Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-25 16:43:00
ARTİ tədqiqat mentorluq proqramı

Elm, insanın özü, yaşadığı cəmiyyət və kainatla əlaqəli həqiqətləri və doğru məlumatları öyrənmək üçün həmişə var olmuşdur. Modern elm anlayışının ortaya çıxması isə XVI əsrə təsadüf etmişdir. İnsanlıq tarixi qədər qədim tarixə malik olan elm və elmi bilik anlayışının informasiya əsri olaraq adlandırılan günümüzdə önəmli dərəcədə əhəmiyyət kəsb etdiyini qeyd etmək mümkündür.

 

Məlumdur ki, gündəlik həyatda hamının “bilirəm” dediyi zaman anladığı şeylər gündəlik məlumatlardır. Bu məlumatları “bəsit” məlumat və ya “ortaq” məlumat olaraq da ifadə etmək mümkündür. Gündəlik məlumat daha çox insanın duyğu və düşüncələrinə əsaslanaraq əldə və istifadə etdiyidir. Gündəlik məlumat həm də insanın şəxsi təcrübəsinə və  yaşadığı mühitdən əldə etdiyi, daha çox praktik ehtiyacları təmin etməyə yönələn biliklərdir. Əksər hallarda bu biliyin mənbəyi və necə ortaya çıxdığı qeyri-müəyyən ola bilir.

 

Gündəlik məlumatdan əlavə istifadə olunan digər bir bilik növü isə elmi biliklərdir. Elmi biliklər elmi tədqiqatların həyata keçirilməsi prosesində elmi metodların istifadəsi ilə ərsəyə gətirilən məlumatlar olaraq qəbul edilir. Yəni, elmi biliklər elmi tədqiqat metodları vasitəsilə araşdırılan və müşahidə, təcrübə, ölçmə kimi müxtəlif vasitələrlə əldə edilən məlumatlardır. Məhz bu xüsusiyyət elmi məlumatları digər məlumatlardan fərqləndirir. Bu mənada “bəsit”məlumat ilə elmi məlumatın sərhədlərini düzgün müəyyən etmək və onları bir-birindən ayıra bilmək önəmlidir. Təsadüf nəticəsində əldə edilən məlumatları elmi məlumat olaraq qəbul etmək və istifadə etmək doğru deyildir.

 

Elmi məlumatların necə əldə edildiyi, yəni hansı metodlardan istifadə olunaraq əldə edildiyi açıq olaraq bilinir. Eyni zamanda, elmi məlumatların doğruluğu başqaları tərəfindən də test edilə bilir. Elmi məlumatlar elmi metodologiya haqqında məlumat sahibi olan və bunu tətbiq edə bilən, etik prinsiplərə hörmət və əməl edən elm insanlarının/tədqiqatçıların araşdırmaları nəticəsində əldə olunur.

 

Bilik və ya informasiya əsri olaraq adlandırılan XXI əsrdə elmə və tədqiqatlara əhəmiyyət verməyən ölkələr gələcəyə açılan qapılarını bağlamış sayılırlar. Bu gün ölkələrin inkişaf etməsi üçün sadəcə iqtisadiyyat sahəsində baş verən dəyişikliklər və inkişaf yetərli deyildir. Ölkələrin inkişaf səviyyəsi həm də onların elmi tədqiqatlara verdiyi önəmlə də birbaşa əlaqəlidir. Elmi tədqiqatların kəmiyyət və keyfiyyət baxımından yüksəldilməsi isə müxtəlif sahələr üzrə tədqiqatlar aparan şəxslərdən asılıdır.

 

Fərqli elm sahələri üzrə araşdırmaçı ruhuna sahib olan, elmi düşüncəni mənimsəyən və bunu bir həyat tərzi halına gətirən insanların yetişdirilməsi çox vacib məsələlərdən biridir. Bu xüsusiyyətləri özündə ehtiva edən insanların yetişməsi üçün onların tədqiqat aparmaqla bağlı təlimləndirilməsi və təcrübə keçməsi zəruridir. Tədqiqatçı kimi yetişmək və bu sahədə var olan potensialı təkmilləşdirmək araşdırma proseslərində iştirak etməklə mümkündür.

