Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-30 17:55:00
Qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlərin nəzərinə

Qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Ali təhsil müəssisələrinə və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında və 9 illik təhsil bazasında) qəbul üçün ixtisaslar və komissiyalar barədə məlumat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.

 

Buraxılış vərəqəsini https://eservices.dim.gov.az/qabiliyyet  linkindən çap etmək olar. Digər komissiyalar üzrə buraxılış vərəqələrinə dair məlumat sonra veriləcək.

 

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

 

- imtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

- şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

 

Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

 

Teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün “İmtahan proqramı” forması yerləşdirilir. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.