Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-04 16:45:00
Gənc alim və mütəxəssislər qrant layihələrində fəal iştirak edirlər  

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında Gənc alim və mütəxəssislər şurasının sədri, institutun dissertantı və böyük elmi işçisi Nərmin Adıgözəlova Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən elan olunan Gənc Alim və Tədqiqatçıların 6-cı qrant müsabiqəsi haqqında danışıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə institutdan məlumat verilib. N.Adıgözəlova bildirib ki, əsas məqsəd gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi-tədqiqat aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib-hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrə cəlb edilməsidir.

N.Adıgözəlova qrant müsabiqəsi çərçivəsində fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrinin qəbul edildiyini vurğulayıb. Qeyd edib ki, müsabiqədə yalnız 35 yaşa qədər olan (layihə təqdim olunan gün) gənc alim və tədqiqatçılar iştirak edə bilərlər.

Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu elektron qaydada “e-QRANT” - “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” rəsmi internet səhifəsində (http://e-grant.sdf.gov.az/) avqustun 30-dək həyata keçiriləcək. Bu sistem elektron hökumət prinsipləri əsasında qurulub və “ASAN imza”dan istifadəni də nəzərdə tutur. “ASAN imza”nı həm layihə rəhbəri, həm də layihədə iştirakı nəzərdə tutulmuş şəxslərin hamısı əldə etməli, qeydiyyatdan keçməli və virtual “şəxsi kabinet” formalaşdırmalıdırlar.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev öz çıxışında bütün dünyada elmin maliyələşdirilməsi yollarından birinin də qrant müsabiqələrdə iştirakla bağlı olduğunu diqqətə çatdırıb. İnstitutun gənc alim və mütəxəssislərini elmi fəaliyyətlərini stimullaşdırmağa, qrant layihələrində fəal iştirak etməyə çağırıb. Qeyd edib ki, bu prosesdə şöbə rəhbərləri və elmi məsləhətçilər fəallıq nümayiş etdirməli, gənclərə dəstək olmalıdırlar.