Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-30 10:50:00
Sabah Dövlət Sosial Müdafiə Fonduna işə qəbul imtahanı keçiriləcək  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 31-də Dövlət Sosial Müdafiə Fonduna (DSMF) işə qəbul imtahanı keçiriləcək.

Bu barədə  DİM-dən məlumat verilib. Bildirilib ki, pandemiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

İmtahan saat 10:00-da başlanır və 3 saat davam edir. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

DSMF-yə işə qəbul imtahanının keçirilməsi üçün 7 bina, 128 zal, 7 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 165 nəzarətçi müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb. Namizədlərin qeydiyyatı Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün 1777 nəfərin namizədliyi qeydə alınıb.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi namizədin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

İmtahan iştirakçıları daha ətraflı məlumatla “Namizədin yaddaş kitabçası”nda tanış ola bilərlər.