Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-11 09:30:00
Gecikdikləri üçün imtahan zalına həsrətlə baxanlar- MİQ müsabiqəsinin bir günü-REPORTAJ/FOTOLAR

 

Hazırda  müəllimlərin  işə  qəbul  müsabiqəsinin  test imtahan  mərhələsi  davam  edir.

 

Artıq  ikinci  ildir  ki, müsabiqə  bütün  dünyanı  öz  cənginə  alan  pandemiyadan  müdafiə  qaydalarına  uyğun  şəkildə  təşkil  edilir.

 

İyulun  5-dən etibarən  start  verilən  test  imtahanlarında  ardıcıllıq  üzrə  İbtidai  sinif  müəllimliyi  üzrə  imtahan  prosesi  davam  edir.

 

AzEdu.az   müsabiqənin test imtahanı mərhələsinin    aparıldığı  Azərbaycan Texniki Universitetinin  (AzTU)   idman  mərkəzindən  reportajı  təqdim edir.

 

Binanın  önündə  namizədlərin  ailələri  toplaşıb, həyəcanla  imtahanı gözləyir, az qala, içəri  daxil olan hər kəsə uğur arzulayırlar... Qeydiyyat  vaxtının  bitməsinə  az  qaldığı  üçün  imtahanda  iştirak  edəcək  müəllim  namizədlər  əllərində buraxılış  kağızları  ilə  həyəcanla  imtahan  binasına  daxil  olmağa  tələsirlər. Mühafizə  xidməti   geri qalan

namizədləri  səsləyərək  tələsdirir, onları  tək-tək yoxlayıb  binaya  buraxır.

 

Binaya  daxil  oluruq, bizi nəzarətçi  könüllülər  və  təşkilati heyət  qarşılayır.  Namizədlər  qeydiyyat  şöbəsinə  yaxınlaşdıqdan  sonra  imtahan  zalına  yola salınır. Qeydiyyat  müddəti  tamamlanır  və  qapılar  bağlanır.

 

Artıq işə  başlamaq zamanı...  Çox keçmir ki,  Təhsil  İnstitutunun  İnsan  Resursları  Mərkəzinin  direktoru  Nurlan  İsmayılbəyli  ümumi  proses  barədə  media təmsilçilərini  məlumatlandırır:

 

-Artıq  5  iyuldan  etibarən  Müəllimlərin  işə  qəbulu  üzrə  müsabiqənin  test  mərhələsinə  start  vermişik. Bu  gün  artıq  müsabiqənin  beşinci  günüdür. İnformatika- Fizika  fənnləri  üzrə  namizədlər  öz  imtahanlarını  bitiriblər. Ardıcıl  olaraq  üçüncü  gündür  ki, ibtidai  sinif  müəllimlərinin  imtahanları  davam  edir. Ümumi  olaraq  isə  proses  2 avqusta  kimi  davam  edəcək  və  59 min 153  namizədin  test  mərhələsində  iştirakı  nəzərdə  tutulub. Qeydiyyat  prosesinə  nəzər  salsaq, ilk  4  gün  ərzində  80%-ə kimi  davamiyyət  qeydə  alınıb və  artıq  prosesdə  9  min  600-dən  artıq  namizəd  iştirak  edib. Keçən  il  ilk  dəfə  olaraq  biz  prosesi  Bakı  şəhəri  ilə  yanaşı  17, bu  il  isə 12  müxtəlif  regionda  təşkil  edirik.  Bu  regionlar  Sumqayıt, Abşeron, Şamaxı, Şirvan, Quba,Masallı, Kürdəmir, Balakən, Mingəçevir,Ağcabədi  və  Gəncə şəhərləridir. İbtidai  sinif  üzrə  imtahanlar  növbəti  həftənin  ilk  günü  də  davam  edəcək. Daha  sonra  isə  ardıcıllıq  üzrı  sıra  Riyaziyyat  fənni  üzrədir.

