Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-02 13:05:00
Ötən həftənin MİQ mənzərəsi-Narazılıq və razılıqlar

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib.

 

 

Müxtəlif fənlər üzrə keçirilən test imtahanı bir çox müdavimin narazılığına səbəb olub. Buna uyğun olaraq isə Təhsil Nazirliyi ötən həftə məsələyə aydınlıq gətirib və bir sıra açıqlamalar verib.

 

 

AzEdu.az həmin açıqlamaları təqdim edir:

 

 

Təhsil naziri Emin Əmrullayev son günlər MİQ-lə bağlı yaranan narazılıqlara aydınlıq gətirib:

 

 

“2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarında namizədlərə təqdim olunmuş test tapşırıqları haqqında sosial mediada yayılmış narazılıqlardan məlumatlıyıq. Bunları nəzərə alaraq, ekspert komissiyası tərəfindən test tapşırıqlarının müxtəlif seanslar üzrə müqayisəli elmi-statistik təhlili aparılacaq. Araşdırmaların nəticəsinə əsasən növbəti 3 gün ərzində müvafiq qərarlar qəbul ediləcək və ictimaiyyətə açıqlanacaq”.

 

 

Bu fənlər üzrə MİQ-in test imtahanı yenidən keçiriləcək:

 

 

12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib. 

 

 

Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. Qeyd edilən tarixlərdə imtahanlarda iştirak etmiş namizədlər üçün təkrar  imtahan imkanı da yaradılacaq. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq.

 

 

Təhsil İnstitutundan narazı müəllimlərə müraciət edib:

 

 

 

"Bu günədək 60 000-dən çox şəxsin müraciət etdiyi və indiyə qədər 40 000-ə yaxın namizədin iştirak etdiyi müəllimlərin işə qəbulu imtahanları iyulun 5-dən etibarən həyata keçirilir. Qaydalara uyğun olaraq hər bir imtahanın növbəti günü namizəd apellyasiyaya müraciət edə bilər. Apellyasiyada və sosial şəbəkələrdə ən çox narahatçılıq doğuran məsələləri nəzərə alaraq, ARTİ tərəfindən müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb. Aparılmış elmi-statistik təhlil çərçivəsində müxtəlif fənlər üzrə 5 040 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi və diskriminasiya əmsalı təhlil edilib".

 

 

Bu fikirləri Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib.

 

 

 

Bu səbəblə Təhsil Nazirliyi müəllimlərə yenidən MİQ-ə qatılmaq şansı verdi:

 

 

"MİQ-də sualların səviyyəsi aşağı olmamalıdır. Bu qərar onunla bağlıydı ki, həmin günkərdə salınan suallar biraz da ağır olub. Hər kəsə eyni şansı vermək üçün həmin müəllimlərə yenidən fürsət veriləcək. Avqustda kimsə istəsə yenidən iştirak ed bilər və ya köhnə balyla qatıla bilər". 

 

 

Bu fikirləri Təhsil Nazirliyinin canlı yayımında şöbə müdiri Vəfa Yaqublu deyib.

 

 

Təkrar MİQ imtahanlarının keçiriləcəyi tarix  açıqlanıb:

 

 

Avqustun 3-də Azərbaycan dili və ədəbiyyat, avqustun 4-də isə ibtidai sinif üzrə imtahanların təşkili nəzərdə tutulub.

 

 

Qeyd edək ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib.

 

 

Müəllim olmaq istəyən 6000 namizədin balına əlavələr edilib:

 

 

Builki imtahanlarda 5 sualda uyğunsuzluq olduğundan 6 000 namizədin balına əlavələr olub.

 

 

Müəllimlərin işə qəbulu üzrə təkrar imtahanda iştirak üçün müraciət edənlərin sayı açıqlanıb:

 

 

“Test tapşırıqlarının çətinlik dərəcəsindən narazı qalan 3000 nəfərə yaxın müəllim olmaq istəyən namizəd təkrar imatahanda iştirak üçün müraciət edib”.

 

 

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyib.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları