Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-26 12:38:00
Nazir müavini: İqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır  

Ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biridir. Bu gün Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə həssaslıqla yanaşan ölkələrdəndir. Bu, hər şeydən öncə Azərbaycan iqtisadiyyatının dayanıqlığına xidmət edən amildir. Davamlı inkişafın təmin olunması təhsil sistemi qarşısında çox mühüm vəzifələr qoyur.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Dövlət İqtisad Universiteti və İqtisadi Sosial İnkişaf (Economic Social Development) təşkilatı tərəfindən keçirilən “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfransda söyləyib.

 

F.Qurbanov qeyd edib ki, milli təhsil sistemi dünyanın texnologiya yarışına maksimal dərəcədə qoşulmalıdır. XXI əsrin tələblərinə uyğun təhsildən danışarkən artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Müasir texnologiyalar əsri, müxtəlif çeşidli informasiya bolluğu gələcəkdə rəqabətqabiliyyətli məhsulların yaradılmasında iştirak edəcək mütəxəssislərin hazırlanması üçün yeni tələblər irəli sürür.

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə danışan nazir müavini qeyd edib ki, proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin hazırlanması, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

 

F.Qurbanov qeyd edib ki, ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulmalıdır. Təhsilin bu istiqamətdə vəzifələri yeni mahiyyət və məzmun daşıyır.(Azərtac)