Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-02 12:31:00
Uğurun açarı - peşədən başlanan yol  

72 peşə təhsil müəssisəsindən 13 min 300-dən çox məzun

 

 

O gün onların günü idi, “məzun” olurdular. Bu il ikinci buraxılışına vida edən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi daha  423 tələbəsinə qürurla “məzunum” deyəcək. Daha 423 gənc iş yerlərinə, böyük şirkətlərə fəxrlə Azərbaycanda ən müasir, ən yenilikçi texniki peşə təhsili müəssisəsinin verdiyi təhsil sənədini göstərəcək.Həm Koreya standartlarına əsaslanan kurikulumla təhsil alan 323 nəfər, həm də ənənəvi texniki peşə təhsili proqramı əsasında bacarıqlara yiyələnən 271 nəfər o sənədi eyni alınaçıqlığı ilə təqdim edəcək.  Koreya standartlarına əsaslanan kurikulumla təhsil alan 323 nəfərdən biri Gülnarə Əliyeva Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində veb dizayner və proqram təminatçısı ixtisasını qazanıb. Bu, onun ikinci təhsilidir: “Azərbaycan Dillər Universitetində ərəbşünaslıq ixtisası üzrə təhsil almışam. Amma zamanın tələbinə uyğun olaraq İKT sahəsinə keçid etdim.

 

Bunun üçün də mənə Bakı Dövlət Peşə Təhsil Mərkəzini tövsiyə etdilər. 1 illik təhsilin sonunda özümün də gözlədiyimin əksinə olaraq çox yaxşı nəticələrim oldu. Pandemiya şəraitinə baxmayaraq, lazım olan biliyi, təcrübəni  əldə etdim. İşimiz kompüterlə olduğu üçün harada olmağımızdan asılı olmayaraq, öyrənməkdə heç bir çətinlik yaşamadıq. Mərkəzin yüksək texniki imkanları, müəllimlərin peşəkarlığı istənilən çətinliyin öhdəsindən uğurla gəlməyimizə kömək etdi”.

 

“Artıq istənilən şirkətin tələbini ödəyə bilərəm”

 

Mərkəzin daha bir məzunu Qafar Davudov da Koreya standartlarına əsaslanan kurikulumla təhsil alıb və artıq elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyorudur.O, əvvəllər də bu işlə məşğul olub. Usta yanında evləri işıqlandırmağın sirlərini öyrənib. Buna baxmayaraq, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ona bilmədiyi bir çox yenilik öyrədiblər: “10 ilə yaxın iş təcrübəm vardı. Məktəbi bitirəndən işləyirdim. Usta yanında öyrənmişdim. Bu işin nəzəriyyəsini də bilmək istədim. Ona görə də bu Mərkəzlə bağlı məlumat topladım və təhsil almağa qərar verdim. Təhsil alarkən anladım ki, bura qəbul olunmaqla doğru qərar vermişəm. Rəqəmsal sistem haqqında, ümumiyyətlə, anlayışım yox idi,  elektrik dövrələrində elektromaqnit relelərin, maqnit-buraxıcılarının və kontaktorların işini, ağıllı evlərdə istifadə edilən PLC sistemini bilmirdim. Yaxşi ki, burada təhsil aldım. İndi istənilən şirkətin tələbini ödəyə bilərəm”.

 

“Uğuru mənimçün əlçatan edəcək bacarığım olsun istədim”

 

Digər müsahiblərimizdən fərqli olaraq, İsa Rüstəmov IX sinfi bitirən kimi peşə müəssisəsinə üz tutub və ənənəvi proqrama əsaslanan texniki peşə təhsili proqramı əsasında təhsil alıb. Avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü ixtisasına yiyələnib. Onu buraya BDPTM-nin keçmiş məzunlarından biri yönləndirib: “IX sinfi bitirdikdən sonra oxumaqla deyil, işləməklə uğur qazanmaq istəyirdim. Uğuru mənimçün əlçatan edəcək bacarığım olsun istədim. Mərkəzin məzunlarından biri məni buraya yönləndirdi. Həm yaxşı öyrənib, həm də qısa müddətdə iş tapa biləcəyimi dedi. Mən də avtomobillərlə maraqlandığım üçün bu ixtisası seçdim. 3 illik təhsilim başa çatdı. Təkmilləşmək üçün insan daim öz üzərində işləməlidir. Mənim də buradakı təhsilimlə kifayətlənmək niyyətim yoxdur. Bizə BDPTM-də həm də öz üzərində işləməyi, daim inkişaf etməyi öyrətdilər. Mən də bunu edəcəyəm”.

 

“Biz mərkəzimizi layiqincə təmsil və təbliğ edən məzunlarımıza minnətdarıq”

 

Göründüyü kimi, məzunlar qarşılarına böyük məqsədlər qoyublar. Peşə mərkəzlərindən başlayan karyera nərdivanını pillə-pillə qalxacaqlar. Pillələrdə isə, sadəcə özlərini deyil, həm də peşə təhsilini və onlara seçdikləri peşədə təməl bilikləri qazandıran BDPTM-ni təmsil edəcəklər.Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru İdris Musayevin fikrincə, onlar artan nüfuzuna görə məhz layiqli təmsilçilərinə minnətdardırlar: “Peşə təhsili üçün mərkəzimizə müraciət edənlər burada təhsil alanların, yaxud BDPTM haqqında məlumatlı olanların tövsiyəsinə əsaslanıb. Bu da o deməkdir ki, insanlar digər kommunikasiya vasitələrindən çox öz yaxınlarına inanırlar. Biz Mərkəzimizi layiqincə təmsil və təbliğ edən məzunlarımıza minnətdarıq”.

 

Direktor qeyd edib ki, 2020-2021-ci tədris ilində mərkəzdə təhsil alan 594 nəfərdən 423-ü məzun olur. O, ilk dəfə olaraq mərkəzdə yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisə başlanıldığını da vurğulayıb: “Hazırda nəqliyyat vasitələrinin texniki istismarı və kompüter sistemlərində proqramtəminatı ixtisaslarında 40 nəfər təhsil alır. Təhsilalanlar sırasında 35 ali təhsilli tələbə var. Mərkəzin tələbələri arasından 9 nəfər İkinci Qarabağ müharibəsində iştirak edib, medal və ordenlərlə təltif olunub. Mərkəzin bir tələbəsi Şəhriyar Qasımov döyüşlər zamanı şəhid olub”.

 

İdris Musayev mərkəzin məzunlarına iş imkanı qazandıran əlaqələrindən də danışıb: “50-yə yaxın yerli və xarici şirkətlərlə müxtəlif layihələr və məşğulluq istiqamətində iş aparırıq. 2020-2021-ci tədris ilində məşğulluğun təmin olunması məqsədilə mərkəzdə ixtisasartırma və təlim kursları təşkil edilib və 250 nəfər bu kurslardan yararlanıb.

 

BDPTM sənaye istiqamətində işçi qüvvəsinə olan tələbatın ödənilməsinə öz töhfəsini verəcək

 

BDPTM-də keçirilən buraxılış imtahanlarında iştirak edən “Auto Azerbaijan” MMC-nin İdarə heyətinin sədri Emil İsmayılov nəticələrdən razı qalıb. Tələbələrin bilik səviyyəsini yüksək qiymətləndirən iş adamı müasir dövrdə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların təhsilin əsas hissəsi olduğunu vurğulayıb. O bildirib ki, Koreya standartları əsasında qurulan mərkəzdə hazırlanan ixtisaslı kadrlar sənaye istiqamətində işçi qüvvəsinə olan tələbatın ödənilməsinə öz töhfəsini verəcək.

 

Peşəsinə uyğun ali təhsil almaq imkanı

 

Təhsil naziri Emin Əmrullayev isə, sadəcə BDPTM-nin məzunlarına yox, Təhsil Nazirliyinin tabeliyindəki 72 peşə təhsil müəssisəsinin 13 min 300-dən çox məzununa peşə təhsilinin gələcəyilə bağlı böyük vədlər verib: “Əmək fəaliyyətinizin  böyük bir hissəsi işğaldan azad olunmuş yerlərdə yenidənqurma, bərpa işləri ilə bağlı olacaq. Bu, Azərbaycan üçün bir neçə 10 illiyi əhatə edəcəkböyük layihədir”.

 

Nazir son illərdə ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi, məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması baxımından ixtisaslı işçi qüvvəsinin hazırlanması istiqamətində mühüm işlər görüldüyünü, bu istiqamətdə peşə təhsilinin xüsusi əhəmiyyətini vurğulayıb: “Peşə təhsili uzun illər ölkəmizdə ikinci dərəcəli qəbul olunsa da, dünyada gənclər hər zaman öncəliyi peşə təhsilinə verib. Əvvəlcə peşəyə yiyələnib, sonra ali təhsilə yönəlirlər. Doğrusu da məhz budur. Öncə peşə təhsilində praktik bacarıqlar qazanmaq, sonra ali təhsil alaraq həmin biliyi dərinləşdirmək daha doğrudur. Azərbaycanda bu sahədə ən böyük problem ondan ibarət idi ki, peşə təhsili  dalan - bir tərəfi bağlı olan kanal olub. Uzun illər insanlar peşə təhsilinə gəlib, burdan heç yerə gedə bilməyiblər. Son illərdə baş verən ən böyük dəyişiklik ondan ibarətdir ki, artıq gənclər yüksək texniki peşə təhsili əldə edib müsabiqədənkənar ali məktəblərə qəbul oluna biləcəklər. Bu da peşə təhsilinə marağı ciddi şəkildə artıracaq. Çünki insanlar hansısa peşəyə yiyələnmək, peşələrinə uyğun ali təhsil almaq imkanı əldə edəcəklər. Peşə təhsili ilə ali təhsili biri-birindən ayrı yox, birini o birinin davamı olaraq görməliyik. Birindən digərinə keçidi təmin etməyimiz gənclərə əlavə imkanlar yaradır”.

 

Artıq məzunların  30 faizindən çoxu peşə təhsilinə gəlmək istəyir

 

Təhsil nazirinin sözlərinə görə, hər il peşə təhsilinə üz tutanların sayı artır. Artıq məzunların  30 faizindən çoxu peşə təhsilinə gəlmək istəyir: “Bunun səbəblərindən biri də peşə təhsili müəssisələrində yaradılan imkan - infrastrukturdur. Bu gün burada yaradılan imkan, öyrənmə resursu bir çox ali məktəbimizdə yoxdur”.

 

Artan nüfuz artan tələbat deməkdir. Nazir gələcəkdə yaradılacaq yeni peşə təhsili mərkəzləri hesabına peşə təhsili alacaq tələbələrin sayının artacağını deyib: “Bakı Dövlət Peşə Təhsil Mərkəzinə oxşar modelli mərkəzlər Bərdə və Cəlilabadda da tikilib. Bərdə Peşə Təhsil Mərkəzi kifayət qədər böyük və maraqlı infrastruktura malikdir. Bu mərkəzin fəaliyyəti regionun iqtisadi inkişafına ciddi təkan verən amil olacaq. Hesablamalara görə, burada 1000 nəfər daimi təhsil ala biləcək. Ancaq 4000-ə yaxın tələbəni müxtəlif qısamüddətli kurslara cəlb edə biləcəyik. Cəlilabaddakı peşə təhsili müəssisəsi də oxşar model üzrə qurulub. Lənkəran və Bakı şəhərində  2 yeni peşə təhsil müəssisəsinin təməli qoyulub. Sumqayıtda da belə peşə təhsil müəssisəsi planlaşdırılır. Hesab edirik ki, peşə təhsil müəssisələrinin müasir standartlarla qurulması peşə təhsili almaq istəyənləri cəlb edəcək”.

 

Emin Əmrullayev  artım dinamikasında işəgötürənlərin əsas tərəf kimi peşə təhsili sisteminə cəlb edilməsinin rolunu da yüksək qiymətləndirib. Onun sözlərinə görə, işəgötürənlərin  tələblərinə uyğun kadr hazırlığının aparılması nəticə etibarı ilə peşə təhsilinə marağın artmasına səbəb olub: “Mövcud statistika göstərir ki, mərkəzin məzunlarının 42 faizi təhsilini tamamladıqdan dərhal sonra iş tapır. Bu da bir sıra ali məktəblərin müvafiq göstəricilərindən yuxarıdır”.

 

Təhsil naziri rəhbərlik etdiyi qurumun ümumtəhsil müəssisələrində start verdiyi və şagirdlərdə məktəbə maraq yaradan layihəsindən də danışıb: “Əhalisi böyük olan kəndlərə ən yaxın peşə təhsili müəssisəsi bir neçə on, hətta yüz kilometr aralıdır.  Belə kəndlərdə çıxış yolu olaraq yeni layihəyə start verdik. Orta ümumtəhsil məktəblərində peşə təmayüllü siniflər yaratdıq. Layihəyə görə, ümumi orta təhsili tamamladıqdan sonra şagirdlər X-XI sinifdə akademik proqram üzrə yox, sırf peşə təhsili üzrə təhsil alır. Bu il 35 məktəbdə məzunlarımız var. Gələn il siniflərin sayını 60-dan yuxarı qaldırmağı planlaşdırırıq. Bu proqram tətbiq edilən məktəblərdə şagirdlərin IX sinifdən X sinfə keçmə faizi 7 faiz yaxşılaşıb. İlkin müşahidələrə görə, bu layihə məktəbə həvəsin artmasına səbəb olub, çünki indi məzmun onlar üçün maraqlıdır”.

 

Kim, hansı qapını açacaq?

 

Peşə təhsili artıq bir tərəfi bağlı kanal yox, təhsilin bir çox çıxışı olan, geniş imkanlar vəd edən bir pilləsidir. Hazırda bu pillədə duranlar yol xəritəsini müəyyənləşdiriblər. Buradan hara gedəcəklərini bilirlər.  Təhsil aldıqları müəssisə onların qarşısında geniş imkanlar açıb. Məzunlarının əlinə nüfuzlu təhsil sənədi verib. Həmin sənəd bəziləri üçün universitetlərin, bəziləri üçün böyük şirkətlərin qapısını açan sehirli açara bənzəyir. Kim, hansı qapını açacaq?

 

“Məzun günü” deyilənlərdən görünür ki, bundan sonrası, sadəcə onların özündən asılıdır. Əllərində hər qapını açacaq açar, başlarında isə aldıqları peşənin bütün təməl biliyi. Bundan sonrası ancaq uğur vəd edir.

 

Uğurunuz bol olsun, peşə sahibləri!(Azərbaycan müəllimi)