Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-20 11:45:00
"Ölkəmizi ləyaqətlə təmsil etmək ən başlıca hədəfim olacaq”-14 universitetə qəbul olan TƏLƏBƏ  

 

Bu  il  ölkəmizin  ali  təhsil  müəssisələrindən  məzun  olan  bir  çox  istedadlı  gənclərimiz  təhsillərini  xarici  ali  təhsil  müəssisələrində  davam  etməkşansı  əldə  edirlər.

 

Bu məzunlar arasında uğurlu nəticələri ilə seçilən tələbələrimizdən biri də Zahir Ağayevdir.

 

Zahir Ağayev bu il Bakı Ali Neft Məktəbindən bakalavr pilləsi üzrə məzun olub, eyni zamanda dünyanın 14 nüfuzlu ali təhsil müəssisəsində təhsil almaq şansı əldə edib. Bu universitetlərdən 4-ü birbaşa doktorantura pilləsi üzrə təhsil imkanı  təqdim edir.

 

AzEdu.az  bu  istedadlı  gənclə  olan  müsahibəni  təqdim  edir.

 

Əvvəlcə onu öz dilindən tanıyaq...Mən, Zahir Ağayev, 1999-cu ildə Bakıda anadan olmuşam. Orta məktəbi Xırdalan şəhər 2 saylı tam-orta məktəbdə əla qiymətlərlə başa vurduqdan sonra, 2016-ci ildə DİM tərəfindən təşkil edilən qəbul imtahanlarında  650 bal toplayaraq qəbul  olduğum  Baki Ali Neft Məktəbinin Kimya Mühəndisliyi  ixtisasından  bu  il  məzun  oldum.

 

Bakalavriat  səviyyəsindən  yüksək  ortalama  ilə  məzun  olmusuz. Bir az bu  pillədə  təhsil  müddətinizdən danışardınız. Dərslərdə  iştirakınız, imtahanlara  hazırlıq prosesiniz necə idi? Bu  dövrdə nə kimi aktivlikləriniz  olub?

 

-Əsas olaraq balanslı tələbə həyatı keçirməyə çalışırdım. Başqa sözlə desək, universitet təhsilimlə yanaşı sosial aktivliyə və proyektlerə qoşulmağa, şəxsi və texniki kefiyyətlərimi inkişaf etdirməyə üstünlük verirdim. Bakalavr təhsilim boyunca ixtisasımla əlaqəli iş və təcrübə proqramlarında qazandığım bilgilər, dərsliklərdəki və digər resurslardakı nəzəriyyəni praktikada tətbiq edərək daha da möhkəmləndirməyə kömək olurdu. Bu müddət ərzində bir sıra elmi araşdırmalarla da yaxından məşğul olmuşam. Ətrafımdakı insanların sonsuz dəstəyi isə düzgün yolda olduğumu göstərir və məni hər gün bu yolda əmin addımlarla irəliləməyə daha da motivasiya edirdi.

 

İmtahanlara hazırlıq prosesində isə dərs proqramını son ana saxlamaqdansa, davamlı olaraq çalışmaq, fikrimcə, daha yaxşı nəticələr verir. İmtahanlara sistemli şəkildə hazırlaşır, yaxın dostlarımla birgə tez-tez müzakirələrə qoşulurdum. Bu isə hər hansı çətinliyimiz olduqda birlikdə müzakirələr ilə effektiv şəkildə öhdəsindən  gəlməyimizə kömək edirdi.

 

Dünyanın  nüfuzlu  14 ali  təhsil  müəssisəsinə  qəbul  almısınız. Müraciət  prosesiniz  necə oldu? Bu  ali  təhsil  müəssisələri  hansılardır?

 

-Təhsilimin müəyyən bir hissəsini xaricdə nüfuzlu universitetlərin birində davam etdirməyi uzun müddətdir fikirləşirdim. Amerika Birləşmiş Ştatlarında mühəndisliyin yüksək səviyyədə tədris olunması və elmi araşdırmalara yüksək dəyər verilməsi sırf bu ölkəyə fokuslanmağıma səbəb oldu. Tələb olunan sənədləri hazırladıqdan və imtahanları verdikdən sonra universitet seçiminə başladım, bu isə ən əsas prosedurlardan biri idi. Siyahı bir qədər uzun olsa da, öncədən bir sıra kriteriyalar hazırlamışdım. Universitetlərin dünya reytinqində və kimya mühəndisliyi üzrə sıralaması, tədris proqramları və elmi işlərə verdikləri önəm, məzunların gələcək karyera imkanları, universitetin yerləşdiyi ştatın təhlükəsizliyi və iqlimi həmin kriteriyalardan sadəcə bir neçəsidir. Daha sonra isə onlayn yolla müraciətlər, professorlarla, kafedralarla onlayn görüşlər, müsahibələr və digər mərhələlərin nəticəsində ABŞ-ın 13 nüfuzlu universitetinə qəbul şansı qazandım. Həmin universitetlərdən 7-si mənə təhsil müddətində məzun asistentlik (graduate assistantship) təklifi etdi, bu vəzifə sayəsində həm universitetin təhsil haqqından azad olunacaq, həm də əmək haqqı alacağam. Bundan əlavə, daha bir neçə ali məktəbin və təqaüd proqramının ilkin müraciət və qəbul mərhələlərini keçsəm də, artıq hədəflədiyim nəticəni aldığım üçün həmin müraciətlər üzrə yekun mərhələlərdə iştirak etməkdən imtina etdim.

 

Qəbul  aldığınız  ali  təhsil  müəssisələrindən  hansını  seçməyi  düşünürsüz  və nə üçün?

 

-Gələcək tələbə həyatımı ABŞ-ın Konnektikut Universitetinde (University of Connecticut) Kimya Mühəndisliyi üzrə birbaşa doktorantura proqramında davam etdirməyi planlayıram. Bu müddət boyunca, həm də elmi rəhbərimlə birlikdə məzun asistent kimi elmi araşdırmalarla yaxından məşğul olmağa və elm sahəsinə öz töhfələrimi verməyə çalışacağam.

 

Bu universitet əvvəlcədən qeyd etdiyim bütün kriteriyalarıma müsbət cavab verirdi. Universitetin reytinqi, elmi araşdırmalara ayırdığı önəm, təcrübəli professor və müəllim heyəti, Konnektikut ştatının iqlimi və təhlükəsizlik səviyyəsi bu seçimdə böyük rol oynadı.

 

Maraqldır, uğurlu  təhsil  yoluna  malik   biri  olaraq  nə  kimi  gələcək  planlarınız  var?Təhsil  aldıqdan  sonra  ölkəyə  qayıtmağı  düşünürsüz?

 

-Birbaşa doktorantura proqramında təhsil almağı seçdim və bu proqramın 5 il davam etməsi gözlənilir. Bu isə çox uzun bir müddət olduğuna görə gələcəklə bağlı dəqiq bir proqnoz vermək çətindir.

 

Buna baxmayaraq, istər ölkəmizdə, istərsə də dünyanın başqa bir hissəsində olarkən ölkəmizi ləyaqətlə təmsil etmək, elmə öz töhfələrimi vermək ən başlıca hədəfim olacaqdır.

 

Sizin  kimi  xaricdə  təhsil  şansı  əldə  etmək və  təhsilində uğur  qazanmaq   istəyən  abituriyent  və  tələbələrə  nə kimi  məsləhətləriniz  olardı?

 

-Fikrimcə, bu yolda ən önəmli faktor xarici dil biliyidir. Müasir dövrümüzdə ingilis dili dünyanın bütün resurslarını əlçatan edən ən önəmli vasitədir. Bundan başqa, abituriyentlərə ixtisas seçimlərində çox diqqətli olmağı və sevdikləri, özlərini gələcəkdə yiyələnmək istədikləri peşənin arxasınca getməyi məsləhət görərdim.

 

Bunlarla birlikdə, balanslı tələbə həyatının,  güclü texniki ve şəxsi keyfiyyətlərin onları daha böyük uğurlara aparacağına əminəm.

 

Məzunumuz  son olaraq isə -“Başda valideynlərim olmaqla, dostlarım, məzunu olduğum məktəb və universitetin professor, müəllim heyəti və bu yolda üzərimdə əməyi olan hər kəsə öz dərin minnətdarlığımı bildirir, əməklərinin qarşılığını vermək üçün çox çalışacağımı bildirmək istəyirəm”-deyə qeyd edib.