Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-23 12:27:00
Təhsil üzrə mediada bu yeniliklərə ehtiyac var-Mətbuat katibləri DANIŞDI

 

146  il  əvvəl  iyulun  22-si “Əkinçi”  ilə  Azərbaycan  Milli  Mətbuatının  təməli  qoyuldu.

 

Bu illər  ərzində çətinliklərlə  dolu  inkişaf  yolu  keçən  milli  mətbuat,zaman-zaman bu  çətinliklərə  yenik  düşsə  də,  hər  mübarizənin  sonunda  qalib  gəlməyi  bacardı.

 

Mətbuatın  hazırkı  fəaliyyətində  təhsil  istiqaməti  xüsusi  yer  tutur. Bəs  görəsən  ali  təhsil  müəssisələrinin  nümayəndələri  təhsil  sahəsində  medianın  fəaliyyətini  necə  dəyərləndirir? Bu  istiqamətdə  nə  kimi  yenilik  və  yaxud  dəyişikliklərə  ehtiyac  olduğu  düşünülür?

 

AzEdu.az  Milli  Mətbuat  Günündə  mövzu  ilə  bağlı  ali  təhsil  müəssisələrinin  mətbuat  nemayəndələri  ilə  olan  sorğunu  təqdim  edir:

 

Azərbaycan Texniki  Universitetinin mətbuat  katibi  Sevinc  İsgəndərova müəyyən  sahə  üzrə  ixtisaslaşan saytların digər  xəbər  portallarından  mövzu baxımından  fərqlənməli  olduğunu  bildirib:

 

“Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələrini təbrik edirəm. Təhsil sahəsi üzrə ixtisaslaşan media orqanları, eləcə də digər xəbər saytarı, informasiya agentlikləri ilə əməkdaşlığımız davam edir. Bəzən hər hansı bir xəbər unuversitetin saytına yerləşdirildikdən bir neçə dəqiqə sonra dərhal digər portallarda da yayımlanır. Bu da əlbəttə AzTU ilə əməkdaşlıq edən media nümayəndələrinin operativliyindən irəli gəlir. Əməkdaşlıq etdiyimiz media nümayəndələrindən şikayətim yoxdur. Təklif olaraq  isə onu deyə bilərəm ki, hər hansı sahə üzrə ixtisaslaşan saytlar, digər xəbər portallarından mövzu baxımından fərqlənməlidir. Bəzən bizə vətəndaşlar müraciət edir. İstər diplomların verilməsi, istər tələbələrin kəsirləri ilə bağlı və s. Əlbəttə ki, biz vətəndaşları maraqlandıran sualları cavablandırırıq, prosedur qaydalarını onlara izah edirik. Yaxşı olardı ki, təhsil sahəsində ixtisaslaşan saytlarda valideynləri, tələbələri, müəllimləri maraqlandıran mövzular barədə izahlı yazılar təqdim olunsun. Ali məktəbə qəbul olmaq istəyən gənclər və onların valideynlərinin həmin yazıları oxuyub informasiya əldə etmələri də çox faydalı olar. Ümumilikdə isə media nümayəndələrinin işindən razıyam. Milli mətbuatın yaranmasının 146 illiyi və jurnalistlərin peşə bayramı münasibətilə media nümayəndələrini təbrik edirəm”.

 

Bakı  Mühəndislik  Universitetinin  İctimaiyyətlə  Əlaqələr  şöbəsinin  müdiri  Elman  Babayev  həmkarlarını  təbrik  edərək,  ümumi  problemlərlə  yanaşı,  medianın  təhsil  istiqamətində də  həllini  gözləyən  problemlər olduğunu  bildirib:

 

“Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür və bu gün münasibətlə mətbuat sahəsi ilə bağlı bütün həmkarlarımı təbrik edirəm. 146 illik zamanın milli mətbuatımızın inkişafı ilə əlaqədar dövrünün üzərində dayansaq, ötən dövrü uğurlu saymaq olar. Amma mətbuat sahəsində hələ də həllini gözləyən problemlər mövcuddur və təhsil sahəsi ilə bağlı media subyektləri də həmin problemlərdən nəsibini almamış deyil. Sevindirici haldır ki, bu gün dövlət Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini daha da yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyini davam etdirmək siyasəti yürüdür. Hədəf Azərbaycanda müasir tərtibata malik, geniş texniki imkanları, əməkhaqqısı yüksək olan, ictimaiyyətin maraqlarına cavab verən mətbuat orqanlarının inkişafıdır. Bu baxımdan qarşıdakı dövrdə milli mətbuatımızın inkişafı ilə bağlı müəyyən addımların şahidi olacağıq. Xüsusən, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün addımlar atılmaqdadır. Artıq “Media haqqında” yeni qanun layihəsinin hazırlandığı bildirilir. Yeni yaradılan MEDİA agentliyinin ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılması və dərinləşdirilməsi istiqamətində daha uğurlu fəaliyyət göstərəcəyinə ümidlər böyükdür. İslahatların media sahəsində pozitiv keyfiyyət və kəmiyyət dəyişikliyi ilə yanaşı, milli mətbuatın müasir dünya standartlarına uyğunlaşmasına şərait yaradacağı gözlənilir”.

 

Şöbə  müdiri  təhsil  sahəsi  ilə  bağlı  media  quruluşları  ilə  əməkdaşlıqdan  məmnun  olduqlarını  bildirərək  bu  istiqamətdə  AzEdu-nun  fəaliyyətinə  diqqət  çəkib:

 

“Təbii ki, atılacaq addımlar təhsil sahəsi ilə bağlı media subyektlərinin daha da inkişafına təkan verəcək. Bu gün təhsil sahəsi ilə bağlı media quruluşlarının sayı o qədər də çox deyil və onların hər biri ilə əməkdaşlıqdan məmnunuq. Təmsil etdiyiniz AzEdu.az saytı təhsil sahəsi ilə bağlı mətbuatın ən tanınmış isimlərindəndir. Sayt operativ, peşəkar fəaliyyəti ilə fərqlənir. Bu bayram günündə sizə fəaliyyətinizdə uğurlar arzulayır və bir oxucunuz olaraq daha geniş imkanlara malik olmağınızı, bu imkanların davamı olaraq oxucularınıza yeni-yeni layihələr təqdim etməyinizi diləyirəm”.

 

Azərbaycan Dövlət  İqtisad  Universitetinin  İctimaiyyətlə  Əlaqələr  şöbəsinin  müdiri  Elnarə  Məmmədova  təhsil  istiqaməti  üzrə  media  orqanlarının  fəaliyyətini  dəyərləndirərək öz  təkliflərini  bildirib:

 

“Bütün mətbuat  nümayəndələrini təbrik edir  və uğurlar  arzulayıram. Azərbaycan  Dövlət  İqtisad  Universiteti  olaraq  əməkdaşlıq  etdiyimiz  bütün  media  qurumları  ilə  çox  yaxşı  münasibətimiz  var.Hər  zaman  universitetdəki  yeniliklərlə  yaxından  maraqlanır, xüsusi  günlərimizi  işıqlandırırlar. Bir  çox  media  orqanı  təhsil  sahəsini  press  reliz  üzərindən  işləyir. İstəyərdik  ki, universitetlərlə  əməkdaşlıq sadəcə  press relizlər  vasitəsi  ilə  həyata  keçirilməsin, Bu  sahəni  işləyən  jurnalistlərin  təhsil  müəssisələrindən  daha  çox  reportajlar, müsahibələr  hazırlamalarını  arzu  edərdim. Bura universitetlərlə  yanaşı  orta  məktəblər, kolleclər, peşə  məktəbləri  də  daxildir. Üstünlüyün  daha  çox  xüsusi  reportajlara  verilməsi  arzuolunandır. Əsasən  təhsil ilə  bağlı  onlayn  tv  yaradılmasını  istəyərdim.Doğrudur, Təhsil TV var, amma daha çox  olsa  yaxşı  olar. Məsələn, televiziyalarda  bu  sahə  ilə  bağlı  verilişlərin  sayının  artırılması  da  çox  xoş  olar. Media  sadəcə  ali  təhsil  müəssisələri  ilə  deyil, təhsilin  bütün  sahələrini əhatə edən müəssisələrlə  sız  əməkdaşlıq  etsin”.

 

Mingəçevir  Dövlət  Universitetinin  İctimaiyyətlə  Əlaqələr  şöbəsinin  nümayəndəsi  Qurban Qurbanzadə media  nümayəndələrini  təbrik edərək  bu  istiqamətdə  onlayn  media  ilə  yanaşı  sosial  medianın  da  əhəmiyyətli  olduğunu vurğulayıb:

 

“22 İyul-Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media  nümayəndələrini təbrik edirəm. Düşünürəm ki, bir çox nazirliklərin və Milli Məclisin sayt və sosial şəbəkə üzrə fəaliyyəti çox da ürək açan deyil. Dövrümüzdə sosial şəbəkə üzərindən hesabatlı şəkildə paylaşım etmək, rəsmi saytda paylaşılan məlumatların müxtəlif dillərdə yerləşdirilməsinə xüsusi önəm verilir. Amma, bir çox rəsmi qurumların saytlarında digər dillərdə bölmə mövcud olmasına baxmayaraq fəaliyyəti ya tam deyil, ya da ümumiyyətlə dayanıb. Ümumi olaraq sosial mediadan istifadəyə tələb olduğunu bilirlər. Amma, kadr çatışmazlığı var deyə tam olaraq təhsil müəssisəsinə aid sosial şəbəkə platformalarını aktiv istifadə edə bilmirlər. Ümid edirəm ki, bu yaxın zamanlarda düzələr”

 

Qurban  Qurbanzadə  gənclərin  sosial  şəbəkələrə  təlabatına  diqqət  çəkərək  öz  təkliflərini  verib:

 

“Hər il gələn tələbələr daha müasir və tələbkar olurlar. Həmçinin bu dəqiqə hamı sosial şəbəkədədir. Ona görə də biz də onların olduğu yerdə onlar kimi olmalıyıq. Gənc və dinamik olmalıyıq. Təklif edərdim ki, yaradıcı fikirləri olan, sosial media üzrə bacarıqları olan kadrlara da üstünlük versinlər. Həmçinin təklif və tənqidlərə açıq olsunlar. Məlumat əldə edilməsi məsələsində şəraiti asanlaşdıraraq əlçatan etsinlər”.

 

Azərbaycan  Dillər  Universitetinin  İctimaiyyətlə  Əlaqələr  şöbəsinin  müdiri  Cavid  Zeynallı  həmkarlarını  təbrik  edərək universitetin  media  ilə əməkdaşlığından  danışıb:

 

“Bütün həmkarlarımı təbrik edir və hər birinə bol uğurlar  arzu  edirəm.Azərbaycan Dillər  Universitetinin  mətbuatla  çox  sıx  əməkdaşlığı  var.Eyni  zamanda bu  günlərdə  biz  media  nümayəndələrinin  bir  qismi  ilə  görüş  keçirdik. Universitetimizin  rektoru,akademik  Kamal Abdulla  mətbuata  ünvanladığı  xoş  sözlərini, isti  təbriklərini  onlara  bildirdi  və  xahiş  etdi  ki, onun  adından  tədbirdə  iştirak  etməyən  digər  həmkarlarına  da  bu  xoş  sözlər  təbriklər  çatdırılsın”.

 

Şöbə  müdiri  medianın  təhsilin  inkişafındakı  vacib  roluna  diqqət  çəkib:

 

Bu  gün  Azərbaycan  mediasının  cəmiyyətimizin  inkişafında  çox  böyük, müstəsna  yeri  var. Təhsilin  ictimailəşməsində,  daha  geniş  auditoriyaya  çatmasında  medianın  çox  böyük  rolu  var. Bütün  sahələr  kimi  təhsilin  də  media  tərəfindən  təbliğinə  çox  böyük  ehtiyacı  var. Düşünürəm  ki, universitetimizin  media  ilə  qurduğu  əlaqələri  gündən-günə  inkişaf  edir. Əməkdaşlıq  etdiyimiz  media  orqanları  biz  qarşı  hər  zaman  həssas  və  diqqətli  münasibət  göstəriblər,biz onların  hər  birinə təşəkkür  edirik. Bildiyimiz  kimi  ADU-da  20  ölkənin  dil  və  mədəniyyət  mərkəzi  fəaliyyət  göstərir  və tez-tez müxtəlif  dövlətlərin  ölkəmizdə  olan  səfirləri  universitetimizin  qonağı  olurlar. Media  hər  zaman  bu  tip  tədbirlərə  çox  böyük  maraq  göstərib. Biz  bir  daha  onlara  təşəkkür  edirik. Media  ilə  bağlı  afrzularım  yalnız  ondan  ibarət  olar  ki,hər  zaman  həqiqətin  yanında  olsunlar, medianın  əsas  prinsinləri  daima əllərində  bayraq  tutsunlar və ümumilikdə  media  sahəsində  daha böyük  uğurlara  çataq.