Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-19 09:00:00
Kurikulum təlimçisi ilə təəccüb dolu söhbət: “Müəllim özü başa düşmürsə, şagirdə necə öyrədəcək?”  

AzEdu.az-ın budəfəki müsahibi təlimçi müəllim Günel Əliyevadır. O, kurikulumla bağlı müəllimləri maraqlandıran bir sıra məsələlərə toxunub. Müəllimlər MİQ, DQ (Diaqnostik Qiymətləndirmə) və müəllimlərin yerdəyişməsi ilə bağlı bir çox suallara bu müsahibə vasitəsilə cavab tapa biləcəklər:

Dosye

Təlimçi Günel Əliyeva Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Bir müddət radio və televiziyada çalışıb. Sonralar müəllim işləmək üçün Bakıdan Ağsuya gedib. Üç il Ağsunun  ucqar Gürcüvanı kəndində müəllim kimi çalışıb. Daha sonra,  yerdəyişmə edərək iş yerini Bakıya dəyişib.  Hazırda Binəqədidə yerləşən Laçın rayonu 13 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərir. Eyni zamanda, yaradıcılqla da məşğuldur. Bir sıra kitabların müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Artıq bir ildir ki, Bakıda çalışır. Həmçinin müəllimləri MİQ, DQ imtahanlarına hazırlaşdırır. Diaqnostik qiymətləndirmə, attestasiya, kurikulum, pedoqogika üzrə təlimlər keçir.

-Günel xanım, lap əvvəldən başlayaq:  Təlimçi-müəllim olmaq üçün nədən başladınız? Bu sahədə çalışmaqdan ötrü  hansı mərhələni keçmək lazımdır?

-Hazırda bir sıra müəllimlərə təlim keçir, onlarla sıx  ünsiyyətdə oluram.  Müəllimlərin  kurikulum və pedaqogikadan  çox çətinlik çəkdiklərinin şahidi oluram. Onlar ixtisaslarından çox kurikulum suallarının mürəkkəbliyindən gileylənirlər. Elə müəllim axtarırlar ki, mövzunu onlara yalnız elmi deyil, həm də sadə şəkildə izah etsin. Mənim tədrisimdə isə elmilik və obrazlılıq birgədir. Bu, bəlkə də yaradıcılıqdan irəli gəlir. Təlim keçməkdə bunlar da mühüm rol oynayır.

Müəllimlər adətən,  kurikulum kitablarında yazılanları yadda saxlamaqda çətinlik çəkirlər. Mən isə kitabımda elmi və bədii üslubları birləşdirmişəm. Verilənləri obrazlı yazıb, izahlar verərək sadələşdirmişəm.

Mənim təlimlərim adətən kurikulumla bağlı olur. Azərbaycan dili və ədəbiyyatdan da müəllim hazırlaşdırsam da, daha çox kurikulum təlimlərimlə tanınıram. Bu da məncə izahlarımın fərqliliyinə görədir.

-Təlimlərdə xeyli müəllimlə ünsiyyətdə olursunuz. Azərbaycan müəlliminin kurikulum bilikləri, ümumi dünyagörüşü hansı səviyyədədir?

-Savadlı müəllimlər var. Amma öz üzərində çalışmayanlar da az deyil. Çoxunun özünə inamı yoxdur, dünyagörüşü isə məhduddur. Termin və elmi sözləri çətinliklə qavrayan müəllimlər var. Bu izahı müəllim özü başa düşmürsə, şagirdə necə öyrədəcək? Məsələn kurikulumda  şəxsiyyətyönlülük  anlayışı, kurikulum prinsipləri var. Mən bunları bir-bir izah edirəm, amma yenə də terminlərdə çətinlik çəkirlər. Bu gün eyni problem uşaqlarda da var. Onların söz ehtiyatı yoxdur, fikirlərini ifadə edə bilmirlər. Bu, mütaliə etməmək, öz üzərində işləməməkdən irəli gəlir.

-Bölgə və şəhərlərdə müəllimlərin təlimlərə marağında fərq müşahidə etmisiniz?

-Bölgələrdə də maraq çoxdur. Sadəcə, rayon müəllimlərinin öyrənməyə maraqları olsa da, təlimçi tapa bilmir, bundan ötəri Bakıya gəlməli olurlar. Yaxşı olardı ki, rayonlarda da belə təlimlər tez-tez keçirilsin. Mən getdiyim təlimdə Şəki, Bərdə, Tovuz rayonlarından müəllimlər iştirak edirdilər. Şahidi oldum ki, rayonlarda da özünü inkişaf etdirmək istəyən müəllimlər var. Elə imtahanlarda yüksək bal toplayanlar bölgələrdən oldu. Sadəcə yol uzaq olduğuna görə təlimlərdən kənarda qalırlar. 

-Çoxları düşünür ki, kurikulum Azərbaycanda kifayət qədər yaxşı tətbiq olunmur. Sizcə bunun səbəbləri nələrdir? Bizim kurikulumumuzda nələr çatmır? 

-Bəli. Etiraf edək ki, bizdə kurikulum tətbiq olunmur. Dildə kurikulum, müasir dərsdən danışsaq da, fəal dərsin forma, üsullarını keçmirik. Bu üsullar oyunlar, beyni, təfəkkürü inkişaf etdirməklə həyata keçirilir. Sadəcə onlar məktəbdə tətbiq olunmadıqlarına görə bu gün terminləri eşidəndə çətinlik yaşayırlar. Özüm də təəccüblənirəm ki, axı burda çətin nə var? Bu terminlər məktəbdə tətbiq olunarsa, asanlaşar. Uşaqlar da buna əvvəldən alışmayıb.  İndiki dərslər dialojidir. Yəni müəllim və şagird arasında əks-əlaqə olmalı, subyekt- subyekt xarakteri daşımalıdır. Bu dərs uşaqarın fikirlərini sərbəst ifadə etməsi, özünü təqdim etməsi vacibdir.

Bizdə müəllimlər müxtəlif oyunlar keçirirlər. Məktəb direktorları isə bu zaman sinifdə hay-küy yaranmasına etiraz edir, qadağalar qoyurlar.  Halbu ki, fəal dərsdə səs-küy olması normaldır. Dərs interaktiv, yarışlar formasında keçirilməlidir.  Belə şəraitdə uşaq düşünə bilmir. Bəlkə də şagirdləri hələ buna alışdıra bilməmişik. Bizdə kurikulum tam olaraq tətbiq olunmur. Kurikulum o demək deyil ki, müasir dərs üçün mütləq vəsaitlər, kompüterlər olmalıdır. Onlarsız da kurikulumu həyata keçirmək olar. Dərs ən azından sual-cavab şəklində olmalıdır. İndi dərslər demokratik üsulla keçirilir. Hər kəs rahat şəkildə fikirlərini ifadə edə bilər. İndiki dərslərdə müəllim fasilitarordur. Bu, bələdçi deməkdir. O, şagirdləri istiqamətəndirir. Onlar özləri tədqiq etməli, araşdırmalı olurlar. Əvvəl dərslər yaddaşa əsaslanırdısa, indi təfəkkür, düşüncə tərzinə.

-Uşaqların necə? Ənənəvi, yoxsa kurikulum üsuluna marağı çoxdur?

Uşaqlar oyunlara daha çox maraq göstərirlər. Amma qəribə bir şey var. Onlardan dərs soruşanda istəyirlər ki, əvvəlki kimi bir nəfər çıxıb dərsi danışsın. Bu, uşaqlarda danışıq qabiliyyətini formalaşdıra biməz. Onlar birlikdə olmalı, qrupla ünsiyyət qurmalıdırlar.

-Sizcə kurikulumun tətbiqi müəllimlərdə tədrisə, şagirdlərdə isə dərsə yaradıcı münasibət formalaşdıra bilib?

Mən kurikulum üsulunu bəyənirəm. Ənənəvi üsulda bir nəfər çıxıb lövhədə dərs danışır. Digərləri isə əmin olur ki, bu gün müəllim məndən dərs soruşmayacaq. Amma kurikulumda qrupun məsuliyyəti yaranır. Şagird hamını düşünür. Qrup işi odur ki, zəif və güclü oxuyanlar ortaq fikrə gəlməlidirlər. Amma yenə də bu mümkün olmur. Çünki bir uşaq kənarda qalır, digərləri isə ona fikir vermir. Burada da çox problemlər yaranır.

-Bildiyim qədəri ilə heç Pedaqoji Universitetdə də kurikulum fənləri keçirilmir. Necə olur ki, universitetlər ildə bir nəfər də olsa, kurikulum üzrə mütəxəssis yetişdirə bilmir?

-Təhsil Nazirliyi müəllimlər üçün ongünlük kurikulum dərsi keçirir. Mən də həmin kursda iştirak edərək sertifikat almışam.

Ümumiyyətlə, universitetlərdə kurikulum, pedaqogika keçirilir. Ama tələbələr işləyəndə bu haqda yaddaşlarında oqədər də məlumat qalmır.

-Ongünlük kurs sonradan təlimçi olmaq üçün nə dərəcədə yetərlidir?

-O kurs mənə sadəcə, sertifikat verib. Mən özüm üzərimdə işləmişəm. Kitabları oxuyaraq öz əlavələrimi etmişəm. Bu sahə üzrə işləmiş, müəllim hazırlaşdırmışam. Yalnız kurs təbii ki, yetəri deyil. Bunları işləyərək öyrənmişəm. Ümumiyyətlə, müəllim kurikulumu fərqli izah etməlidir. Elmi cümlələri yazıb, danışmaqla olmur. Ona biraz əlavə edib obrazlı şəkildə izah etmək vacibdir.  Sadə dillə olunan izah daha yaxşı başa düşülür..

-Sizdəki obrazlı yanaşma kurikulumun  izahı üçün kömək edir. Amma bunu riyaziyyatçıda görmək mümkün deyil. Onlara xüsusi seminarlar keçirilməlidir amma bizdə bu, yoxdur. Bu boşluq necə aradan qaldırırlmalıdır?

-Müəllimə inamın yaranması üçün üzərində xeyli çalışır. Təlimçi kimi yetişmək istəyənlər bu sahə üzrə tanınanlardan dərs alırlar. Amma konkret kurslar da var.

-Kurikulum mərkəzləri öz müəllimini bəyəndiyinə görə dəvət edir. Bu kursların əlindəki müqayisə predmenti hansıdır? Müəssisə öz mütəxəssisini hansı beynəlxalq kriteriyalarla müqayisə edir?

-Dünya təcrübəsindən söhbət gedir. Amma əvvəlcə baxaq, öz ölkəmizdə müəllimlər kurikulumu nə dərəcədə bilirlər? Bizdə bu səviyyə “0”-dır. Ən məşhur təlimçimiz belə gedib xaricdə bu sahə üzrə təhsil almayıb. Bunu müqayisəli şəkildə heç bir təlimçimiz deyə bilməz. Amma təbii ki, buna ehtiyac var.

-Ümumiyyətlə,  kurikulumun mənbəyi, izahı, bazası hardan gəlir? Bunu hansı ölkə mütəxəssislərindən daha yaxşı öyrənə bilərik?

-Kurikulumun mənası yol, istiqamət deməkdir. Təhsilin məzmunu, təşkili və qiymətləndirməsi ilə bağlı mühüm məsələləri özündə əks etdirən konseptual sənətdir. Elə onun terminlərindən məlum olur ki, bu, bizim ölkəyə xas deyil.

Məsələn orda taksonomiya, fasilitasiya və s. kimi terminlər  var. Sözlərin çoxu ingilis və latın dillərindəndir.

Müəllimlərin bazasının olmaması ali məktəbdə bu sahə üzrə tam məlumat verilməməsindən irəli gəlir. Müəllimlərin adi izahı başa düşməsində belə problem var. Bu müəllim başa düşmədiyi şeyi uşağa necə öyrədəcək? Terminləri yadda saxlaya bilmirlər. Hətta öz ixtisasını yaxşı bilən müəllimlər var ki, kurikulum, pedaqogika onlara da qaranlıq qalır. Lisey müəllimləri belə kurikulumu bilmirlər. Elmi tərəfi bilmədən onu təcrübədə tətbiq etmək olmaz.

Bəzən isə terminləri əzbərləyir, imtahanı uğurla verirlər. Amma bu gün öyrəndikləri sabah yadlarından çıxır. Hətta 57-58 bal toplayan müəllimlər də deyir ki, mən onu əzbərləyib yazmışdım. Hamısı yadımdan çıxıb. Onlar arasında sorğu keçirsəniz ki, müəllimin təlqinedici qabiliyyəti nədir? -  Heç biri bilməyəcək.

-Necə olur ki, çətin kimya, fizika, cəbr və həndəsə materialını bilən müəllim, ondan dəfələrlə asan kurikulum proqramını mənimsəyə bilmir?

-Kurikulumda hərtərəflilik anlayışı var. Bəlkə, həmin müəllimlərin dünyagörüşləri məhduddur, buna görə də terminləri yadda saxlaya bilmirlər. 

Kurikulumda psixoloji dəstək əsas götürülür. Müəllim şagirdlərin gözlərinə baxmalı, adları ilə müraciət etməlidir. Amma şagirdlərə belə yanaşıb səmimi olduqda onlar bunun normal qəbul etmirlər. Bizdə artıq bu fikir formalaşıb ki, uşağı döyməli, ciddi olmalısan. Təhsil hara, uşağı döymək hara? Bu fikir artıqı valideynlərə də təsir edib. Əgər dərs dialoji olarsa, uşaqlar özlərini şəxsiyyət kimi hiss edərlər. Mən müəllimlərə dərsi də sual-cavab şəklində keçir, onların öz fikirlərini rahat ifadə etmələrinə şərait yaradıram. Bu gün müəllimlər haradasa çıxış edə bilmirlər. Son zəngdə 11-ci siniflər arasında sorğu keçirirlər. Cavablar eyni olur: “sevinirəm ona görə ki, kədərlənirəm ona görə ki...” Görün  nə qədər şablon fikirlidirlər. Öz sözləri yoxdur. Hətta inşa yazma qabiliyyətləri də yoxdur. İnşa müsabiqələrində qalib gələnlərin  çoxunun yazısını elə müəllimlər yazırlar. Bu, reallıqdır. İstedadlılar da var. Amma fikrini ifadə edə bilənlər azdır.

-Gələn ildən qəbul imtahanları kurikulum üsulu ilə keçiriləcək. Sizcə,  ənənəvi üsulla təhsil alıb qəbul imtahanlarından uğurlu nəticə əldə edə bilməyənlər gələn il kurikulumla necə imtahan verəcəklər? Ümumiyyətlə, kurikuluma  bu şəkildə keçid nə dərəcədə doğrudur?

-Bu, daha da çətin ola bilər. Çünki hətta müəllimlər belə kurikulumla olan testləri işləməkdə çətinlik çəkirlər. Bir də uşaqları düşünün.

IX sinifdə imtahanlar açıq tipli, nəticələr isə çox zəif oldu. Azərbaycan dilindən mətnə uyğun suallar verilir. Bu konteksdən çıxış edərək, 5 sual tərtib etməlidirlər. Şagirdlər isə bunu demək olar ki, bacarmırlar.

-Onda belə çıxır ki, bizim müəllimlər yalnız birtərəfli inkişaf ediblər... Bu inkişaf bizim təhsil sistemimizə nə dərəcədə təsir edib?

-Çox mənfi təsir edib. Müəllim hərtərəfli olmalıdır. Savadlı müəllimlər var. Amma əksəriyyət öz ixtisasını yaxşı bilsə də, dünyagörüşünə malik deyil. Müəllimin hər sahədən ən azı minimum anlayışları olmalıdır.

-Müəllimlərin hərtərəfli olması üçün nədən başlamalıyıq? Təbii ki, kurikulum irəlilədikcə bəlkə də müəyyən inkişaf olacaq... Amma dövlət olaraq bu konteksdə hansı işləri görməliyik?

-Hazırda bu istiqamətdə işlər gedir. Diaqnostik Qiymətləndirmə də çox yaxşı nəticələr oldu. Bu, müəllimlərdə məsuliyyət hissi yaratdı. Kurslarda müəllimlər hər il imtahan verirlər. Çünki nə qədər savadlı olsan da, mütəmadi oxuyub öz üzərində işləməsən, hamısını yadından çıxara bilərsən. Bu baxımdan, hər il imtahan keçirilməsi çox yaxşıdır. Düzdür, bu müəllimləri qorxudur. Amma bununla onlar həm maariflənir, həm də dünyagörüşləri artır. Bunun üçün bütün imkanlar var.

-Müəllimlərlə çox ünsiyyətdə olursunuz. Onların Diaqnostik Qiymətləndirmə, Müəllimlərin İşə Qəbulu ilə bağlı əsas çətinlikləri nələrdir?

-DQ imtahanının sualları adətən, ilkin səviyyəni qiymətləndirir. 40 sual ixtisas, 20 sual isə kurikulumdan olur.  İşə qəbulda isə suallar nisbətən çətindir. Orada 60 sual olur. 10-u məntiq, 10-u kurikulum, 40-ı isə ixtisası üzrə.

İkinci mərhələdə isə kommunikativ suallar verilir. Məsələn, uşaq müəllimə sual verir və müəllim bunun  cavabını bilmir. Belə olduqda müəllim necə vəziyyətdən çıxmalıdır? Müəllim bilmədiyini etiraf etsə, şagirdin ona inamı azalacaq.  Müəllim burada pedaqoji taktika işlətməlidir. Məsələn, o deyə bilər ki, “mən bunu bilirəm, sadəcə sənin diqqətini yoxlama üçün etdim”. İstənilən halda müəllim şagirdin qarşısında aciz olmamalıdır. Bu gün özünü ifadə edə bilməyən müəllim uşaq qarşısında heç bir hörmətə sahib olmur. Elə kurikulum da fikrini ifadə etməyə yönəlib. Bu sistem tətbiq olunarsa, uşaqların özünüifadə bacarıqları da inkişaf edər.

Bizim müəllimlər sərbəst deyillər, kompleks problemləri var. Şagirdlər isə sual verəndə bildikləri cavabı da deməyə çəkinir. Bu, həm də ailədən, mentalitetdən gələn problemdir.

-İşə qəbul imtahanında əksər müəllimlər vakant yerlərin azlığından şikayətlənirlər...

-Yaxşı olardı ki, vakant yerlər artırılsın. Mən yerdəyişmə edəndə də Laçın məktəbləri arasında etdim. Onlar üzrə cəmi iki yer var idi. Vakant yerlər azdır, rayona isə hamı gedə bilmir. Məsələn, mən üç il rayonda işləsəm də, çox çətinliklər gördüm. Düzdür, yadda qalan günlər, xatirələr də az deyil. Amma qəbul edək ki, şəhərdən gedən müəllimlərin o şəraitə uyğunlaşmaları çətindir. Amma kənd yerlərində müəllim az olduğuna görə uşaqların da ora gedən müəllimlərə marağı olur. Həmin müəllimin dərsini xüsusi maraqla oxuyurlar.

-Çoxları düşünür ki, kurikulum sistemi tam tətbiq olunsa, məktəbə diqqət artacaq və repetitorlar kənarda qalacaqlar. Bəs sizcə, bu, repetitorları nə dərəcədə əhatə edəcək?

-Bizdə bu söhbət həmişə olub. Hər dəfə deyiblər ki, repetitorluğun qarşısı alınacaq. Amma bu nə dərəcədə mümkündür? Nə qədər yaxşı dərs keçsən də valideyn uşağının daha yaxşı bilməsini istəyir və onu hazırlığa göndərir. Bunun qarşısını almaq çox çətindir.

Təbii ki, müəllimlər yalnız məktəbə adaptə olsalar, daha yaxşı olar. Məktəbdə bəzi problemlər var. Şəxsən mən heç vaxt yalnız məktəbdə işləmərəm. Çünki yalnız məktəblə müəllim özü də təkmilləşə bilməz. Müəllim kimi özünə mövqe tutmaq istəyən adam buna sadəcə, sinifdə uşağa sual verib cavab almaqla nail ola bilməz. Hazırlıq keçən müəllimlərin dünyagörüşü daha yaxşıdır. Onlar imtahandan daha rahat şəkildə keçirlər.

İnsanlara motivasiya lazımdır. Rayonda dərs deyəndə görürdüm ki, uşaqların çoxunun məqsədi kollecə qəbul olunmaqdır.  Bu, stimulun olmamasından irəli gələn bir şeydir. Həm şagird, həm də müəllimlərə psixoloji dəstək lazımdır.

-Müəllimlərimizin təlimlərdə iştirak etmək, özünü inkişaf etdirmək həvəsi nə qədərdir?

-Onların təlimlərə marağı var. Yaşlı müəllimlər arasında da kurikulumu yaxşı bilənlər var. Dediyim kimi, keçirilən imtahanlar onları öz üzərində işləməyə sövq etdi. Düşünürlər ki, az bal toplasalam, kollektiv arasında utanacam.

-Bəzi müəllimlər düşünür ki, bu qədər imtahan dövlətin öz müəlliminə güvənməməsindən irəli gəlir...

Mən bu fikirlə qətiyyən razı deyiləm. Əgər sən özünə güvənirsənsə, nə imtahan olunmasının heç bir fərqi yoxdur. Kifayət qədər savadlı, özünə güvənən insan düşünür ki, imtahan olsun, öz üzərində işləyim. İmtahan müəllimlər arasında rəqabət yaradır. Həmin  fikri deyənlər, öz savad və potensialına güvənməyənlərdir.  Mən müəllimlər üçün təşkil olunan imtahanların çox olmasının tərəfdarıyam. Hər insanın bilmədiyi nəsə olur və imtahan xofu ilə onu öyrənir.

-Müəllimlərin çatışmayan, mənfi cəhətlərini qeyd etdiniz. Sizcə Azərbaycan müəlliminin əsas problemi nədir? Ona işində irəliləmək üçün əsas nə mane olur?

-Maraqlı sualdır. Amma müəllimin inkişafı yalnız özündən deyil, həm də valideynlərdən asılıdır. Onlar arasında əməkdaşlıq olmalıdır. Yaxşı olardı ki, müəllimlər arasında keçirilən müsabiqələr çox olsun, onları həvəsləndirsinlər. Onlara motivasiya verən güzəştlər olsun.

-Sizcə, yerdəyişmə bölgələrdə kadr çatışmazlığına səbəb ola bilər?

-Bakıdan bölgələrə gedənlər də var. Dövlət bunu tənzimləyir. Bu baxımdan belə problem olacağını düşünmürəm. Amma Bakıdan gedən müəllim rayona necə uyğunlaşsın? Bunun üçün hansısa stimullaşdırıcı tədbirlər olmalıdır. Mən özüm də rayonda könüllü işlədim. Amma bilirdim ki, irəli getmək istəyirəmsə, orada daimi qala bilmərəm. 2-3 il kənddə qaldıqdan sonra o müəllimlər də qayıdırlar. Onlara xüsusi imkanlar yaradılsa, getdikləri yerdə daimi qalarlar.

-Kurikulumun Azərbaycanda tam şəkildə  tətbiq olunması nə vaxta mümkündür? Sizcə, bunun üçün neçə il lazınmmdır?

Mən kurikulumu çox bəyənirəm. Əslində, müəllim üçün bu üsul daha çətindir. Kurikulumda müəllim fəallıq yaratmalı, müzakirələr aparmalıdır. Uşaqları təşkilatı, psixoloji dəstəkləməlidir. Kurikulumda müəllim uşağa birbaşa “sən bunu səhv cavabladın” deyə bilməz. İndiki dərslərin effektivliyi daha çoxdur.

Sadəcə, kurikulumu tam şəkildə tətbiq retmək üçün öncə düşüncələri ona alışdırmalıyıq. Biz buna cəmiyyət olaraq alışsaq, çox gözəl sistemdir. Bizdə isə deyirlər ki, müəllim uşaqla çox gülməsin, səmimi olmasın. Buna görə də çoxları kurikulumu bəyənmir.

Şagird və müəllim arasında dostluq olmalıdır. Aqresiyya ilə, zəhmli şəkildə sinfə girən müəllimdən neqativ enerji gəlir. Kurikulum deyir ki, müəllimin simasında səmimiyyət olmalıdır. Məsuliyyət və mülayimlik uzlaşmalıdır.

Qəribəsi odur ki, valideynlər müəllimin aqresiv olmasını istəyirlər. Deyirlər ki, uşaqdan tələb et. Əslində isə o tələbi qorxu ilə etmək olmaz. Sadəcə, uşaqda buna maraq yaratmaq lazımdır.

-Son olaraq 10 il sonranı təsəvvür edək. Azərbayacan müəllimini necə görmək istərdiniz?

Azərbaycan müəllimini daha hərtərəfli, dümyagörüşlü görmək istərdim. İstərdim ki, fəaliyyəti ilə seçilən müəllimlər dəyərləndirilsinlər. 5-6 bal toplayan müəllimlərə yeni şans verilməsini qəbul etmirəm. Digər müəllimlər də düşünürlər ki, mən 50, digəri isə 5 bal topladı. Amma nəticədə heç bir fərq olmadı. Bu, aradan qaldırılmalıdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları