Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-07 09:00:00
 İnformatika fənni üzrə ölkə birincisi: “Suallar orta səviyyədə tərtib edilmişdi”- MİQ

 

 

5 iyuldan etibarən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verildi.

 

 

6 iyulda keçirilən test imtahan mərhələsində ən yüksək nəticəni informatika fənni üzrə  Sevinc Yaqubova əldə edib.

 

 

AzEdu.az 58 ballıq nəticə əldə edən namizədlə ünsiyyətdə olub və onun təəssüratlarını öyrənib.

 

 

Gəlin, müəllim namizədi yaxından tanıyaq:

 

 

Sevinc Yaqubova 1995-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Ağstafa rayon Dağkəsəmən kənd 1 saylı orta məktəbdə başa vurub. 2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin kibernetika və tərbiqi riyaziyyat fakültəsini bitirib. İxtisası isə informatika müəllimliyi olub. 2020-ci ildə Müəllimlərin İşə Qəbul müsabiqəsində iştirak edərək 45 bal toplayıb. Müqaviləli əsaslarla düşdüyü üçün fəaliyyətini davam etdirməyib. 2021-ci ildə keçirilən MİQ müsabiqəsində informatika üzrə ən yüksək nəticə olan 58 balı toplayıb.

 

 

Müəllim namizəd MİQ-ə necə hazırlaşmasından söz açıb:

 

 

“MİQ müsabiqəsinə hazırlaşan zaman ixtisasım üzrə kursa getmişəm. Kurikulumdan isə evdə hazırlaşaraq özüm öyrənməyə çalışmışam”. 

 

 

Müsahibimiz imtahan suallarının çətinlik səviyyəsindən danışıb:

 

 

“İmtahan sualları orta səviyyədə tərtib edilmişdi. Çox çalışıb oxuyanlar üçün asan, lakin daha az səy göstərənlərə görə isə çətin idi”.

 

 

Sevinc Yaqubova müəllim olmaq istəyi haqqında məlumat verib:

 

 

“Mənim uşaqlıqdan ən böyük məqsədim müəllim olmaq idi. Hər zaman bu istək və arzu ilə yaşayırdım. Bu yolda çətinliklərim də olub, amma onların öhtəsindən gəlməyə çalışmışam. Öz ixtisasımı həmişə sevərək oxumuşam və onu layiqli şəkildə tədris etməyə hazıram. Bu il şükürlər olsun ki, çəkdiyim əziyyət yerdə qalmadı. Yüksək nəticə göstərmək üçün çox çalışdım”. 

 

 

Sevinc xanım MİQ-də yüksək nəticə əldə etmək istəyənlərə bir sıra tövsiyələr verib:

 

 

“Namizədlərə tövsiyə edərdim ki, çox oxusunlar və boş dayanmasınlar. İnsan qarşısına məqsəd qoyduğu zaman ona çatmaq üçün düzgün addımlar atmalıdır. Əziyyət çəkərək hədəfə doğru getmək vacibdi”.

 

 

Müəllim namizəd gələcək hədəflərini bizimlə bölüşüb:

 

 

“Gələcək hədəfim uşaqlara informatika fənnini sevdirmək və onları savadlı şəkildə yetişdirməkdir. Tədris prosesində fərqli üsullar və strategiyalar seçməyin daha effektiv olacağı qənaətindəyəm”.

 

 

İştirak edən bütün namizədlərə uğurlar arzu edirik!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları