılacaq”.

K.Əsədov vurğulayıb ki, qəbul imtahanlarında əldə edilən bal bilik səviyyəsi və göstəricisi deyil:

“Biz işəqəbul imtahanlarının nəticələrini təhlil edəndə görürük ki, 400-600 bal toplayanların göstəriciləri, 600-dən çox bal toplayan abituriyentlərin nəticələrindən yaxşıdır.

Kollecə qəbul olmaq istəyənlər V qrup üzrə 90 test tapşırığından azı 50-nə cavab verməlidir. Dünyanın ən yaxşı universitetləri adi təhsil sənədi ilə qəbul həyata keçirir. Yəni onlara lazımdır ki, bu şəxs oxuyub yaza, anlaya bilir ya yox! Kadr hazırlığı ali təhsil müəssisələrinin işidir. Amma bizdə universitetə qəbul olan abituriyentlərin artıq universitetin proqramını bilir”.

Tibb üzrə ekspert, professor  Adil Qeybulanın fikrincə isə, ümumiyyətlə, qəbul imtahanları ləğv olunmalıdır:

“Təcrübə göstərir ki, qəbul imtahanlarının heç bir üstünlüyü yoxdur. Düzdür, ali məktəbə qəbul zamanı orta məktəb balları nəzərə alınmalıdır. Çünki, orta məktəbdə uğurlu olan şəxs, ali məktəbdə də oxuya bilir. Oxuya bilməyənsə, bir neçə il cəhd edir, bacarmırsa,  çıxıb gedir öz işinin dalınca… Biz də dünya təcrübəsindən yararlanaraq, uğurlu sistem qurmalıyıq. Amma təəssüf ki, bunu bacarmırıq. Ona görə də, hesab edirəm ki, bu mərhələli şəkildə olan imtahanlar özünü doğrultmur. Ali məktəblərdə şəffaf  mühit yaratmaq, müəllimlərin maaşını yüksəltmək lazımdır.

Amma mövcud durumda bizim bəzi problemlərimizə, ümumiyyətlə, çıxış yolu tapmaq mümkün deyil. Hərhalda özümüzdən Amerika kəşf etməkdənsə, dünya standartlarını qəbul edib, o cür addım atmalıyıq”.

Qeyd edək ki, "Təhsil Haqqında Qanun"a edilən və təsdiqlənən dəyişikliklərdən biri də ali məktəblərə qəbulla bağlıdır. Belə ki, növbəti illərdə kollectəhsilli şəxslər universitetlərə müsabiqəsiz qəbul olunmaq şansı qazanacaqlar.