Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-03 15:52:00
“Peşə təmayüllü siniflərin təşkili” layihəsinin hesabat tədbiri keçirilib

Avqustun 3-də “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin 2019-2021-ci tədris illərinin yekunlarına dair hesabat tədbiri keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd layihə çərçivəsində görülən işlər haqqında ictimaiyyətin məlumatlandırılması olub.

 

Tədbirdə çıxış edən layihə rəhbəri Xanım Şabanova bildirib ki, 2020-2021-ci tədris ilində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi paytaxt və bölgələrdə 35 məktəbdə 55 sinif olmaqla 1187 şagirdi əhatə edib. 2021-2022-ci tədris ilində isə layihə çərçivəsində təşkil edilən siniflərin sayının 80 məktəbdə 124-ə, şagirdlərin sayının isə minimum 2200-ə çatdırılması nəzərdə tutulur. Növbəti tədris ilində bəzi məktəblərdə paralel siniflərin açılması, həmçinin yeni şəhər və rayonlar üzrə məktəblərin layihəyə qoşulması planlaşdırılır.

 

Xanım Şabanova qeyd edib ki, peşə təmayüllü siniflərin şagirdlərinə sürücülük modulu keçilir, 20 məktəbdə STEAM layihəsi tətbiq olunur. 2021-2022-ci tədris ilində STEAM layihəsi 80 məktəbdə icra olunacaq.

 

Təhsil nazirinin müavini İdris İsayev çıxışında vurğulayıb ki, ümumi orta təhsil səviyyəsində təhsilalanların ilkin peşələrlə tanışlığı, şagirdlərə peşə vərdişlərinin aşılanması onlara əmək bazarında asan iş tapmaq istiqamətində faydalı olacaq.

 

Tədbir zamanı peşə təmayüllü siniflərin şagirdlərinin əl işlərindən ibarət stend nümayiş edilib. Tədris illəri ərzində layihə çərçivəsində görülən işlər barədə videoçarx izlənilib.

 

Sonda peşə təmayüllü siniflərin şagirdlərinə peşə təhsili haqqında sertifikatlar və sürücülük haqqında şəhadətmanələr təqdim olunub.

 

Qeyd edək ki, 2019-2020-ci tədris ilindən fəaliyyətə başlayan “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Eyni zamanda, təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin olunmasıdır.