Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-19 12:56:00
MİQ imtahanlarında maksimum bal toplayanlar AzEdu.az-a danışdılar – “Bəzi müəllimlər ara qarışdırıb deyirlər ki...”

Müəllimlərin İşə Qəbul imtahanları davam edir. İmtahan zamanı müəllimlərə 90 dəqiqə ərzində cavablandırmaq üçün 60 sual verilir. Onlardan 40-ı ixtisas, 10-u məntiq, 10-u isə kurikulum üzrə olur.

Bu imtahanda 3-7 bal toplayanlar da oldu, maksimum nəticə göstərənlər də.

AzEdu.az son iki gün ərzində MİQ imtahanlarında ən yüksək nəticə göstərən müəllimlərin təəssüratlarını öyrənib:

Onlardan biri  59 bal toplayaraq ən yüksək nəticəni göstərən Çərkəz Babayevadır. O, imtahan bitən kimi  yığdığı nəticə ilə  tanış olduqda çox sevindiyini deyib:

“Öz üzərimdə çox çalışır, oxuyurdum. Çünki mən heç vaxt özümdən tam razı qala bilmirəm. 50-55 bal gözləyirdim. Gözlədiyimdən artıq nəticə göstərdim. İstənilən işdə uğur əldə etmək üçün zəhmət çəkmək lazımdır. Mən zəhmətimin bəhrəsini gördüm. Balımı manitorda görəndə zəhmətimin yerdə qalmamasına görə çox sevindim”.

Onun sözlərinə görə, tərtib olunan testlər məntiq və intellektə hesablanırdı:

“Başqalarına çətin gələn suallar orada mənə asan təsir bağışladı. İxtisas sualları daha asan idi. Amma kurikulumun  testləri bir qədər məntiqi salınmışdı. Mən keçən il MİQ imtahanında 41 bal toplamışdım.  Bu dəfə isə bütün suallar məntiqə əsaslanırdı. Bunları sırf kurikulumu başa düşüb, qavrayıb, tətbiq edə bilənlər yaza bilərdi. Həmişə kurikulumu yaxşı öyrənməyə çalışmışam. Çünki dərs deyəndə bu, mənə çox lazım olacaq. Cavabını tapa bilmədiyim sual məntiqdən oldu. Buna isə vaxt çatışmazlığı səbəb oldu. Evə gələndən sonra onun həll yolunu tapdım.  İmtahan çox şəffaf keçirildi. Köçürülmə halları yox idi. Çox yaxşı şərait yaradılmışdı. Mübahisəli suallar yox idi. Bütün testlər dəqiqliklə tərtib edilmişdi. Məntiqi, əzbərdən kənar suallar idi”.

O, bəzi müəllimlərin 3-7 bal toplama səbəblərini də izah edib:

“Məncə 3-7 bal toplayanlar ümumiyyətlə, bu işlə məşğul olmurlar.  Sadəcə düşünürlər ki, gedib baxaq imtahan necə olur. Bu, stresdən də ola bilər. Çünki insan stress keçirəndə yaddaşı zəifləyir. Amma tənbəl, oxumaq istəməyənlər də var. Həqiqətən, səbrlə, zəhmət çəkməklə insan nələrisə əldə edə bilir.

Özüm  Salyanda oluram. Amma burada hələki vakansiya yoxdur. Mənim üçün isə heç bir fərqi yoxdur. Harada çalışıb nə qədər məvacib almağımın heç bir fərqi yoxdur. Əsas odur ki, sevdiyim işlə məşğul olum”.

 57 bal toplayan Rüfanə Abbaslının sözlərinə görə isə bəzi müəllimlər ara qarışdırma üçün sualların yanlış tərtib olunduğunu deyirlər:

“Təəssüratlarım çox yaxşıdır. Əslində, mən 60 bal toplayacağımı düşünürdüm. Amma bir az məntiq mənə çətinlik yaratdı. 3 səhvim elə məntiqdən oldu. Digər fənlərə isə çox az, təxminən, 20 dəqiqə vaxt sərf etdim. Suallar çox asan idi.

Müəllimlərin düzgün olmayan suallarla bağlı iradlarını eşidirəm. Amma mən orada mübahisəli suallara rast gəlmədim. Ümumiyyətlə, heç iki variant arasında qaldığım test də olmadı. Cavablar çox konkert idi.

Çoxları deyir ki, suallar səhv tərtib olunub. Məncə, bu oxumayanların aranı qarışdırmaq üçün dediyi sözlərdir. Suallar səhv tərtib olunsaydı, mən də az bal toplayardım. Suallar asan, amma çaşdırıcıdır”.

O, imtahana hazırlıq prosesindən də danışıb:

“Mən işləyirəm. Saat 6-dək işdə olur, sonra gəlib, evdə dərs oxuyurdum. İmtahana hazırlaşmaq üçün gündə 1-2 saat vaxt sərf edirdim. İmtahan çox şəffaf  keçirildi. Nəzarətçi çox idi və qətiyyən köçürmə hallarına rast gəlmədim.

Bakıxanov məkməktəblərində çalışmaq istəyirəm. Amma heç mənim üçün heç bir fərqi yoxdur. Təki, müəllim olum, ixtisasım üzrə işləyim”.

Qeyd edək ki, MİQ imtahanları iyulun 31-nə kimi davam edəcək. İmtahanda iştirak etmək üçün ümumilikdə müsabiqəyə 50 min 697 nəfər qeydiyyatdan keçib. Qeydiyyatdan keçənlərdən 46 min 839 namizədin elektron ərizəsi təsdiq edilib. Seçim üçün vakant yerlər avqust ayında təqdim olunacaq. 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları