Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-19 12:10:00
“İkinci dəfə imtahan vermək abituriyenti daha böyük  psixoloji gərginliyə salır” – SƏRT YANAŞMA

“Qəbul imtahanlarının iki dəfə keçirilməsi təcrübəsi nəticənin qaldırılması baxımından özünü doğrultsa da, keyfiyyətin artması ilə müşahidə olunmayacaq”. 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil mütəxəssisi Kamran Əsədov deyib. O, imtahanların iki dəfə keçirilməsinin nəticələrinə, effektiv və deffektiv tərəflərinə aydınlıq gətirib: 

“İmtahanda iki dəfə iştirak etmək hüququ abituriyentlərə 2016-cı ildən verilib.  Bu yenilik tətbiq ediləndə imtahan iştirakçılarının birinci və ikinci imtahan nəticələri arasında kəskin fərq olacağı gözlənilirdi. Ən azından ona görə ki, birinci imtahan hələ tədris ili başa çatmamış keçirildi və abituriyentlərin təkrarlamaq üçün vaxtları olmadı. Əslində, imtahan nəticələrinin əvvəlki illərlə müqayisədə kəskin yaxşılaşmasını gözləmək absurd olardı”. 

Onun sözlərinə görə, ikinci imtahanda şagirdlərin daha bərbad nəticələr göstərməsi mümkündür:

“Düşünürəm ki, qəbul imtahanlarının iki dəfə keçirilməsi təcrübəsi nəticənin qaldırılması baxımından özünü doğrultsa da, keyfiyyətin  artması  ilə müşahidə olunmayacaq. Buna qədər abituriyentlər bir dəfə imtahan zamanı psixoloji gərginlik keçirirdilər. İkimərhələli imtahanlarla bunun aradan qaldırılması gözlənilir. Amma abituriyentlərin çoxu birinci mərhələnin nəticələrindən sonra arxayınlaşdılar ki, bu da ikinci imtahanda onların aşağı nəticə göstərmələri ilə nəticələndi.

Birinci dəfə zəif nəticə göstərənlər isə ikinci imtahana qədər gərgin psixoloji dövr yaşadılar. Bu isə onları ikincidə daha böyük psixoloji gərginliyə salır. Belə olduqda, hətta əvvəlkindən də bərbad nəticələr göstərmələri mümkündür. Qəbul imtahanlarının iki dəfə keçirilməsindən yalnız DİM maddi qazanc əldə edir. Təhsilimiz, abituriyentlər üçün isə ciddi bir fərq ola bilməz”.

Qeyd edək ki, dünən I və IV ixtisas qrupları üzrə yay qəbul imtahanları keçirilib. İmtahanlar 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 49 binada aparılıb. 11:00-da başlayan imtahan 3 saat davam edib. 26332 iştirakçıdan 21734-ü I, 4598–ü isə IV qrup üzrə imtahan verib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları