Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-09 14:17:00
Mingəçevir Dövlət Universitetinin aliminin məqaləsi nüfuzlu elmi jurnalda dərc edilib

Mingəçevir Dövlət Universitetinin (MDU) dosenti Nüşabə Qədimlinin həmmüəlliflərlə birgə yazdığı elmi məqalə ABŞ-ın Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun “Journal of The Eastern European and Central Asian Research” jurnalında dərc edilib.

MDU-dan AzEdu.az-a bildirilib ki, “İqtisadi şok zamanı Azərbaycanın iqtisadi inkişafında fiskal siyasətin səmərəliliyi və risklər” (İngilis dilində: “Fiscal policy effectiveness and risks in the development of Azerbaijan’s economy during economic”) adlı məqalənin yer aldığı sözügedən jurnal nüfuzlu Scopus bazasında indeksləndirilir.

Məqalə Azərbaycanda COVID-19 pandemiyası şəraitində fiskal siyasətin effektivliyinin empirik qiymətləndirilməsinə həsr olunub. Məqalədə Azərbaycanda fiskal göstəricilər və makroiqtisadi inkişaf göstəriciləri arasındakı səbəb əlaqələri müəyyən edilib, fiskal siyasət və iqtisadi inkişafın səmərəlilik göstəricilərinin iyerarxiya səviyyələri əsaslandırılıb. Reqressiya təhlili nəticəsində iqtisadi sabitliyə təsir göstərən maliyyə riskləri müəyyən edilib.

Qeyd edək ki, MDU Elmi Şurasının bu ilin 3 fevral tarixli müvafiq qərarı ilə “MDU əməkdaşlarının elmi nəşrlərdə dərc edilən əsərlərə görə mükafatlandırılması Qaydaları”nın təsdiq edilməsi universitetdə elmi fəaliyyəti əhəmiyyətli dərəcədə stimullaşdırıb. Nəticədə MDU əməkdaşlarının nüfuzlu elmi jurnallarda dərc edilən məqalələrinin sayı sürətlə artır.