Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-01 14:48:00
Mingəçevir Dövlət Universitetində “Məzun günü” qeyd olunub

Mingəçevir Dövlət Universitetində (MDU) “Məzun günü-2021” tədbiri keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən tədbirdə cari tədris ilində MDU-dan məzun olan tələbələr və magistrantlar, eləcə də valideynlər və universitetin əməkdaşları iştirak ediblər.

 

Universitetdən AzEdu.az-a bildiriblər ki, tədbir iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov 2020/2021-ci tədris ilində bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 567 gəncin universitetdən məzun olduğunu diqqətə çatdırıb, bütün məzunları, onların müəllimlərini və valideynlərini təbrik edib. Təhsil aldıqları ali təhsil ocağının adını daim yüksək tutacaqlarına əminliyini ifadə edən Ş.Bayramov məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Dünyanı bürüyən pandemiya səbəbindən universitet həyatında önəmli hadisələrdən biri olan “Məzun Günü”nün artıq ikinci dəfə onlayn formatda təşkil edildiyini vurğulayan rektor müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qailibiyyətdən söz açıb, tədbirin şanlı Zəfərin hər kəsdə yaratdığı sonsuz sevinc və fəxarət hissi ilə keçirildiyini deyib.

 

Tarixi Zəfər yürüşündə universitetin 120-dən çox tələbə və məzununun iştirak ediyini, 5 məzunun isə şəhidlik zirvəsinə ucaldığını qeyd edən Ş.Bayramov göstərdikləri vətənpərvərlik, mərdlik, qəhrəmanlıq, fədakarlıq nümunələri və digər yüksək mənəvi-əxlaqi dəyərləri ilə MDU ailəsini şərəfləndirən belə məzunlarla qürur duyulduğunu bildirib.

 

Qloballaşmanın sürətlənməsi, rəqəmsallaşmanın geniş yayılması, əmək bazarının tələblərinin dinamik dəyişməsi ilə əlaqədar olaraq yeni çağırışların meydana çıxdığı bir şəraitdə universitetdə təhsili başa vurub iş həyatına qədəm qoymağın fürsətləri və çətinliklərindən bəhs edən rektor məzunlara daim çalışmağı, əldə etdikləri bilik və bacarıqları müasir dövrün tələblərinə uyğun yeniləməyi, uğura gedən yolda inamla addımlamağı tövsiyə edib.

 

Sonra, MDU-nun fakültə rəhbərləri və akademik heyət üzvləri məzunları təbrik edib, gələcək karyera inkişafında onlara uğurlar diləyiblər.

 

Tədbirdə çıxış edən məzunlar və valideynlər yaradılan əlverişli təhsil mühitinə, göstərilən diqqət və qayğıya görə MDU rəhbərliyinə təşəkkürünü bildiriblər. Məzunlar yüksək ixtisaslı mütəxəssis, milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər vətəndaş kimi yetişmələrində böyük əməyi olan bütün müəllimlərə minnətdarlıqlarını çatdırıblar.

 

Sonra təhsil müddətində yüksək akademik göstəricilər nümayiş etdirən və universitetin ictimai həyatında fəal rol oynayan bir qrup məzun MDU-nun fəxri fərmanı ilə təltif olunub.

 

Daha sonra Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov tədbir iştirakçılarına xoş diləklərini çatdırıb. Məktəbin gənc əməkdaşları maraqlı ifaları ilə MDU məzunlarını təbrik ediblər.

 

Sonda müəllimlərin və məzunların MDU haqqında təəssüratlarını əks etdirən video-çarx nümayiş olunub.