https://www.zirve.edu.az/ #
2021-07-24 13:32:00
MİQ-də NARAZILIQ-Müdavimlər imtahanların yenidən keçirilməsini tələb edir

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iyulun 23-də Azərbaycan dili və ədəbiyyat fənni üzrə test imtahanı keçirilib.

 

 

Təhsil Nazirliyindən bildirilib ki, imtahana 3 min 288 namizəd dəvət olunub. Ən yüksək balı - 53 Hicran Əzimova toplayıb.

 

 

5 iyuldan start götürən test imtahanın ən çox narazılıq doğuran günü 23 iyulda qeydə alınıb. Belə ki, Azərbaycan dili və ədəbiyyat üzrə 22 iyulda keçirilən test imtahanında bir çox müdavin yüksək bal toplayıb, lakin 23 iyulda isə ən yüksək göstərici 53 bal olub. Bu da müdavin və iştirakçıların narazılıqlarına səbəb yaradıb. Onlar etirazlarını sosial şəbəkə üzərindən dilə gətirərək test suallarının imtahan günlər üzrə fərqli çətinlik səviyyəsində verildiyini deyiblər.

 

 

AzEdu.az kurikulum təlimçisi Gülər Hüseynovanın məsələ ilə bağlı fikirlərini təqdim edir:

 

 

“Hörmətli Təhsil  Nazirliyi, statistik məlumatlar sizin əlinizdədir. Xahiş edirəm, araşdırın. 22 və 23 iyul nəticələrinə baxın, müqayisə edin. Görün ki, bərabər imkanlar prinsipi necə  pozulub?! Şəklini paylaşdığınız respublika birincisi-53 bal toplayan namizəd heç bir məktəbə qəbul  ola bilməyəcək. Çünki 22 iyul imtahanında suallar 23 iyulla müqayisədə asan idi, 55,56,57,58,59,60 bal toplayanların sayı çox oldu. 23 iyulda 53 bal toplayan namized 22 iyulda 60 bal toplaya bilərdi. Mən yalan danısıramsa, özünüz araşdırın, statistik nəticələri ortaya qoyun. Mənasız suallar yazıb camaata savadsız damğası vura bilməzsiniz. Başa düşürük, adam sayı çoxdur, məcbursunuz imtahanı fərqli bölgələrdə, fərqli saatlarda təşkik etməyə. Bəs sualların çətinlik səviyyəsini fərqli günlərdə fərqli salmağa haqqınız varmı? Yoxdur! Sizə etimad edilib, sualları yazmaq həvalə olunub. Sadece olaraq iş kimə həvalə olunursa, o, işini düzgün görmür. İxtisasla bağlı suallar paylaşılır, olduqca mənasız suallardır. Kurikulumdan isə azı 4-5 sual elə taksanomiya ile bağlı olub, başa düşmədik, bu mövzu sınaq imtahanıdır, yoxsa umumi çərçivəni əhatə edən imtahandır? Sual hazırlayan şəxsə demək lazımdır ki, arada çərçivəyə nəzər salsın, baxsın görsün  mövzular necə bölünüb”.

 

 

O, imtahanların yenidən keçirilməsini istəyir:

 

 

“Təklif edirəm ki, sualların çətinlik səviyyəsi eyni olmaqla, imtahan yenidən təşkil olunsun. Yalnız o zaman bu qədər insanın hüquqlarını tanımış olarsınız”.


Kurikulum təlimçisi Mahir Əhədov nazirliyin məsələ ilə bağlı açıqlama verəcəyinə inanır:

 

"Şübhəsiz ki, respublika üzrə müəllimlərin işə qəbulunun "MİQ müsabiqəsi" formatında təşkili və həyat keçirilməsi təqdirəlayiq addımdır. Bu müsabiqə vasitəsilə minlərlə müəllim sahib olduğu səriştəsi ilə işlə təmin olunub.

 

Amma zaman-zaman Təhsil Nazirliyinin təşkil etdiyi bu müsabiqədə çatışmazlıqlar (keyfiyyətsiz və səhv suallar, vahid vəsaitin olmaması, texniki xətalar və s.) insanlarda haqlı etirazlara səbəb olmuşdu. Dünənki (23.07.2021) filoloqların imtahanlarında sualların keyfiyyətlilik, vaciblik, uyğunluq və s. kimi göstəriciləri aşağı səviyyədə olub. Daha çox vaxt aparan, qarışıq məzmunlu test tapşırıqları müəllim namizədlərin narazılığına səbəb olub.

Təbii ki, bunun səbəbini biz də bilmirik, yaxşı olardı ki, Nazirliyin məsul şəxslərindən biri bu məsələ ilə bağlı açıqlama versin. Acı reallıq odur ki, aylardır əziyyət çəkib imtahana hazırlaşan, bunun üçün həm maddi, həm də mənəvi güc sərf edən insanlara qarşı haqsızlıq edilib. Dünənki imtahandan çıxmış bir çox müəllim namizədi məyus və gözüyaşlı görmək ürəkağrıdan idi".

 

 

Ümid edirik ki, məsələ öz həllini tapacaq!