Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-28 17:24:00
Astronomlar qoşa ulduz sistemlərində tatuinəbənzər planetlərin necə yarandığını izah ediblər

“Ulduz müharibələri”ndə təsvir olunan tatuinəbənzər planetlər ikiqat ulduz sistemlərində o zaman yarana bilər ki, onların “planet embrionu” başlanğıcdan kifayət qədər böyük olsun və protoplanet diskinin nisbətən sakit hissəsində yerləşsin. Astronomların bununla bağlı araşdırmaları “Astronomy & Astrophysics” elmi jurnalında dərc edilib.

 

AzEdu.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Maks Plank Yerdənkənar Fizika İnstitutunun elmi işçisi Kedron Silsbinin sözlərinə görə, protoplanet diskinin öz qravitasiya sahəsi var. Bu, protoplanet cisimlər arasında qarşılıqlı təsirin xarakterini köklü şəkildə dəyişir.

 

Tatuin “Ulduz mühaibələri”ndə təsvir olunan, qoşa ulduzun ətrafında dövr edən planetdir. Analoji olaraq astronomlar iki və ya daha çox ulduzun ətrafında dövr edən ekzoplanetləri “tatuin” adlandırırlar. Alimlərə iyirmidən çox bu cür planet məlumdur. Astronomların fikrincə, qoşa sistemlərdəki ulduzlar arasında qravitasiya qarşılıqlı təsiri belə planetlərin yaranmasına mane olur. Bir ulduzlu sistemdə protoplanet disklərinin bütün hissəcikləri asta hərəkət edir və bir-birinə qoşularaq getdikcə daha böyük obyektlər yaradır. İki ulduzun qravitasiya qarşılıqlı təsiri ətraf materiyanı “çırpır” ki, nəticədə protoplanet diskinin hissəcikləri sürətlənir və daha böyük sürətlə toqquşur.

 

Bənzər şəraitdə tatuinin yaranma səbəbini izah etmək üçün alimlər hər iki ulduzu əhatə edən protoplanet diski materiyasının daxildəki obyektlərlə necə qarşılıqlı təsirdə olacağını hesablayıblar. Onların hesablamaları göstərdi ki, protoplanet disklərinin müəyyən sahələrində xüsusi zonalar meydana gələcək. Həmin zonalarda planetizimalların, iri protoplanet cisimlərin hərəkət sürəti bu cür obyektlərin toqquşmasının dağılma deyil, qovuşma ilə nəticələnməsi üçün kifayət qədər aşağı olacaq.

 

Bu cür hallar az olur, çünki protoplanet cisimlərin yaranması və böyüməsi üçün disk ideal dərəcədə dairəvi olmalı, orada qeyri-adi dərəcədə yüksək və aşağı sıxlığa malik sahələr olmamalıdır. Güman edilən “embrionun” diametri 10 kilometr və daha çox olacağı halda planetin yaranma prosesi başlayır.

 

Bu mülahizələr astronomların yaxın ulduz sistemlərində müşahidələr zamanı az miqdarda tatuin kəşf etməsinin səbəbini izah edir. Alimlərin fikrincə, qoşa ulduzların yaranmasına dair gələcək müşahidələr müvafiq nəzəriyyəni təsdiqləməyə və tatuinlərə ömür verən nəhəng protoplanet cisimlərin necə meydana gəldiyini anlamağa kömək edəcək.