Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-23 12:09:00
"Jurnalistdən rəsmi sorğu tələb edən RTŞ-lər də var" -Təhsil  yazarları ilə sorğu 

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür. Əkinçi ideyalarını özünə məqsəd sayan mediamız müxtəlif sahələrdə inkişaf etmiş və ixtisaslaşmışdır. Bunlardan biri olan təhsil  jurnalistikası həmin sahənin işıqlandırılmasında özünəməxsus rol oynayıb.

 

 

AzEdu.az belə bir gündə Təhsil Jurnalistləri Birliyinin (TJB) üzvləri ilə ünsiyyətdə olub və onlar arasında sorğu keçirib.

 

 

Bir çox təhsil qrumları jurnalistlər üçün əlçatan olsa da, bu hamısına şamil edilmir. Bəs, jurnalistləri bu qrumlardan hansı qane etmir?

 

Təhsil jurnalisti, Respublika Təhsil Şurası İctimai Birliyinin nəzdindəki "Analitik təhlil və tətqiqat" mərkəzinin rəhbəri Niyazi Şərifsoy təhsil jurnalistlərinin qarşılaşdığı problemlərdən söz açıb:

 

“Hansısa təhsil müəssisəsi  maraqlarına uyğun informasiya yayımlanmasını istəyirsə, operativ olaraq jurnalistə cavab verir. Lakin neqativ hallarla bağlı sual verəndə və sorğu göndərəndə, ya ötür-ötür başlayır, ya da ki, süründürməçilik özünü göstərir.

 

Bu gün bir çoxları araşdırma və təhlili yazılarının azlığından şikayət edir. Mən bununla razıyam. Amma etiraf edək ki, jurnalist təhlil etmək, araşdırma aparmaq üçün mütləq statistik məlumatlara söykənməli, istinad üçün rəsmi mənbə əldə etməlidir. Bəs, rəsmi qrumlar bu məlumatları mətbuata verirlərmi? Məsələ burasındadır ki, rəsmi qrumlar belə yazıların mətbuatda dərc olunmasında maraqlı deyillər.  Səbəb isə çox sadədir. Çünki statistik məlumatlar mətbuatda işıqlananda müyyən problemlər ortaya çıxır. Ona görə də istər təhsil müəssisələri olsun, istərsə də təhsil idarəetmə qrumları statistik məlumatları KİV-nümayəndələrinə vermək istəmirlər. Nəticədə nə baş verir? Şəffaf, ictimaiyyətə açıq idarəetmə prinsipləri pozulur. Məsələn, məlumat yayılır ki, 15 nəfər məktəb rəhbəri vəzifəsindən azad olunub. Məlumat bir informasiya kimi ictimaiyyətə təqdim edilir. Amma əksər vaxtlarda hansı məktəblər olduğunu, ən əsası məktəb rəhbərini nə səbəbə işdən azad etdiklərini bildirmirlər. Bəlkə jurnalistlər də heç bu məsələ ilə maraqlanmır, sorğu göndərmirlər. Bildiyim odur ki, həmin məsələ ilə bağlı mətbuatda yazılar görünmür. Ancaq onu dəqiq deyə bilərəm ki, qrumlar yalnız özlərinə sərf edən informasiyanı cəmiyyətə ötürürlər. Həmin zaman özləri jurnalistləri axtarır, məlumatları onlara göndərirlər.

 

Fikrimcə, təhsildə baş verənlər ictimaiyyətə açıq olmalıdır. Bu gün təhsildə bir çox uğurlara imza atmışıq. Bu istiqamətdə ciddi işlər görülür. Lakin bunanla yanaşı həlli vacib olan məsələlər də, az deyil. Uğurları dediyimiz kimi, çatışmazlıqları da, qərəzsiz deməliyik. Deməliyik ki, təhsilimizi inkişafa apara bilək”.

 

 “Azərbaycan müəllimi”qəzetinin əməkdaşı Ruhiyyə Daşsalahlı fərqli təhsil qurumlarının informasiya siyasətindən söz açıb:

 

 “Heç bir təhsil qurumuna nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdaxiləsi olmadan əlim çatmır.

 

Dövlət Peşə Agentliyi ilə sərhədsiz əlaqələr qurmaq mümkündür. Sorğuma operativ cavab alıram. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Rəşad Xanlarovun qoyduğu ənənəyə sadiqdir. Bizə lazım olan sorğu və müraciətlər vaxtında cavablandırılır. İndiyə kimi onlarla heç bir problemim olmayıb. Təhsil İnstitutu ilə bağlı da problem yaşamamışam. Sorğumuz cavablandırılıb, ehtiyac duyduğumuz ekspertlərlə vaxtında təmin olunmuşuq. Dövlət İmtahan Mərkəzindən də ləngimədən geridönüş alıram. Bir problemim olmur. Amma nazirliyə daxil olan  müraciətlər İctimaiyyətlə əlaqələr sektorunun müdaxiləsi olmadan cavablandırmadığı, ləngidildiyi hallar çox olur.

 

“Azərbaycan müəllimi” qəzeti Vətən müharibəsində iştirak edən təhsil işçiləri ilə bağlı mütamadi yazılar paylaşır. Onların siyahısını nazirlikdən əldə etmişik. Ancaq siyahıdakı müəllimlərin nömrəsini təhsil şöbələrindən almalıyıq. Təsəvvür edin ki, təhsil şöbələrindən rəsmi sorğu ilə mcüraciət tələb edənlərə belə rast gəldim.

 

Təhsil qurumlarının fəaliyyəti sadəcə təhsil üzrə ixtisaslaşmış mətbuat orqanları üçün yox, bütün mətbuata maraqlı olmalıdır. Bəzən şikayətlər eşidirik ki, mətbuat maarifləndirməyə maraq göstərmir. Ancaq “Azərbaycan müəllimi” qəzetindəki fəaliyyətim dövründə bir daha əmin oldum ki, təbliğat sadəcə qrant layihələrinin mövzusu olaraq maraqlıdır. Reallığa gələndə, vəziyyət dəyişir”.

 

Visiontv.az xəbər portalının redaktoru Orxan Kərimov qurumların media ilə işləməyə üstünlük verdiyi qənaətindədir:

 

 “Son vaxtlar təhsil qurumları media ilə sıx işləməkdə daha maraqlıdır.  Fəaliyyət göstərdiyim müddət ərzində müraciət etdiyim təhsil qurumları vaxtında sorğuları cavablandırıblar. Buna misal olaraq  Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, həmçinin, ali təhsil qurumları  - AzTU, ATU, BDU və misal göstərmək olar. 

 

 Düşünürəm ki, təhsil və media arasında bu körpü öz bəhrəsini verməkdədir”. 

 

Teleqraf İnformasiya Agentliyinin əməkdaşı Aysel Azad qurumların bəzi hallarda sorğuları cavabsız qoyduğunu qeyd edir:

 

 

“Əsasən Təhsil Nazirliyi ilə çalışırıq. İstisna hallar xaric, fəaliyyətləri məni qane edib. Bəzi məqamlarda ya sorğu cavabsız qalıb, ya da mövzunun xəbər yükü öldükdən sonra cavab göndərilib”.

 

Report İnformasiya Agentliyinin əməkdaşı Səid Qərib media ilə jurnalistlərin əlaqələrini müsbət qiymətləndirir:

 

 “Düşünürəm ki, hazırda jurnalistlərin bir çox qurumlara əlçatanlığı təmin edilib. Təbii ki, bu gün jurnalistlərin telefon zənglərini, sorğularını cavabsız qoyan qurumlar da var. Amma ümumilikdə, təhsilə aid qurumlarla media arasında əlaqələri yüksək qiymətləndirirəm.

 

Hesab edirəm ki, bu, həmin qurumlarda mətbuatla işləməyə təhkim edilmiş kəslərin jurnalistlərlə şəxsi münasibətlərindən irəli gəlir”.

 

Təhsil jurnalisti Ruzbeh Məmməd təhsil qurumları ilə əməkdaşlıqdan razı olduğunu söyləyib:

 

 “Təhsil qurumlarından TN və BŞTİ-ə ən çox sual ünvanlamışıq. Hər iki qurumda çalışan dostlarımız - Billurə xanım, Fərizə xanım, Cəsarət bəy, Şəhanə xanım, Bəşarət bəy məmnunluqla sualımızı cavablandırmağa çalışıblar. Forsmajor hallar da olub, cavab almamışıq. Nazirlikdə çalışan həmkarlarımız bizi başqalarından daha üstün tutublar, dəyər veriblər. Narazı qaldığım an olmayıb. Yeri gəlmişkən onları da mətbuat günü münasibəti ilə təbrik edirəm!”.

 

Bütün media nümayəndələrini təbrik edir, onlara fəaliyyətlərində uğurlar diləyirik!

Şükufə Süleymanlı
Müəllifin digər yazıları