Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-10 17:16:00
İnnovativ təhsil mühitinin formalaşmasında texnologiyaların roluna dair vebinar təşkil edilib  

Təhsil İnstitutu “Datalar, cəmiyyət və rəqəmsallaşma: innovativ təhsil mühitinin formalaşmasında inkişafda olan texnologiyaların rolu” mövzusunda vebinar təşkil edib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, vebinarda spiker qismində “Google” şirkətinin xanımlar üçün təsis etdiyi qrantın ilk azərbaycanlı qalibi, Almaniyada süni zəka üzrə “İlin gənc tədqiqatçısı” seçilmiş və Prezident mükafatına layiq görülmüş Günay Kazımzadə çıxış edib.

 

G.Kazımzadə həyata keçirdiyi tədqiqat layihələri barədə məlumat verdikdən sonra data və inkişafda olan texnologiyaların cəmiyyətə təsiri, innovativ tədqiqat və inkişaf mühitinin inkişafında beynəlxalq təcrübə, innovativ təhsil mühitinin təməlində sektorların əməkdaşlığı, gələcəyə baxış – təhsilin gələcəyi kimi mövzulardan bəhs edib.

 

Almaniyada və Avropa ölkələrində tədqiqat institutlarının özəl şirkətlər tərəfindən maliyyələşdirildiyini qeyd edən spiker Almaniyanın Vayzenbaum İnstitutu haqqında məlumat verib. O, 7 nəfərdən ibarət tədqiqat qrupu ilə birlikdə həyata keçirdiyi layihələrdən danışıb.

 

G.Kazımzadə 50 milli süni intellekt strategiyası olan ölkələr haqqında danışarkən Kanada və Almaniya təcrübəsi barədə ətraflı məlumat verib. İnnovativ təhsil mühiti haqqında çıxış edən spiker inkişafda olan texnologiyalar və Dördüncü Sənaye İnqilabı çərçivəsində robotlar, “big data”, kibertəhlükəsizlik, bulud (cloud) xidmətləri və digər texnologiyaların mühümlüyünü qeyd edib.

 

Çin təcrübəsində müəllimlərə kömək edən robotlar haqqında danışan spiker bildirib ki, robotlar tələbələrin problemlərini proqnozlaşdıraraq onların həllində müəllimlərə assistentlik edirlər.

Vebinar zamanı təhsilin gələcəyində fərdi öyrənmə, inklüzivlik, mentorluq və müəllimlik, bacarıqlara əsaslanan təhsil, müəllim robotlar və köməkçilər kimi faktorların dayandığı xüsusilə qeyd edilib.

 

İki yüzə yaxın təhsil idarəçisi, işçi, sənaye sahəsinin nümayəndəsi və tələbənin qatıldığı tədbirin sonunda spiker iştirakçıların suallarını cavablandırıb.