Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-02 16:13:00
İqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır  

“Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

 

 

İyunun 25-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadi Sosial İnkişaf (Economic Social Development, ESD) təşkilatının birgə təşkilatçılığı ilə “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

Konfransın açılışında çıxış edən UNEC-in prorektoru Sakit Yaqubov tədbirdə dünyanın bir sıra ölkələrinin (Almaniya, İspaniya, Xorvatiya, Polşa, Serbiya, Macarıstan, Rusiya, Belarus və s.) tədqiqatçıları ilə müzakirələr aparılacağını və qlobal çağırışların təhlil ediləcəyini bildirib.

 

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, bugünkü konfrans çox mühüm bir mövzuya - Davamlı inkişafın sosial-iqtisadi problemlərinə həsr olunub.

 

Bildiyiniz kimi, bəşəriyyət qarşısında duran və son dövrlərdə daha da kəskinləşən qlobal problemlər dünyada davamlı inkişafa nail olunmasını zəruri vəzifəyə çevirib. Yer kürəsini gözləyən ekoloji və nəticə kimi sosial-iqtisadi sarsıntılardan qorunmaq üçün beynəlxalq səviyyədə davamlı inkişafa nail olunması üçün səylər birləşdirilməlidir.

 

Firudin Qurbanov bildirib ki, ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biridir. Bəlli olduğu kimi, bu, ölkə iqtisadiyyatının hərtərəfli, şaxələndirilmiş şəkildə inkişafını nəzərdə tutur. Burada neft sektorundan əldə edilən gəlirlər hesabına qeyri-neft sektoruna böyük sərmayələrin yatırılması, beləliklə də, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin davamlı şəkildə inkişaf etdirilməsi başlıca hədəf kimi götürülür.

 

Bu gün Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə həssaslıqla yanaşan ölkələrdən olduğunu diqqətə çatdıran nazir müavini qeyd edib ki, bu, hər şeydən öncə Azərbaycan iqtisadiyyatının dayanıqlığına xidmət edən amildir. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin 2030 Gündəliyinə nail olmaq istiqamətinə sadiqliyini nümayiş etdirən ölkələr sırasındadır. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT-nin Azərbaycan hökumətinə göstərdiyi dəstəyin əlaqələndirilməsi üçün əsas tərəfdaş kimi fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair fərman imzalamışdır. Eyni zamanda Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərini milli səviyyədə sürətləndirmək üçün atıla biləcək konkret siyasət və proqramlaşdırma addımlarını əks etdirən 2030 Gündəliyi naminə MAPS missiyasını həyata keçirən ilk ölkələrdəndir.

 

Bildiyiniz kimi, BMT-nin 70-ci Baş Assambleyasında Davamlı inkişaf üzrə Sammit çərçivəsində 2030-cu ilə qədər “Davamlı inkişaf sahəsində Gündəlik” qəbul olundu ki, burada davamlı inkişafın 17 qlobal məqsədi müəyyənləşdirildi.

 

F.Qurbanov vurğulayıb ki, Davamlı inkişafın 17 məqsədi içərisində 4-cü məqsəd belə ifadə olunub:

 

- Hərtərəfli və ədalətli təhsili təmin etmək və hamı üçün ömürboyu təhsil alma imkanlarını həvəsləndirmək.

 

Göründüyü kimi, davamlı inkişafin təmin olunması təhsil sistemi qarşısında çox mühüm vəzifələr qoyur.

 

Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasında “QÜDRƏTLİ DÖVLƏT VƏ YÜKSƏK RİFAH CƏMİYYƏTİ”nin qurulması hədəfində təhsilin qarşısında duran mühüm vəzifələr “3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” bəndində öz əksini tapmışdır. Bununla yanaşı sənədin bütün bəndlərində bu və ya digər dərəcədə təhsil sisteminin rolu göstərilir.

 

Göründüyü kimi, milli təhsil sistemi dünyanın texnologiya yarışına maksimal dərəcədə qoşulmalıdır. Alimlər iddia edir ki, “biliklərin amortizasiyası” (dəyərinin azalması) 1,5 ildən sonra baş verir, bu səbəbdən onları daim yeniləmək və təkmilləşdirmək lazımdır.

 

Təhsil nazirinin müavini qeyd edib ki, XXI əsrin tələblərinə uyğun təhsildən danışarkən artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir.

 

Müasir texnologiyalar əsri, müxtəlif çeşidli informasiya bolluğu gələcəkdə rəqabət qabiliyyətli məhsulların yaradılmasında iştirak edəcək mütəxəssislərin hazırlanması üçün yeni spesifik tələblər irəli sürür.

 

Təsadüfi deyil ki, Azərbaycanda insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ölkə Prezidenti tərəfindən təsdiq edilmişdir. Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin hazırlanması, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

 

Ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistemin qurulmasını vurğulayan F.Qurbanov təhsilin bu istiqamətdə vəzifələrinin yeni mahiyyət və məzmun daşıdığını qeyd edib.

 

Nazir müavini xüsusi olaraq bildirib ki, ölkəmiz bu gün çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımız azad edildi. Xalqımızın Vətən müharibəsində qazandığı möhtəşəm zəfər regionumuzda tamamilə yeni reallıqları yaratmaqla yanaşı, Azərbaycanın və bütövlükdə regionumuzun dayanıqlı inkişafı üçün yeni perspektivlər də açır. Ölkə iqtisadiyyatının 1/5-nin milli iqtisadi dövriyyəyə daxil olması və regional iqtisadi əməkdaşlıq üçün yaranan yeni imkanlar bunu deməyə əsas verir. İşğaldan azad olunmuş ərazilərimizdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin işlənməsi və reallaşdırılması, yaşıl enerji və müasir enerjiyə qənaət texnologiyalarından istifadə, təbii resursların istehsal proseslərinə cəlb olunmasında yüksək ekoloji standartların tətbiqi, yeni nəqliyyat dəhlizlərinin açılması kimi strateji məsələlərin elmi cəhətləri də bu gün Azərbaycan iqtisadçılarının gündəmində olan əsas mövzulardandır.

 

Qeyd edək ki, son illər UNEC-də ardıcıl həyata keçirilən tədbirlər, müvafiq təşviqlər, inkubasiya mərkəzləri, dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə modelləri həm təhsil prosesinin təşkilinin və inkişafının, həm də akademik elmi araşdırmaların və mötəbər beynəlxalq tədbirlərin keçirilməsini keyfiyyətcə yeni səviyyəyə qaldırmışdır. İnanırıq ki, bu müsbət dəyişikliklər davam edəcək.

 

Çıxışının sonunda təhsil nazirinin müavini Firudin Qurbanov əminliyini ifadə edib ki, olduqca əhəmiyyətli mövzuya həsr olunan tədbirdə müzakirə edilən önəmli məsələlər, çıxışlarda səsləndirilən fikirlər və irəli sürüləcək təkliflər konfransın işinə öz töhfəsini verəcəkdir.

 

ESD təşkilat komitəsinin prezidenti Domagoj Cingula çıxışında qeyd edib ki, BMT-nin təşəbbüsü ilə meydana çıxan davamlı inkişaf konsepsiyası ayrı-ayrı ölkələrin inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sosial-fəlsəfi konsepsiyadır. 

 

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov da öz növbəsində qeyd edib ki, dayanıqlı inkişaf konsepsiyası üç əsas sahənin: iqtisadi, sosial və ekoloji sahənin birləşməsi nəticəsində yaranıb. Qeyd olunan sahələrin hər birinin bu anlayışa öz yanaşma tərzi mövcuddur. Dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün hər üç komponent balanslaşdırılmış şəkildə istifadə olunmalıdır. Bu üç sahənin bir-birinə təsir mexanizmi də çox önəmlidir.

 

Konfrans öz işini bölmə iclaslarında davam etdirib.  (Azərbaycan müəllimi)