Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-12 13:27:00
Şans imtahanlarının ləğvi abituriyentlərə nə dərəcədə mənfi təsir göstərəcək?-Ekspertlərdən tövsiyələr

 

 

Bir neçə gün əvvəl Dövlət  İmtahan  Mərkəzi  və  Təhsil  Nazirliyi  qəbul  imtahanlarının  keçirilməsində  edilən  dəyişikliklə  bağlı  birgə  məlumat  yayıb.

 

Məlumata  əsasən, bu  il  ali  təhsil  müəssisələrinə qəbul  imtahanlarının  ikinci  mərhələsi  bir  dəfə  keçiriləcək.

 

Mövzu  ilə  bağlı  təhsil  eksperti, Bakı Mühəndislik Universitetinin prorektoru   Elçin  Süleymanov  AzEdu.az-a açıqlamasında  bildirib  ki, bəzi  nüansları  nəzərə  alsaq,  bu  qərar  gözlənilən  idi:

 

“İmtahan, apellyasiya və qeydiyyat prosesi və ali məktəblərdə  tədrisin 15 sentyabrda başlamasını nəzərə alsaq bu qərar gözlənilən  idi. Normalda  DİM ikinci imtahanı, maliyyə resurslarına dəstək olamaq  üçün  keçirmək istəyər, sadəcə  bu  il  müddətin azlığı buna imkan vermir. Bu  səbəblə  abituriyentlər  builki imtahanda diqqətli olub imtahan  suallarını  maksimum savadlarına uyğun cavablandırmalıdırlar. Eyni zamanda əvvəllər sadəcə bir imtahanla universitetə qəbul olma sisteminin, artıq buraxılış və qəbul imtahanı olaraq ikimərhələli olması  abituriyentlərə bir dəstəkdir. Nəticələrinin hardasa 40 faizini təşkil edəcək 300 ballıq hissəsi artıq  məlumdur. Sadəcə,  digər  400  ballıq  marafon  qalıb”.

 

Təhsil  eksperti  bu  qərarın  nəticələri  dəyərləndirərək  abituriyentlərə  öz  tövsiyələrini  verib:

 

“Qəbul imtahanının  iki dəfə  keçirilməsi  abituriyentlərin  psixologiyasına müsbət  təsir  edir, imtahanın təkrarı onlara nəticələrini artırma şansı verirdi. Eyni zamanda DİM-in bu il pandemiya ilə əlaqədar olaraq sınaq imtahanlarını da onlayn  keçirməsi,  abituriyentlərdə olan real imtahan və cavab kartı doldurma bacarığına müsbət təsir edərdi. Ama həm resurs, həm də zaman baxımından imtahanların təkrarını keçirmək çətin olardı. Abituriyentlərin bu  səbəblə  narahat olmalarına  ehtiyac  yoxdur. Çünki imtahan şərtləri hamı üçün eynidir və keçid balları ümumi nəticəyə görə formalaşır. Ola bilsin ki,  təkrar imtahanlarda bal göstəriciləri yaxşılaşırdı, amma nəticə olaraq ixtisasların keçid balı da qalxırdı. Burada  müsbət  nəticələrin  az  olması,  abituriyentin, xəstəlik və gecikmə səbəbi ilə imtahanda yaxşı cavab verməməsi ilə  əlaqədar ola  bilər. Buna görə də tövsiyəm abituriyentlərin imtahan öncəsi sağlamlıqlarına ciddi fikir vermələri, imtahan binasını  bir  gün  əvvəl  gedib-görmələri və imtahana ən az göstərilən saatdan 30 dəqiqə əvvəlcədən çatmaqdır”.

 

 

Eyni  zamanda  təhsil  eksperti  Elçin  Əfəndi  ikinci  şans  imtahanlarının  keçirilməsinin  zaman  baxımından  qeyri-mümkün  olduğunu  bildirib:

 

 

“15 sentyabrda dərslər başlanacaqsa, real olaraq  blok  üzrə II şans imtahanının keçirilməsi  zamanlama səbəbindən qeyri-mümkündür. Qeyd edim ki, 27-28 iyul tarixində I və IV qruplar üzrə keçiriləcək blok imtahanının nəticələri ən geci 4 avqustda elan oluna bilər. Əvvəlki dövrlərdə (2020-ci ilədək) olan təcrübədən, yəni imtahanlar bitməmiş II şans üçün ərizə qəbulu başlamazasa, o zaman düşünək ki, 10-17 avqust aralığı ərizə qəbulu aparılacaq.  

 

24 avqust II-III qrupların imtahanı, 30 avqust I və IV qrupun imtahanı olarsa, o zaman cavablar ən geci 6 sentyabrda elan oluna bilər. Nəzərə alsaq ki, 1 həftə ərzində apelyasiya komissiyasına müraciətlər olunur, o zaman 13 sentyabrdan 23 sentyabradək ixtisas seçimi aparıla bilər. Bu isə real görünmür. Ona görə də düşünürəm ki, BLOK üzrə II şans imtahanının keçirilməsi məntiqi və tarixi baxımından real  görünmür. Pandemiyadan asılı olmadan belə”.