Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-19 10:32:00
UNEC-də korporativ təhsil üzrə ilk məzunlara sertifikatlar verilib

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ilk dəfə keçirilən korporativ təhsil “Rəqəmsal marketinq” sertifikat proqramı uğurla yekunlaşıb. Proqramı bitirən məzunlar üçün sertifikatların təqdimolunma mərasimi keçirilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, tədbirdə çıxış edən rektor Ədalət Muradov iştirakçıları təbrik edərək, mütəxəssis hazırlığı ilə bağlı bir sıra məqamlara toxunub. Rektor hazırkı dövrdə əmək bazarı və onun tələblərinin sürətlə dəyişdiyini, diplomun rolunun azalaraq əmək bazarında daha çox vərdiş və bacarıqlara önəm verildiyini, ömürboyu təhsil, tamamilə yeni və innovativ sahələr üzrə sertifikat proqramlarının zərurətə çevrildiyini deyib. Bu məqsədlə UNEC-də müasir əmək bazarının tələbləri nəzərə alınmaqla və “UNEC 100” İnkişaf Strategiyasına uyğun olaraq korporativ təhsilə başlandığını və ömürboyu təhsil fakültəsinin yaradıldığını diqqətə çatdırıb. UNEC-də keçirilən “Rəqəmsal marketinq” sertifikat proqramında əldə olunan bilik və bacarıqların gənclərin karyerası üçün faydalı olacağından əminliyini ifadə edən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Sonra UNEC-in Karyera Mərkəzinin direktoru, rəqəmsal marketinq üzrə feysbuk və ququl tərəfindən rəsmi akkreditasiya olmuş mütəxəssis Ramil Cabbarov korporativ təhsilin yekunu barədə məlumat verib. Bildirib ki, UNEC-in Rəqəmsal Marketinq mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimlər Beynəlxalq Rəqəmsal Marketinq İnstitutunun tədris proqramına uyğun keçirilir. R.Cabbarov proqrama uyğun olaraq növbəti 2 ay müddətində iştirakçılara konsultasiya xidmətinin göstəriləcəyini də vurğulayıb.

 

UNEC-də korporativ təhsil üzrə sertifikat proqramlarının keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirən iştirakçılar təkliflərlə çıxış ediblər.

 

Sonda korporativ təhsili uğurla bitirən məzunlara sertifikatlar təqdim olunub