 

Yavaş-yavaş  digər  media  nümayəndələri  mərkəzdə  imtahanların  keçirildiyi  zala  doğru  hərəkət  edirik. Bu  zaman  direktor  bizi  məlumatlandırmağa  davam  edir:

 

-Gün  ərzində  imtahanlar  üç  seansda  təşkil  edilir. İlk  seansda  08:20-dən etibarən müəllimlər imtahan binasına  daxil olur və qeydiyyat  prosesi  aparılır. Qeydiyyat  prosesi  40  dəqiqə davam  edir və  müddət  bitdikdən  sonra  qapılar  bağlanır, namizədlərin  girişi  bloklanır. İmtahanların  müddəti  90  dəqiqədir. Ümumilikdə  verilən  60  sualdan  40-ı  ixtisası,  digər  20-si  isə  tədris  strategiyası  və  təlim  metodikasını  əhatə  edir. İlk  seansda  saat  09:00-da  imtahana  başlayırıq və  bu  10:30-a  kimi  davam  edir. İkinci  seansımız  11:30-dan  etibarən  qeydiyyat  prosesinə  başlayır. Daha  sonra  12:30-14:00  arası  ikinci imtahan  seansı  aparılır. Sonuncu  seans  16:00-da  başlayır  və 17:30-da   yekunlaşır. Görmə  əlilliyi  olan  vətəndaşlarımız  üçün  qanunvericilikdə  əlavə  30  dəqiqə  də  müddət  nəzərdə  tutulub.

 

Qısa  müddət  sonra  biz  təşkilatçılarla  birlikdə  imtahanların  təşkil  edildiyi zala  daxil  oluruq. Namizədlərin  imtahanın  başlamasını  gözləyərəkən  keçirdikləri  həyəcan  və stress  üzrlərində  çox aydın  hiss  olunur. 

 

Yüksək  bir  səslə  imtahanların  başladığı  elan  olunur. Könüllülərdən  ibarət  nəzarətçilər  bir-bir  namizədlərə  yaxınlaşaraq  onlara  yardımçı  olmağa  çalışır.

 

Direktor  prosesə  mane  olmamaq üçün  zalın  girişində  alçaq  səslə  suallarımızı  cavablandırmağa  davam  edir:

 

 

-Hazırda  bu  mərkəzdə  imtahanların  keçirilməsi  üçün  üç  zal  fəaliyyət  göstərir.Pandemiyadan  əvvəl   iki  zaldan  istifadə  edirdik.  Hazırda  olduğumuz  zalda  pandemiyadan  əvvəl  eyni  vaxtda  640  namizəd  imtahan  verə  bilirdi. Ancaq  indi  pandemiyadan  müdafiə  qaydalarına  uyğun  olaraq  bu  sayı  270  nəfərə  endirmişik.  İmtahan  zalında  olacaq  namizədlərin  sayını  müəyyənləşdirmək  üçün  bir  neçə  məqam  nəzərə  alınıb.  Məsələn, Gəncə  şəhərində  iki  müxtəlif  müəssisədə  imtahan  təşkil  edilir,orda  ümumi  tutum  sayı  170-ə  bərabərdir. Əsasən, o  imtahan  mərkəzinə  və  imtahanın  keçiriləcəyi  zala  dəvət  olunacaq  regionlar  üzrə  namizədlərin  sayı  və.s  kimi  məqamlar  nəzərə  alındığı  üçün  zalların  tutumu  dəyişir. Məsələn, Şamaxıdakı  imtahan  zalının  tutumu  85, Kürdəmirdə  75, Balakəndə  100-ə  bərabərdir. Bu  say  bölgələr  üzrə  dəyişir. 2019-cu  ilə  kimi  MİQ  imtahanları  bu  məkanda – Azərbaycan  Texniki  Universitetinin  idman  zalında  keçirilib. Ötən  il  pandemiya reallığını  nəzərə  alınaraq  17  müxtəlif  şəhərdə, 32  müxtəlif  məkanda  imtahanlar  keçirildi. Bu  il  mərkəzlərin  sayını  biz  az  azaltdıq, ancaq  tutumları  artırdıq. Bakı  şəhəri  də  daxil  olmaqla  12  müxtəlif  bölgədə  və  13  müxtəlif  mərkəzdə  imtahanlar  təşkil  edilir. Bu  ümumi  şəkildə  3000-dən  artıq  namizəd  imtahanlarda  iştirak  edəcək. Paytaxt  üzrə  iştirak  edəcək  nazmidələrin  sayı  1000-dən  çoxdur, digər  namizədlərin  sayı  isə  bölgələri  əhatə  edir. Hazırda bu mərkəzin  ümumilikdə  tutumu  450-ə  bərabərdir. Ancaq  pandemiyadan  öncə  yalnız  bir  kiçik  və  yuxarıda   yerləşən  böyük  zalda  900-ə  yaxın  namizədin  iştirakı  üçün  imtahanlar  təşkil  edilirdi. Hər  iki  kiçik  zalda  100-ə  qədər  namizəd  imtahan  prosesində  iştirak  edir.

 

Buradan  çıxıb  digər  imatahan  zallarına  doğru  hərəkət  edirik. Bu  müddətdə  nəzarətçilərin  prosesin  şəffaflığı  üçün  necə çalışmasının  və  daim  bir-birilərini  məlumatlandırmasının  şahidi  oluruq.

 

Uzun  dəhlizlə  hərəkər  edərək  digər  zalı  prosesə  mane  olmadan  yuxarıdan  müşahidə  etmək  üçün  keçidə  daxil  olduq. Burada  diqqətimizi  namizədlərin  hər brinin  yanında  olan  qara  paketlər  çəkir. Bunların  nə  olduğunu  soruşduqda  isə  direktorun  cavabı  maraqlı  olur:

 

-Həm  pandemiya, həm  də  ümumi  vəziyyətləri  nəzərə  alaraq  biz  namizədlərə  tövsiyələr  hazırlamışıq. O, tövsiyələrdə -“Mümkünsə  əşyalarınızı  gətirməyin”- hissəsi  qeyd  olunub. Ancaq  namizədlərin  əksəriyyəti  ailəli, yaxud  gənc  xanımlar  və ya   bəylərdir. Onlar  da  ailələri  ilə  danışmağa  ehtiyac  duyurlar. Buna  görə  telefonların  sönülü  olması  və  əlavə  avadanlıqların  olmaması  şərti  ilə  çantalarına  gətirmələrinə  icazə  var. Bütün  imtahan  zallarının  girişlərində  həmin  şəxslərin  girişləri  təkrar  yoxlanılır, əlavə  gətirilən  bütün  əşyalar  paketlənir  və  namizəd  imtahan  müddətində  onlara  toxuna  bilmir. Sonda  həmin  paket  namizədin  özünə  təqdim  olunur  və  o  əşyalarını  götürüb  imtahan  zalını  tərk  edir.

 

Digər  zala  nəzarət  bölgəsindən  çıxıb  qeydiyyat  şöbəsinə  doğru  hərəkət  edərkən  bağlanan  giriş  qapısının  önündə  gözləyən  və  içəri  girməyə  çalışan  gecikən  namizədləri  görürük. Onlar  kədərli  şəkildə  içəri  baxır  və bura  daxil  olmağa  ümüd  edirlər.

 

Biz  prosesdə  hər hansı bir problem  olub-olmaması  və  həmin gecikən namizədlərin  taleyi  ilə bağlı  direktordan  maraqlandıq:

 

-Bütün  namizdələrimiz  qaydalara  və  təlimatlara  uyğun  şəkildə  prosesdə  iştirak  edir, heç  bir  problem  olmur. Tək  problemimiz  imtahana  gecikən  namizədlərlə  bağlıdır. Ancaq  bu  da  bizdən  asılı  bir  şey  deyil. Bütün  təlimatlarda, Təhsil  Nazirliyinin  feysbuk  hesabı  və  namizədlərin  şəxsi  səhifələrində   qeydiyyat  müddətinin  40  dəqiqə  olması  və  müddət  bitdikdən  sonra  namizədlərin  buraxılmayacağı  ilə  bağlı  məlumat  qeyd  olunub.Bəzən  bu  müəyyən  münaqişəyə  səbəb  olur. Amma  nəticə  etibarı  ilə  namizədlər  də artıq  ümumi  qaydalarla  tanışdılar  və  başqa  problem  yaranmır. Gecikdikləri  üçün  imtahana  buraxılmayan  müəllimlər  əlbəttə ki, istəsələr  Təhsil  Nazirliyinə  müraciət  edə  bilərlər. Ancaq  təəssüf  ki, bu  namizədin  özü  ilə  bağlı  bir  məsələ  olduğu  üçün  kiminsə  kömək  edə  biləcəyini  düşünmürük. Artıq  həmin  namizəd  bir  də  növbəti  il  bu  prosesdə  iştirak  edə  bilər. Bəzi  namizədlər  regionlarda  olmalarına  baxmayaraq  Bakıda  imtahan  vermək  istəyirlər. Bu halda  da  gecikmələrin  müşahidə  olunması  təbiidir. Ümumilikdə hər hansı ciddi problemlərimiz olmur. Bəzən  şəbəkə  ilə  bağlı  problemlərlə  üzləşirik,yaxud  avadanlıqlarla  bağlı  müəyyən ehtiyac  olur  və bu  tələb  dərhal  ödənir. Əgər  namizədin  imtaha  verdiyi  müddətdə  texniki  nazasızlıqla  bağlı  gecikmə  varsa  bu  müddət  konpensasiya  olunur.  Ehtimallar  daxilində  belə  bir  şey  var  ki, ümumiyyətlə bir  imtahan  otağı, və  ya  mərkəzdə  problem  yarana  bilər. Bu zaman  həmin  namizədlər  üçün  növbəti  günlərdə  imtahan  seansının  təşkil  olunması  nəzərdə  tutulur

 

Daha  sonra  media  nümayəndləri  və  təşkilatçılarla  fasilə  vermək  üçün  dayanırıq. Bu  müddətdə  də  Təhsil  İnstitunun  İnsan  Resurları  Mərkəzinin  direktoru  Nurlan  İsmayılbəyli  digər  təşkilatçılarla  birlikdə  suallarımızı  cavablandırmağa  davam  edir.

 

Bəs  Bakıda  və  regionlarda  imtahan  prosesinə  nəzarət  necə  həyata  keçirilir?

 

-Hazırda  burada  fəaliyyət  göstərən  imtahan  idarəçilərinin  sayı  100  nəfərdən  çoxdur. Bunlar, Təhsil  Nazirliyinin  “Bir  Könüllü” layihəsi  əsasında  cəlb  edilən  könüllülərdir. Bu  könüllülər  Bakı, Sumqayıt  və  Abşeronda  fəaliyyət  göstərirlər. Hər  üç  namizədə  bir  könüllü  nəzarət  edir.  Digər  imtahan  heyətlərimiz  isə  yerli  Təhsil  İdarəetmə  orqanlarının  əməkdaşları  və  həmin  məktəbin  heyətindən  fotmalaşdırılıb. Bütün  ölkə  üzrə  300-dən  artıq  şəxs  nəzarətçi  və  imtahan  rəhbəri  qismində bu  prosesə  cəlb  olunub. 

 

Daha  sonra  direktor  imtahan  prosesinin  təşkili  və  vakant  yerlər  üçün  rəqabət  haqqında  danışaraq, bu  il  rekord  sayda  müraciət  və imtahanda  iştirak  üçün  dəvət  olunan  namizəd  olduğunu  bildirir:

 

-Ötən  il  pandemiya  şərtlərini  nəzərə  alaraq  ilkin olaraq  işləməyən  müəllimlər  və  yeni  məzun  olan  namizədlərin  iştirakını həyata  keçirdik. Daha  sonra  biz  düşündük  ki,  işləyən  müəllimlərin  imtahanda  iştiraknı  təmin  edək. Bildiyimiz  kimi Vətən  müharibəsi  və  pandemiya  şərtləri  tədris  ili  ərzində  bu  imtahanları  təşkil  etməyimiz  üçün  bizə  imkan  vermədi. Bu  isə  namizədlərlə  bağlı  xüsusi  tələb, şərt  yoxdur. İstəyən  şəxs  imtahanda iştirak  edə  bilir. Nəticə  olaraq  bu  il  62 min 242  namizəddən  60 min  627  namizəd  öz  ərizəsini  təsdiq  etdi. Müsabiqədə  iştirak  üçün  emal  prosesi  bitdikdən  sonra  59  min  171  namizədin  ərizəsi  təsdiq  olundu. Hardasa 18  namizəd  birbaşa  diaqnostik  qiymətləndirmə  nəticəsində  birbaşa  vakansiya  seçimində  iştirak  etdilər. Bu  il  imtahanda  işdirak  üçün  dəvət  göndərilən  namizədlərin  sayı müsabiqə  tarixində  rekorddur. Əvvəl  bu say 48 mindən çox idisə, bu il 59 mindən çoxdur. İmtahanlarda  ən  yüksək  bal  toplayan  namizəd  vakant  seçimində  digərlərindən  daha  üstündür. Toqquşma  halında  təhsil  və  stajla  bağlı  müəyyən  meyarlar  var  və  bu  ötən  ildən  tətbiq  olunur.Bu  zaman  həmin  meyarlara  əsasən  namizədlərə  üstünlük  verilir. Əgər  toqquşma  halı  yoxdursa, bu  zaman  kimin  seçilmiş  vakant  yer  üzrə  balı  daha  yüksəkdirsə  həmin  namizəd  seçilir.

 

 

Dəhlizdə  və  imtahan  zallarında  nəzarətçi  könüllülərin  daim  hərəkədə olması  və  imtahan prosesinin  şəffaf  keçirilməsində  vacib  rol  oynadıqlarının  şahidi  oluruq.

 

Ela  bu  zaman  “Bir  tələbə”  könüllü  proqramının  koordinatoru  Möhtərəm  Ağayeva  onların  fəaliyyəti  barədə  məlumat  verməyə  başlayır:

 

-Hazırda  Bakı, Abşeron  və  Xırdalanda  ümumilikdə  110-a  yaxın  tələbə-könüllü  fəaliyyət  göstərir. Könüllülərin  fəaliyyətləri  əsasən, gələn  namizədlərin  temperaturlarının  ölçülməsi, zallara  istiqamətləndirilmələri, zallarda  həmin  namizədlərin  qəbul  olunması, onların  bütün  əşyalarının  paketlənməsi, oturacaqları  yerlərə  yönləndirilməsi, namizəd  yerləşdikdən  sonra  təlimatın  oxumasını  əhatə  edir.  Daha  sonra  isə  imtahan başlayan  zaman  könüllü  nəzarətçilər  imtahanın  gedişatına  nəzarət  edir, proses  zamanı  namizədlərin suallarını  cavablandırırlar. Bununla  yanaşı  imtahana  başlamazdan  öncə  tələbə  könüllülər  tərəfindən  kodlar daxil  edilir  ki, əks  təqdirdə  namizədlər  imtahana  başlaya  bilməz. Həmçinin  hər  hansı  problem  yaranan  zaman  iştirakçılar  tərəfindən  bu  könüllü  nəzarətçilərimizə  bildirilir  və  onlar  bu  problemi  aradan  qaldırırlar. İndiyə kimi  imtahanlar  əsasən  kağız  üzərində  olub, indi  isə  kompüter  vasitəsi ilə həyata keçirilir. Bəzən  elə  olur  ki, namizədlər  kompüterdən  istifadə  etməkdə  çətinlik  çəkirlər.Bu  zaman  nəzarətçi  könüllülərimiz  onlara  yardımçı  olurlar.

 

Elə  bu  zaman  ilk  maksimum  nəticə  göstərən  namizədin  olduğunu  öyrənirik. Gözləmə  zalındakı oturacaqlarda  əyləşən  müəllim  namizədə  yaxınlaşaraq  onu  təbrik  etdik  və  təəssüratlarını  maraqlandıq.

 

Əvvəlcə  özünüzü  təqdim  edin...

 

 

-Mən Qafarova  Gülər  Əlövsət  qızı. 13  ildir  Qobustan  rayonu  Təklə  kənd  orta  məktəbində  ibtidai  sinif  müəlliməsi  kimi  fəaliyyət  göstərirdim.Lakin  yol  məsələsinə  görə  gedib-gəlmək  mənə  problem  olurdu. Bu  səbəblə  yerdəyişmə  etmək  istəyirdim  və  bu  da  mənə  bu  il  nəsib  oldu. Maksimum  nəticə  göstərərək  60  bal  topladım, buna  görə  çox  sevincliyəm.Bütün  əziyyət  çəkənlərin  qarşılığını  görməsini  arzulayıram. İmtahan  prosesi  çox  şəffaf  və  rahat  şəkildə  təşkil  edilmişdi. Qeyd  edim  ki, bizə  keçən  ildən  Təhsil  Nazirliyi  bizə  imtahanlarda  hansı  mövzuların  düşəcəyi  ilə  bağlı  çərçivə  təqdim  etmişdi. Bu  çox  gözəl  bir  təşəbbüsdür, Nazirliyə  minnətdarlığımızı  bildiririk. Demək  olar  ki, bütün  suallar  bu  mövzu  çərçivəsini  əhatə  edirdi. Suallar  da  çox  rahat  idi, hamısının  öhdəsindən  gələ  bildim. Bu  da  hesab  edirəm  ki, mənim  əzimkarlığım  və  əziyyətimizin  bəhrəsidir. Uğur  əldə  etmək  istəyən  insan  mütləq  bu  yolda  əziyyətlərə  qatlanmalıdır.

 

Gülər  xanım, digər  namizədlərə  nə  kimi  tövsiyələriniz  olardı?

 

-Ən  əsası  məqsədli  olsunlar. Şəxsən  mən  səhər  imtahana  gəlmədən  əvvəl  geyindim-kecindim, hazırlaşdım  və  aynanın  qarşısında  dayanıb özümə -“Sən  bacaracaqsan, 60 bal toplayacaqsan,sənin  fotoların  çəkiləcək”- dedim və etdim. Hər kəsə  də  imtahana  yaxşı  hazırlaşmağı, özlərinə  inanmağı  və  məqsədli  olmağı  məsləhət  görürəm.

 

Müəllim namizədi  bir  daha  təbrik etdik  və  uğurlar  arzulayaraq  ondan  uzaqlaşdıq. Artıq  imtahanın  bitməsinə  az  qalıb.

 

Son  olaraq  direktor  bizi  imtahan  prosesində  həyata  keçirilən  yenilik barədə  məlumatlandırdı

 

-Hazırda  imtahan  verən, şəbəkədə olan  namizədlərə  imtahan  bitdikdən  sonra  öz  cavablarını   nəzərdən  keçirmələri  üçün  10  dəqiqə  vaxt  verilir. Namizəd  səhv  və  düz  qeyd  etdiyi  sualları  görür, öz  qeydlərini  aparır  və  bunu  bizə  bildirir. Daha  sonra  namizədin  şəxsi  səhifəsinə  onun  balı, səhv  və  doğru  yazdığı  cavablar  göndərilir. Eyni  zamanda  apellyasiya  pəncərəsi  açılır, namizəd  heç bir yerə müraciət etməyə  ehtiyac qalmadan  şəxsi  səhifəsi  ilə  nəticə  haqqında  istədiyi şəkildə  müraciətini  bizə  ünvanlaya  bilir. Daha  sonra  isə  ekspertlərimiz  tərəfindən  həmin  məsələ  araşdırılır və  nəticə  barədə məlumat  namizədin  şəxsi  səhifəsinə  göndərilir. İmtahanlar  şəbəkə  üzərindən  aparıldığı  üçün  son  iki-üç  ildir  bu  formatdan  istifadə  edilir.

 

Daha  sonra  dəhlizdə  yavaş-yavaş  çıxışa  doğru  yaxınlaşırıq. İmtahan  demək  olar  ki, bitir. Pilləkənlərdən  enən  və  könüllülərin  çıxışa  yönləndirdikləri  namizədləri  görürük. Simalarından  imtahanın  necə  keçdiyi  müəyyən  qədər  hiss olunur....