Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-02 14:54:00
“Sorğu keçiriləndə “yox” keçirilməsini seçmişdim, lakin indi…”-Yay məktəbində dərs keçən müəllimlər danışdı

Pandemiyanın təsiri nəticəsində ümumtəhsil məktəblərində dərslər uzun müddət onlayn, bəzi həftələrdə isə əyani formada keçirildi. Müəllimlər və şagirdlər yeni formatlara uyğunlaşdılar. 16-30 iyun tarixlərini əhatə edən yay məktəbləri də  təhsilimiz üçün yeni format hesab olunur. AzEdu.az yay məktəblərində dərslərə cəlb olunan müəllimlərin təəssüratlarını təqdim edir:

 

Göygöl rayon Çaylı kənd tam orta məktəbinin müəllimi  Səltənət Quliyeva:

 

“Mən ucqar kənd məktəbində çalışdığım üçün biz yay məktəbini çox gözəl keçirdik. Çayın səsi, dağların mənzərəsi, samovar çayı və sair… Müxtəlif bilik yarışları, əyləncəli oyunlar təşkil etdik ki, şagirdlərimizdə yay məktəbinə gəlmək üçün həvəs çox olsun. Düşünürəm ki, yay məktəbinin təşkili müharibə və pandemiyadan psixoloji olaraq sarsılmış şagirdlər üçün yüksək əhval-ruhiyyə yaratdı. İki həftənin sonunda isə yay məktəbində iştirak edən şagirdlərə təşəkkürnamə verdik və əyləncəli yarış keçirdərək qalibləri gəzintiyə apardıq. Uşaqlar həm əyləndilər, həm də gəzdilər”.

Ucarın Təzə Şilyan kənd orta məktəbinin müəllimi Aynur İbrahimova:

 

“Yay məktəbi dərslərin təbiət qoynunda təşkili  mən və şagirdlərim üçün elə də fərqli olmadı. Çünki illərdir ki, dərslərimi çox zaman məktəbin həyətində, yaşıllıqda, muzeylərdə , oyunlarla, şagirdlərimin marağına uygun şəkildə qurmuşam. Ona görə də yay məktəbi dərslərimiz də öz axarında davam etdi. Bir fərqlilik var idi ki, o da Aran bölgəsində olduğumuzdan hava şəraitinin çox isti keçməsi və bunun da müəyyən qədər səhhətimizə təsir etməsi idi. Dərslərimiz səhər saatlarında tədris olunsa da bu istilər müəyyən qədər təsirini göstərirdi. Bəzən deyilir ki, 15 günə şagird nə öyrənər? Öyrənmə mühiti düzgün qurulsa, fəsilin də, mühitin də fərqi yoxdur. Lazım olan və planlaşdırılan nəticəni əldə etmək olar”.

 

Şəmkir rayon, Düyərli kənd 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Aysel Alızadə:

 “Yay məktəbi” üçün sorğu keçiriləndə “yox” keçirilməsin butonunu  seçmişdim. Düşünürdüm ki, havanın isti olması, şagirdlərin dərslərə marağını azaldacaq. Ancaq 12 nəfər şagirdimlə “Yay məktəbi”nə başladıq. Paylaşımları görəndən sonra şagirdlərimin və valideynlərinin maraqları artdı və nəticə olaraq dərsin 2-ci günü  sayımız artaraq 18 şagird oldu. Dərs müddətində çətinlik çəkdiyimiz mövzuları müəyyən etdik, yenidən izah verdim, dərslərimizə rəng qatdıq. Bəzən onlarla müxtəlif oyunlar oynayırdım. Ən əsası şagirdlərimin “Yay məktəbi” haqqında təəssüratları müsbət oldu. Sosial şəbəklərdə çox qınanıldı,”əyləncə məktəbi”adlandırıldı. Ancaq hər kəsin unutduğu bir məqam var idi ki,bu dərslərin təşkilində əsas məqsəd “yeni nəsə öyrətmək yox, əyləncəli təkrar etmək idi”.

Əlbəttə, bu prosesə hazır deyildik, anlayışımız yox idi. Ancaq düşünürəm ki, biz müəllimlər “əylənərək öyrətmək” üçün əlimizdən gələni əsirgəmədik. İnanıram ki, bu, davamlı olsa növbəti illərdə daha da mükəmməl və qüsursuz təşkil ediləcək”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları