Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-15 16:25:00
İnnovasiyalar və kreativ yanaşmaların simaları  

V qrant müsabiqəsinin yenilikçi qalibləri ilə tanış olaq

 

Son  illər ölkəmizin təhsil sistemində inkişaf və innovasiya xarakterli layihələrin, müsabiqələrin həyata keçirilməsi müsbət ənənəyə çevrilib. Artıq 5-ci dəfədir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri ümumtəhsil məktəbləri  və müəllimlərimizin bu sahədə xüsusi fəallığına səbəb olub. Məktəblərimizə, müəllimlərimizə uğur gətirən bu təşəbbüsün təhsilimizə innovasiyalar, kreativ yanaşmalar vəd etməsi şübhəsizdir. 

 

Bu il keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin bir neçə qalibi ilə söhbətimizdə də buna əminlik hiss etmək mümkün oldu.

          

“Zəfər Dronları”

 

Çox əhəmiyyətli və təqdirəlayiq bir haldır  ki, 44 günlük Vətən müharibəsi müəllimlərimizin innovativ axtarışlarında da öz əksini tapıb. Bu mənada Gəncə şəhəri M.Füzuli adına 22 nömrəli tam orta məktəbin  biologiya müəllimi Aynurə Orucovanın  “Zəfər Dronları” layihəsi xüsusi aktuallığı və yeniliyi ilə seçilir. Layihə barədə müəllif özü məlumat verəcək.

 

- Ölkəmizin təhsil sisteminin və infrastrukturunun inkişaf səviyyəsinin dünyanın aparıcı təhsil sistemlərinin səviyyəsinə çatdırılması 2030-cu ilədək sosial-iqtisadi inkişaf sənədlərində əsas prioritet istiqamətlərdən biri kimi göstərilib. 44 günlük Vətən müharibəsində mühəndis və hərbçilərimizin istifadəsində olan çoxtəyinatlı dronların (PUA) fəaliyyəti, xüsusi “İtiqovan” dron seriyasının istehsalı xalqımız, o cümlədən Gəncə məktəbliləri tərəfindən xüsusi maraqla qarşılandı.  Bu baxımdan hesab edirəm ki, şagirdlərin müasir elmi-texniki biliklərinin, yüksək texnologiyalar sahəsinə marağının artırılması, robot texnikası üzrə ilkin prototiplərin hazırlanmasına imkanların yaradılması, innovasiya sahəsində inkişaf meyillərinin əsası orta məktəbdən qoyulmalıdır. Bu bilik və bacarıqları Azərbaycanın təhsil və sosial-iqtisadi inkişafina ilkin investisiya kimi dəyərləndirmək olar. Şagirdlərimizin müasir texnologiya sahəsində əldə edəcəkləri biliklərin onların ixtisaslı mütəxəssis kimi hazırlığında mühüm rol oynayacağını qeyd etmək istərdim. Son dövrlər Azərbaycanda bu sahənin inkişafına maraq artmaqdadır.  Buna  baxmayaraq, şagirdlərimiz  XI  sinfə gəldikdə xüsusilə də texniki sahələrdə seçim zamanı qərar verməkdə əziyyət çəkir, bəzən yanlış seçim edirlər. Səbəb isə onların orta təhsil müddətində texniki sahələrlə bağlı praktiki biliklər əldə etməmələridir. Xüsusən də regionlarda təhsil alan şagirdlər bu imkanlardan faydalana bilmir. Belə mühitin olduğu dərsdənkənar dərnəklər Bakıda yaradılsa da, Gəncə kimi istedadlı uşaqların çoxluq təşkil etdiyi şəhərlərdə hələ də yoxdur. Bu da onların böyük qisminin istedad və bacarıqlarını ortaya çıxaracaq uyğun mühiti tapmamalarına və buna görə yalnış sahəyə yönəlmələrinə səbəb olur.Ona görə də Gəncə şəhərində bu sahənin inkişafı üçün işlərin aparılması və şagirdlərin potensial imkanlarının inkişaf etdirilməsi nəzərdə tutulub. 44 günlük Vətən müharibəsində Gəncənin-qəhrəman şəhərin sakinləri və şagirdlər bir çox çətinliklərin öhdəsindən gəldilər. Bu gün bu şagirdlərin innovativ  fəaliyyətlərə cəlb edilərək “Zəfər dronları”nı hazırlayıb sülh məqsədi ilə aqrotexniki, turizm, daşımaçılıq və s. kimi sahələrə inteqrasiya etməsi, həm onların istedadlarının aşkarlanmasına, həm psixoemosional davamlılığına, həm də təhsilimizin inkişafına öz töhfələrini verə biləcək. Layihənin məqsəd və vəzifələri Gəncə məktəblilərinin elmi-texniki innovativ istiqamətlərdə fəaliyyətlərə cəlb edilərək müxtəlif təyinatlı dronlar hazırlaması, yarışlarda sınaqdan keçirməsi, bununla da mühəndis-dizayn, rəqəmsal və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməkdir.
 

Şagirdlərin layihəyə maraqlarını  və uyğunluğunu müəyyən etmək üçün onlarla  müsahibə keçiriləcək. Ümumtəhsil məktəblərindən 8-13 yaş arası 20 şagird seçildikdən sonra onların 15 günlük təlimlərə hazırlıq prosesi baş tutacaq. Burada şagirdlər təməl kompüter bilikləri ilə təmin olunacaqlar. Təlim müddətində  kodlama, proqramlaşdırma və dizayn kimi yüksək səviyyəli tədris veriləcəyi üçün şagirdlər ilkin kompüterdən  istifadə bacarıqlarına yiyələnəcəklər. Layihəmiz 4 ay boyunca həm Zoom platforması üzərindən, həm də əyani şəkildə pandemiya qaydalarına uyğun olaraq qruplar şəkilində keçiriləcək. Bu təlimlər müddətində şagirdlər çarx, motor, kağız, taxta və kimi hissələrdən istifadə edərək Dron hissələri, reaktiv raket,  hidravlik körpü, lift sistemi, günəş enerjisi ilə işləyən maşın kimi 3 ölçülü mexanizmlər quracaq və onların iş prinsipini öyrənəcəklər. Dron dizaynı təlimləri müddətində isə şagirdlər “Tinkercad” proqramından istifadə edərək 3D dizaynı öyrənəcəklər. Bu müddət ərzində onlar döngü, koordinatlar, əmrlərin yerinə yetirilməsi və s. kimi proqramlaşdırma terminlərinin iş prinsipini anlayacaq və professional proqramlamaya giriş edəcəklər. Şagirdlər tərəfindən qurulacaq dronlar elə onların özlərinin yazdığı proqram sayəsində işləyəcək. Bundan əlavə, Gəncə şəhərinin fizika, riyaziyyat, texnologiya müəllimlərinə “Təhsildə innovativ istiqamətlər, mühəndis-dizayn düşüncəsi, təhsil Dronları” mövzusunda seminarlar təşkil ediləcək. Şagirdlər hazırladıqları mühəndis-dizayn məhsullarını, Dronlarını nümayiş etdirəcək, yarış uçuşları icra edəcək və Dronlarla əlaqəli təqdimatlarını, ideyalarını səsləndirəcəklər.

                               

“Zəfər bizimdir”

 

V qrant müsabiqəsinin  uğurlu layihələrindən biri  də “Zəfər bizimdir” layihəsidir. Müsabiqənin qaliblərindən  Lənkəran Ləj kənd N.Aslanov adına tam orta məktəbin müəllimi Aqşin Əliyev  layihəsi barədə  aşağıdakıları bildirdi:

 

- Bildiyimiz kimi, məktəblərdə müəllimlər yaxşı dərs oxuyan uşaqlara daha çox diqqət yetirirlər. Ancaq zəif oxuyan və ya heç oxumayanlar isə bəzən  diqqətdən kənarda qalır. Bizim bəzən laqeyd münasibət göstərdiyimiz uşaqlar isə torpaqlarımızın işğaldan azad olunması uğrunda 44 günlük müharibədə düşmənə divan tutub şanlı bir tarix yazdılar. Məhz bu üzdən də bir vətəndaş, bir ziyalı və bir müəllim kimi bu məsələ məni dərindən düşündürməyə başladı:  Öz canından keçib şəhid olan və bizi yaşadan Qarabağ müharibəsi iştirakçılarının övladlarını və ya qohumlarını mənən də olsa, biz niyə yaşatmayaq?  Elə ona görə də “Zəfər bizimdir” layihəsini işləyib hazırladım. Bu layihənin ana xətti Vətən müharibəsi iştirakçılarının övladlarının və ya yaxın ailə üzvlərinin onlayn dərslərə qatılmasına   maddi-texniki təminat baxımından dəstək verməkdir. Bildiyiniz kimi, koronavirusla bağlı məktəblərin bağlanması ilə məsafədən dərslərin keçilməsinə başlandı. Lakin rayon və kənd yerlərində dərslərin onlayn tədrisində problemlər yarandı, bir çoxlarının  onlayn dərs keçmək üçün kompüter və planşet tipli texniki vəsait almaq imkanı yox idi. Bu səbəbdən də mən bu layihə ilə Qarabağ müharibəsi iştirakçılarının övladlarının onlayn və interaktiv dərs keçməsi üçün maddi-texniki təminat problemini həll etməyi qarşıma məqsəd qoydum. Layihə müddətində bu problem öz həllini tapacaq.
 

 

Qeyd edək ki, lənkəranlı müəllim “Vətən müharibəsi – Zəfər tarixi” adlı kitab da yazıb. Kitabda  44 günlük Vətən müharibəsinin ilk günlərindən Müzəffər Azərbaycan Ordusunun düşmən üzərində tarixi qələbəsi xronoloji ardıcıllıqla  öz əksini tapıb.

                          

“Gələcəyi kodlaşdıranlar”

 

Cəlilabad şəhər akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Gülər Bayramovanın müsabiqəyə təqdim etdiyi layihə  “Gələcəyi kodlaşdıranlar” adlanır.Müasir dövrümüzdə çox aktual olan bu sahə şagirdlərin rəqəmsal texnologiyalardan istifadə bacarıq və səriştələrinin təşviqinə və stimullaşdırılmasına əsaslanır.

 

- Layihənin məqsədi 4-9 yaşlı uşaqlarda ilkin kodlaşdırma bacarıqlarının inkişaf etdirilməsi və robotlarla kompütersiz işləmək qaydasının öyrədilməsidir. 4 il əvvəl STEM haqqında ilk dəfə “European Schoolnet” kurslarında məlumat aldım və araşdırarkən bu metodun  ölkəmizdə yalnız yuxarı siniflərdə tətbiq olunduğunu öyrəndim. Düşündüm ki, nəyə görə təməldən başlamayaq? Sonra araşdırmamın davamı kimi “Robotik kodlama” ilə tanış oldum və “CodeWeek”də şagirdlərimlə birlikdə qeydiyyat edib müxtəlif tədbirlərə qatıldıq. Çoxlu qarşılıqlı kodlamalar etdik. Sinif otağımızda yerdə kodlama xalçası düzəltdim. Bu, şagirdlərimin o qədər xoşuna gəldi ki, artıq özləri sərbəst kodlama fikirləri qurmağa başladılar. eTwinning layihəsinə qoşulduq, 2020-ci ildə şagirdlərimlə birlikdə 3 milli və 3 Avropa keyfiyyət nişanı aldıq. Bu il STEM, STEAM və kodlaşdırma ilə baglı 10 layihə işlədik. Dərslərdə 5E modeli ilə kodlama və STEM planları qurub icra etdik. 2020-ci ildə Türkiyənin  Harran Universitetinin “Yapay Zeka”  adlı 15 günlük, daha sonra Avstraliya səfirliyi və Türkiyənin birgə layihəsi olan “Qızlar üçün STEM Lab” adlı  biraylıq təlimlərə qatıldım.Artıq istədiyim fikir üçün məlumatım var idi.  Buna görə də V qrant müsabiqəsinə  müraciət etdim. Düşünürəm ki, yeniliklər ibtidai sinifdən tətbiq olunmalıdır ki, uşaqlar hər şeydən məlumatlı olsun. İndiki inkişaf da bunları tələb edir.

              

“Mini Robotun sərgüzəştləri” 
 

Cari tədris ilində V qrant müsabiqəsinin qaliblərindən biri də  “Mini Robotun sərgüzəştləri”  layihəsidir. Layihənin müəllifi  Kəmalə Nəhmədova Göygöl rayonu 8 Mart kənd ümumi orta məktəbin kimya müəllimidir.Gənc müəllim layihəsi barədə fikirlərini belə açıqlayır:

 

 - Ötən il “Təhsildə inkişaf və innovasiyalar üzrə  IV qrant müsabiqəsi”ndə  STEAM ilə əlaqədər işlədiyim  layihəni təqdim etdim. Müsabiqədə qalib gəldim, layihəmə müəllimlərin, şagirdlərin çox böyük maraq göstərdiyini gördüm və bu, məndə cari ildə keçirilən qrant müsabiqəsində də iştirak etməyə motivasiya yaratdı.  Günümüzdə robototexnika elmi bir çox sənaye, məişət və sosial problemlərin həlli üçün istifadə edilir. Bu texnologiyaların  istehsalçısına çevrilmək üçün şagirdləri kiçik yaşlardan bu istiqamətdə məlumatlandırmaq lazımdır. Dünya ölkələrinin bu sahələrdə inkişafından yararlanaraq gələcəyimiz olan şagirdlərimizi istiqamətləndirmək lazımdır. Bildiyimiz kimi, robototexnika sahəsində yarışlar təşkil edilir. Bu yarışlarda şagirdlərimiz iştirak edərək həm ölkəmizi tanıtdıra, həm də öz bacarıqlarını üzə çıxara bilərlər. Bunun sayəsində robotexnikaya maraq göstərən şagirdlər, gələcəkdə öz avadanlıqlarını kəşf edərək, istehsal edə biləcəklər. Şagirdlərimizin gələcəkdə düzəltdikləri robotexnika avadanlıqları dünya bazarında satışa çıxarıla bilər.

 

 

Qrant layihələri müəllimlərimizin inkişafına, özlərini müəyyən sahələrdə kəşf etməyə müsbət təsir göstərir. Gənc müəllimlərin layihələrdə qalib olmasının davamını gözləyirəm. Bütün layihə qaliblərinə uğurlar arzulayıram.
 

Oruc MUSTAFAYEV

Azərbaycan müəllimi