Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-27 09:48:00
“15 yaşımda dünya olimpiadasında ən gənc mükafatçı adına layiq görüldüm"–Beynəlxalq Olimpiada QALİBİ/FOTO

 

Bu  il  məktəblilərimiz  dünya  fənn  olimpiadalarında  beynəlxalq  uğurlara  imza  atdılar.

 

Xüsusi  ilə  Dünya  Biologiya  Olimpiadasında  iki  məzunumuz  qızıl  medalı  ölkəmizə  gətirdi.Onlardan  biri  də  Mətin  Muradlıdır.

 

Mətin  Muradlı  iki  il  ardıcıl  olaraq  Dünya  Biologiya  Olimpiadasında  qızıl  medala  layiq  görülüb. Orta  məktəbdən  bu  il  məzun  olan  Mətin, dünyanın  bir   sıra  universitetlərindən  təqaüdlə  qəbul  təklifləri  alıb.

 

AzEdu.az  ölkəmizi  layiqincə  təmsil  edərək, uğurlara  imza  atan  bu  istedadlı  gənclə  olan  müsahibəni  təqdim  edir.

 

Əvvəlcə  onu  öz  dilindən  tanıyaq...

 

Mən, Muradlı Mətin Mahal oğlu, 6 noyabr  2003-cü  ildə Sumqayıt şəhərində anadan olmuşam. 2010-cu ildə Sumqayıt şəhər Məhəmməd Füzuli adına 15 saylı tam orta məktədə birinci sinifə başladım və bu il həmin məktəbdən məzun oldum.

 

Məktəbi  yeni  bitirmisiz. Bir  az  orta  təhsil  müəddətinizdən  danışardız. Dərslərə  hazırlığınız  necə  idi? Nə  kimi  aktivliklər  göstərmisiz?

 

-Əslində, orta məktəbdə  oxuyarkən  yaşıdlarımdan  fərqlənirdim,müxtəlif imtahanlara  qatılırdım. Amma  xüsusi  olaraq  qeyd  etmək  istəyirəm  ki, 2018-ci  ildə  orta məktəb biologiya müəlliməm  Nəzakət  İmaməliyeva  məni  aşağı  yaş  qrupu  üzrə  seçmə  imtahanına  göndərdi. Doğrudur, imtahan  haqqında  çox  da məlumatım  olmasa  da  yaxşı  nəticə  ilə keçmişdim  və  bunu  gözləmirdim. İmtahanda  uğur  qazandıqdan  sonra Təhsil  Nazirliyi  tərəfindən  aşağı  yaş  qrupu  hazırlıq  dərslərinə  dəvət  olunduq. Bir  il  müddətində  bu  dərslərdə  iştirak  etdik. Sonda  VIII  sinif  olmağıma  baxmayaraq  IX  siniflərlə  birlikdə  Respublika  Fənn Olimpiadalarına  qatılıb  gümüş  mükafat  əldə  etmişdim. Növbəti  il  IX sinifdən  etibarən  artıq  yuxarı  yaş  qrupu  dərslərinə  başladıq. Həmin  ilin sonunda  müxtəlif  seçmə  imtahanlarından  keçərək  beynəlxalq olimpiada  heyətinə  seçildim və 2019-cu ildə ölkəmizi  Macarıstanda  təmsil  etdim. Həmin  il  30-cu  beynəlxalq  Biologiya  Olimpiadası  Macarıstanın  Seqed  şəhərində  keçirildi. Bu  olimpiadada  4-cü yer  həvəsləndiri  mükafat  qazanmışdım  və  eyni  zamanda  ən  gənc  mükafatçı  adına  da  layiq  görülmüşdüm. Belə  ki, həmin il  mən  IX  sinif   idim,ancaq  Beynəlxalq  Olimpiadadakı  rəqiblərim  əsasən  18-19  yaş  ortalamasında  XI, XII və  hətta XIII  sinif  şagirdləri  idilər. Ancaq iştirak  etdiyimiz  zaman  mənim  və  birgə  qatıldığım komanda  yoldaşım Asiman  Ziyəddinovun  cəmi  15  yaşımız  var  idi. Eyni  il  Respublika  Fənn Olimpiadalarında “Birincilər birincisi” nominasiyasını  qazanmışdım. Növbəti  illərdə  də  eyni  prosedura  davam  etdim  və  Beynəlxalq  Biologiya  Olimpiadasında  qızıl  mükafat,Respublika  Fənn Olimpiadasından  isə  gümüş  mükafata  qazandım.Bu  il  isə  hər  iki  olimpiadadan  qızıl  mükafatla  başa  vurdum. Amma  olimpiadalardan  əlavə  tədris  müddətində  Sumqayıt  şəhərində “Sağlam  düşüncə”  gənclər  təşkilatının  üzvü  idim. Təşkilat  tərəfindən  həyata  keçirilən, əsasən  ekologiya  ilə  bağlı  olan  müxtəlif  seminarlara,dərslərə, workshop’lara  qatılırdım. Necə  deyərlər  zamanımı  əyləncəli  formada  belə  dəyərləndirirdim.

 

Dünya  Biologiya  Olimpiadasında  ardıcıl  2 dəfə  qalib  olmusuz. Bu  müsabiqəyə  necə  hazırlaşdız? Birinci  və  ikinci  qalibiyyətiniz  haqqında  bir  az  məlumat  verərdiniz...

 

-Olimpiadalara  hazırlıq  prosesi  əslində  kifayət  qədər  çətindir. Əvvəl  də  vurğuladığım  kimi  mən, əslində dördüncülükdən birinciliyə  yüksəldim. Normalda  ikincilikdən üçüncülüyə  belə  yüksəlmək  çox  çətin  bir  proses  olduğu  halda  biz  çox  qısa  bir  müddətdə  bu  böyük  fərqi  yaratmağı  bacardıq. Bunu  necə  bacardıq? Əslində  bizim  olimpiadanın  mövzu  ehtivası  ali  təhsil  müəssisələrində  istifadə  olunan  materiallarla  eynidir,hətta  bir az  daha  çətindir. Bizim  olimpiada  iki  strukturlu  imtahandan  ibarətdir. Bunlardan  birinici  təcrübə, digəri  isə  nəzəriyyə  imtahanıdır. Ənənəvi  formatda  4  təcrübə, 2  nəzəriyyə  imtahanı  təşkil  edilirdi. Təcrübə  imtahanları  xüsusi  ilə  çətin  olur. Çünki  xüsusi  təchizatlı  laboratoriyalarda  bizdən elmi araşdırmalara  aparmaq  tələb  olunurdu. Əslində, Azərbaycanın  da  indiyə  kimi  aşağı  dərəcəli  mükafatlar  alması  yaxud  ümumiyyətlə almamasının  də  əsas  səbəblərindən  biri  bu  idi. Çünki biz  təcrübə  imtahanlarına  necə  hazırlaşacağımızı  bilmirdik. Hansı ki, təcrübə  imtahanlarına  hazırlaşmaq  üçün  2019-cu  ildə İran  İslam  Respublikasına  səfərimiz  oldu və  bu  boşluğu  aradan  qaldırdıq. Təcrübə  imtahanında  olan  boşluğumuzu  ciddi  şəkildə  doldurduqdan  sonra nəzəriyyə  imtahanında  da  özümüzü  kifayət  qədər  təkmilləşdirdik. Onu  da  qeyd  etmək  istəyirəm  ki, 2020-ci  ilin  əvvəlində  biz  olimpiadaya  Türkiyə milli  komandası  ilə  hazırlaşırdıq  və  bu  da  bizim  xüsusi  ilə  nəzəri  göstəricilərimizi  artırmağımıza  ciddi  kömək  olmuşdu.

 

Mətin,  2020-ci  ilin pandemiya  ilə  üst-üstə  düçməsinin  onlara  üstünlük  gətirdiyini  bildirib:

 

-Ən  vacib  iki  problemi  həll etdikdən  sonra  biz  gördük  ki, potensialımız  gözlədiyimizdən  daha  yüksəkdir. 2020-ci  ilin  xüsusilə  pandemiya  ilə  üst-üstə  düşməsi  bizə  nisbətən  üstünlük  gətirdi. Biz  artıq  ölkə  sərhədlərini  tərk  etmədən  xarici  əməkdaşlarla  çalışa  bilirdik  və  dərslərə  qatılmaq  üçün  hər  hansısa  bir  məsafə  qət  etməyimiz  tələb  olunmurdu. Beləcə  biz  yolda  itirəcəyimiz  vaxtı  daha  çox  çalışmağa  sərf  edirdik, daha  çox  çalışdığımız  üçün  göstəricilərimiz  günü-gündən  daha  yaxşı  olurdu. Bir  neçə  ildə  topladığımız  təcrübə  və  bilikləri  bu  il  çox  yaxşı  bir  variantda  tətbiq  edə  bildik. Bu  tətbiqin  nəticəsi  olaraq  artıq  iki  ildir ki, mən  qızıl  mükafat  qazanıram. Burada  sadəcə  çalışmaq  və  oxumaqla  yanaşı  təcrübələrə  yiyələnməklə  yanaşı  və  bu  təcrübələri  necə  istifadə  edəcəyimizi  bilmək  də  əhəmiyyətlidir. Buna  görə  də  mən  yoldaşlarımdan  bir  az daha  ön  planda  idim,artıq  3-cü  il  idir  ki, qatılırdım. Normalda  beynəlxalq  olimpiadalara  iki  dəfə  qatılmaq  limiti  var. Ancaq  pandemiya  səbəbi  ilə  olimpiadalar  onlayn  təşkil  edildiyi  üçün  mən  üçüncü dəfə  iştirak  edə  bildim  və bu  fərqli  bir  hadisə  idi.Üçüncü  il  qatılmağım  bilavasitə digərlərindən  daha  təcrübəli  olmağım  mənasına  gəlirdi  və  bu  təcrübəmi  doğru  dəyərləndirdim  deyə  düşünürəm.

 

Bir  çox  dünya  universitetlərindən  qəbul  təklifi  almısız. Maraqlıdır, bu  siyahıda  hansı  ali  təhsil  müəssisələri  var?

 

-Müəyyən  müəssisələrdən  qəbul  təklifləri  və  xüsusi  təqaüd  imkanları  əldə  etdim. Xüsusi  ilə.  Türkiyənin  Bilkənt, Koç,Sabancı, Cənubi  Koreyadan  KAİST,Sinqapurdan  Nanyanq  Texniki  Universitetindən  qəbul  imkanları  qazandım. Təssüflər  olsun  ki, Massaçusets  Texnologiya  İnstitutunnu (MIT) qazana  bilmədim, amma müsahibə  mərhələsinə  kimi  getmişdim.

 

Təhsilinizi  harada  davam  etdirməyi  düşünürsüz  və  seçiminizin  səbəbi  hansı  meyarlardır?

 

-Təhsilimi  Cənubi  Koreyanın  KAİST  universitetində  davam  etdirməyi  düşünürəm. İstənilən  uzaq  şərq  ölkəsi  nizam-intizamı  ilə  seçilir. Düşünürəm  ki, bu  ölkələrdə, xüsusi  ilə  də  Koreyada  təhsilimi  davam  etdirməyim  nəticəsində  həm  çox  yaxşı  inkişaf  edə, həm  də  göstəricilərimizi  gözlənilməz  dərəcəyə  kimi  artıra  bilərəm.

 

Təhsil  yolunda  uğurlara  imza  atan  biri  olaraq  digər  təhsilalanlara  nə  kimi  tövsiyələriniz  olar?

 

-Digərlərinə  tövsiyəm  o olar ki, bilsinlər  ki, hər  şey  mümkündür. Yəni  insan  istədiyi  hər  şeyi  edə  bilər. Düzdür, bu  artıq  şablon  halına  gəlib  amma  çox  doğru  bir  ifadədir. Sadəcə  olaraq  bunu bilmək  kifayət  etmir, tətbiq  etmək  lazımdır. Məsələn, Azərbaycanın  qısa  müddət  ərzində  qızıl  mükafat  alması  gözlənilmirdi. Çünki  bizim  infrastrukturumuz  hələ  ki, qızıl  mükafat  almağa  əl  vermirdi, çox  sayda  boşluqlarımız  vardı. Amma  biz  heyət  olaraq, müəllimlər, şagirdlər, ümumilikdə  prosesdə  əməyi  keçən  hər  kəs  bu  ehtimalın   mümkünsüz  olmadığını  da  bilirdi  və  biz  bu  ehtimalı  dəyərləndirdik. Gənclərə  də  bunu  demək  istəyirəm  ki, hən  hansısa  bir  prosesdə  inamları, ümüdləri  yoxdursa, ümumiyyətlə  fəaliyyətə  başlamasınlar. Yox, əgər  az  da  olsa  bir  ümüd  varsa  o  zaman  bacardıqlarının  ən  yaxşısını  yüksək  səviyyədə  etsələr  o  zaman  istədiklərinə  nail  olacaq, hər  şeyi  mümkün  edə  biləcəklər. Sadəcə  olaraq  ciddi  riskə  getmək  lazımdır.Risk  nə  qədər  böyükdürsə, mükafat  da  bir o  qədər  çox  olur. Risk  və  dataları  əldə  edib, diqqətli  şəkildə  düşünüb  bu  prosesə  başlasalar, o  zaman  gözlənilməz  nəticə  əldə  etmək  mümkündür.

 

Mətin  qeyd  edib  ki, hər  uğursuzluq  gələcək  uğura  bir  stimuldur:

 

-Hər  hansı  bir  uğursuzluq  halı  olarsa  qətiyyən  ruhdan  düşmək  halının  sözü  belə  getməməlidir. Çünki  uğursuzluqlar  da  gələcəkdə  qazanacağımız  uğurların  göstəricidir. Məsələn, bizim  indiyə kimi  sistemimizdə  müəyyən  boşluqlar  vardı. Hər  il  olimpiadalardan  sonra  müəllimlər  şagirdlərlə  iclaslar, görüşlər  təşkil  edib,uşaqların  nəyə  görə  yaxşı  göstəricilər əldə  edə  bilməməsini  soruşur  və  analiz  edirdilər.Hər  dəfə  müəyyən  mülahizələr  irəli  sürülürdü. Məsələn, sual  təcrübəmiz  yox  idi, təcrübə  imtahanında  boşluqıar  vardı  və.s  kimi. Bizə  kimi  gələn, nəticə  göstərməyən  şagirdlərin  verdiyi  təkiliflərlə  biz  öz  sistemimizi  təkmilləşdirmişdik. Əslində, elə  bizim  qızıl  mükafat  qazanmağımızda  onların  rolu  böyükdür. Arxaya  baxanda  uğursuzluqlarından  əsla  kədərlənməsinlər. Mənim  2020-ci  ildə  Respublika Olimpiadasında  qazandığım  gümüş  medal, amma bu  medal  mənim  dünya  olimpiadasında  qızıl  medal  qazanmağıma  ciddi  bir  stimul  olmuşdu.

 

O  son  olaraq- “Gələcək  planım  isə, biotexnologiya  sahəsində  araşdırmaçı  elm  adamı  olmaqdır”- deyə  qeyd  edib.