Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-28 12:00:00
Bu məktəbə onun yeganə şəhid məzunun adı verilsin- Anadan  Təhsil Nazirliyinə MÜRACİƏT

44 günlük Vətən müharibəsi dövründə ölkəmizin 3 minə yaxın vətəndaşı şəhidlik zirvəsinə ucaldı.

 

 

Təhsil ictimaiyyətinin bir çox nümayəndələri də ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid oldular.

 

 

Onlardan biri olan Cəmil həyatının 21-ci baharında universiteti yeni bitirərək ordu sıralarına yollanmış və vətənimizin suverenliyi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdı.

 

 

Gəlin, Cəmili yaxından tanıyaq:

 

 

Cəmil Məmmədli 1999 -cu il iyul ayının 28-də İsmayıllı rayonunda anadan olub. 2001-ci ildə Səbail rayon Bayıl qəsəbəsi 92 nömrəli bağçaya gedib. 2005-ci ildə isə həmin rayonun 163 nömrəli məktəbinin 1 -ci sinfinə qədəm qoyub, 2016-cı ildə oranı bitirərək, AzTU-nun Metallurgiya fakultəsinə qəbul olub. 2020-ci ildə universiteti bitirdikdən sonta həmin ilin iyul ayının 16-da həqiqi hərbi xidmətə yollanıb. Oktyabrın 14-dən 15-nə keçən gecə Füzuli uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb. Ölkə başçısı İlham Əliyev tərəfindən 4 medalla təltif olunub. O,”Vətən uğrunda", “Füzulinin azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə” və 26 iyun Silahlı Qüvvələr günü münasibətilə "Cəsur döyüşçü"medalı ilə təltif olunub.

 

 

AzEdu.az-a danışan Cəmilin anası Aygün Məmmədlinin yeganə istəyi övladının təhsil aldığı məktəbə şəhidin adının verilməsidir:

 

 

“Cəmil son 28 ildə Səbail rayon 163 nömrəli məktəbin yeganə şəhidi olub. O, hərbi xidmətinin 3 ayı tamam olmamış. müharibədə iştirak edib. Lakin heç vaxt bizə döyüşdə olduğunu bildirməyib. Yalnız şəhid olandan sonra bizə məlum olub ki, Cəmil savaş başlayan  ilk gündən döyüşüb və böyük şücaət göstərib. O, Xocavənd uğrunda gedən döyüşlərdə də iştirak edib. Döyüş yoldaşları onun haqqında qürurla danışır və qeyd edirdilər ki, Cəmil Kəlimeyi-Şəadətini oxuyaraq şəhidlik zirvəsinə yüksəlib. O, döyüşçü yoldaşları yaralı olan zaman qaynar nöqtələrdən dostlarını xilas edib. Oğlum müharibə başlamamışdan əvvəl bizimlə əlaqə saxlayanda böyük qürur hissi ilə “Ana, mənə Mübariz İbrahimovun silahından veriblər"deyirdi.

 

 

Cəmil universitet oxuduğu müddətdə işləyərək tələbatlarını özü ödəyib. O, mənim yeganə oğul övladım ,soyadımızın davamçısı idi. Cəmil hər zaman deyirdi-“Ana,oxuyub səni işləməyə qoymayacam,özüm işləyəcəm”. Amma olmadı,hər şey yarımçıq qaldı.

 

 

Oxuduğu məktəbə onun adının verilməsi ürəyimizə bir sərinlik gətirər. Heç  olmasa bizdən sonrakı  nəsillər hər dəfə təhsil ocağının qarşısından keçəndə onun adını səsləndirərək Cəmili yad edərlər”.

 

 

 

Şəhid anamızın Təhsil Nazirliyinə müraciətini təqdim edirik:

 

 

Hörmətli, Azərbaycan Respublikası Təhsil Nazirliyi, sizə bildirmək istəyirəm ki, "Vətən müharibəsi" Şəhidi Cəmil Habil oğlu Məmmədli Səbail rayonu 163 nömrəli tam orta məktəbin yeganə Şəhid məzunudur. Ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Ilham Əliyevin Şəhid və Qazilərə verdiyi qiymətin eynisini sizin də verəcəyinizə inanırıq. Sözügedən məktəbə Şəhidimizin adının verilməsini onun ailəsi, ələxsus da anası adından xahiş edirik.

 

 

Ümidvarıq ki,  bu müraciət tezliklə öz müsbət həllini tapacaq.

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları