Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-02 15:41:00
Peşə təhsili sahəsində menecer hazırlığı üzrə təlim proqramı yekunlaşıb  

Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən (PTDA) peşə təhsili sahəsində gələcək menecerlərin hazırlığı üzrə icra edilən 9 həftəlik intensiv təlim proqramı başa çatıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  bildirilib ki, may ayından başlanan “Peşə təhsilində liderlik və idarəetmə” proqramı onlayn və əyani sessiyalar olmaqla həftəlik 14 saatlıq tədrisi əhatə edib. Əyani təlimlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib. Burada iştirakçılar peşə təhsil müəssisəsinin cari maddi-texniki bazası və xidmətləri ilə yerində tanış olma və birbaşa öyrənmə imkanı əldə ediblər. Proqramın son həftəsi iştirakçılar İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə və bölgədə turizm sahəsi üzrə fəaliyyət göstərən özəl müəssisəyə gedərək, peşə təhsili istiqamətində yeniliklərə dair müzakirə aparıblar.

Proqramın bağlanış mərasimində təlimi uğurla başa vuran 20 iştirakçı (10-u qadın olmaqla) təlim sessiyalarında öyrəndikləri mövzular istiqamətində təqdimatlarla çıxış ediblər. Təqdimatlar keyfiyyət təminatı və monitorinq sistemlərinin qurulması, özəl sektorla əlaqələrin gücləndirilməsi, səmərəli idarəetmə və kommunikasiya sistemlərinin inteqrasiyası, həmçinin peşə məktəblərində maliyyə mexanizmləri və peşə təhsilində əmək bazarının tələblərinə uyğun məzmunun formalaşdırılması kimi mövzuları əhatə edib.

Proqramı uğurla tamamlayan iştirakçıların peşə məktəblərində direktor və direktor müavini kimi yüksək rəhbər vəzifələrə işə qəbul zamanı üstünlüyə malik olması nəzərdə tutulub. Təlim proqramının iki iştirakçısı işə qəbul müsabiqəsində uğurlu nəticə göstərərək Şirvan Peşə Liseyi və Mingəçevir Peşə Məktəbinin direktor müavini vəzifəsinə təyinat alıblar.

“Peşə təhsilində liderlik və idarəetmə” təlim proqramı, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub. Təlimdə iştirak üçün 300 müraciət daxil olub.

Layihənin əsas məqsədi əmək bazarının tələblərinə uyğun tədrisin təşkilinə və Azərbaycandakı peşə təhsil müəssisələrinin müasirləşdirilməsinə dəstək olmaqdır.