Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-21 11:03:00
6-cı qrant müsabiqəsinin beş qalibi bəlli olub

İyulun 20-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının toplantısı keçirilib.

AzEdu.az-ın  məlumatına görə, toplantıda Dövlət Fondunun 6-cı qrant müsabiqəsinin yekunları  müzakirə olunub.

Məlumat  verdiyimiz kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu cari ilin fevral ayından 6-cı qrant müsabiqəsini elan edib.

Qeyd edək ki, qrant müsabiqəsi çərçivəsində layihələrin qəbulu 1 mart 2018-ci il tarixindən 30 aprel 2018-ci il tarixinədək davam edib.

Müsabiqəyə cəmi 149 layihə təqdim edilib, onlardan 138 layihə 2-ci ekspertizaya buraxılıb. 2-ci mərhələ çərçivəsində isə layihələrin kompleks ekspertizası aparılıb və ən çox bal toplayan 39 layihə Müşahidə Şurasına təqdim edilib.

Müşahidə Şurasının bu gün keçirilən toplantısında 39 layihədən yalnız 5 layihəyə qrant  ayrılması haqqında qərar qəbul edilib.

Qalib gələn layihələri təqdim edirik:

1. Sletti - tərcüməçi ilə dinləyən arasında rəqəmsal əlaqə yaradan və bütün tərcümə prosesini rəqəmsal üzərindən sinxron olaraq təmin edən tətbiqdir.


2. Ağıllı oyuncaqlar - layihənin əsas məqsədi övladlarınızın əylənərək öyrənmə və ana dilinin təkmilləşdirilməsinə şərait yaratmaqdır.


3. Join B2B - yalnız kommersiya şirkətlərin qeydiyyatdan keçdiyi peşəkar biznes şəbəkəsidir.


4. Məktəbə hazıram - layihənin məqsədi məktəbə hazırlıq, yəni 3-6 yaş qrupuna aid olan uşaqların zehni inkişafını sürətləndirmək, onların əylənərək öyrənməsini, məktəbə tam hazır şəkildə yetişmələrini və texnoloji avadanlıqlardan daha səmərəli istifadəsini təmin etməkdir.


5. Virtual cərrahiyyə - üzdə aparılan cərrahi əməliyyatlara yüksək funksional və estetik tələblər qoyulur, bu da nahiyyənin, mürəkkəb anatomik quruluşu nəzərə alaraq, cərrahi əməliyyatın müvəffəqiyyəti onun yüksək dəqiqliyi ilə keçirilməsindən, mümkün qədər qısa müddətdə və sağlam toxumaları zədələmədən aparılmasından asılıdır.

Xatırladaq ki, Fondun bu günə qədər keçirdiyi 5 qrant müsabiqəsinə təqdim olunan 754 innovativ və tətbiqi elmi-texniki layihədən 112-nə qrant ayrılıb. Fond tәrәfindәn verilәn qrantlar startapçıların şəxsi bizneslәrinə start verilməsində və inkişaf etdirilməsində əvәzsiz rola malikdir.