 

Bu gün Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) gənc tədqiqatçılar və tədqiqatçı olaraq yetişmək istəyənlər üçün bu fürsəti təqdim edir. ARTİ təhsil elmləri sahəsində ehtiyac duyulan üstün keyfiyyətli tədqiqatçıların yetişdirilməsində bir qaynaq olmağı hədəfləyir. Bu çərçivədə ARTİ təhsil elmləri üzrə elmi tədqiqatlar aparmağa maraqlı və həvəsli olan üstün keyfiyyətli tədqiqatçıların yetişdirilməsi, həmçinin ölkədə təhsil sahəsində mövcud tədqiqat potensialının gücləndirilməsi və bu sahədə aparılacaq tədqiqatların sayının və keyfiyyətinin yüksəldilməsi məqsədilə ARTİ Tədqiqat Mentorluq  Proqramının həyata keçirilməsini hədəf olaraq qarşıya qoymuşdur.

 

Davamlı olaraq həyata keçirilməsi planlaşdırılan proqramın birinci mərhələsinin icrasının 2021-ci ilin iyun ayında başlaması və ilin sonuna qədər davam etməsi nəzərdə tutulmuşdur. Gənc tədqiqatçılara və həmçinin tədqiqat sahəsinə marağı olan və karyerasını bu istiqamətdə qurmaq istəyənlərə dəstək göstərməyi məqsəd olaraq qarşıya qoyan Tədqiqat Mentorluq Proqramında iştirak etmək istəyən namizədlər üçün onlayn müraciət forması hazırlanmış, müraciət forması və müraciət qaydaları İnstitutun rəsmi veb səhifəsi və sosial şəbəkələrdəki səhifələrində paylaşılmışdır. Proqram mentor və menti (mentorun tələbəsi) olaraq iki statusda müraciətləri qəbul etmişdir. ARTİ Tədqiqat Mentorluq Proqramında mentor və menti olaraq iştirak etmək istəyən şəxslər üçün proqrama müraciətlər 30 aprel -12 may 2021-ci il tarixləri arasında qəbul edilmişdir.

 

Əsas məqsədi və təməl yanaşması “tətbiq edərək öyrənmək” olan Proqrama müraciət edənlərin sayı ümumilikdə 622 nəfər olmuşdur. Belə ki, mentorluq üçün müraciət edənlərin sayı 379, mentilik üçün müraciət edənlərin sayı isə 243 olmuşdur. İlkin mərhələdə bütün müraciətlər qiymətləndirilmiş və 98 namizədin müsahibə mərhələsində iştirakı uyğun görülmüşdür. Mentorluq üçün qiymətləndirilən namizədlərin sayı 35, mentilik üçün qiymətləndirilənlərin sayı isə 63 nəfər olmuşdur.

 

Mentorluq üçün müraciət edən namizədlərlə 24-27 may, mentilik üçün müraciət edən namizədlərlə isə 31 may - 4 iyun tarixləri arasında onlayn müsahibələr təşkil edilmişdir. Şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə bütün müsahibələrin video-qeydiyyatı aparılmışdır. Müsahibələrin qiymətləndirilməsi nəticəsində 23 nəfər mentorun və 47 nəfər mentinin proqramda iştirakı uyğun görülmüşdür.

 

ARTİ Tədqiqat Mentorluq Proqramının iştirakçıları olaraq mentorlar və mentilər təhsil sahəsində aktual olan mövzular haqqında məlumat sahibi olmaqla bərabər, tədqiqat aparmağın yolları, tədqiqat metodları haqqında bilik və bacarıq əldə edərək akademik yazı bacarıqlarını təkmilləşdirəcək və komandada işləmə təcrübəsi qazanacaqlar. Bundan əlavə, mentor və mentilər ARTİ-də həyata keçirilən tədqiqat proseslərində aktiv olaraq iştirak edəcək və proses müddətində təhsilin ayrı-ayrı pillə və səviyyələri ilə əlaqəli aktual olan müxtəlif mövzuları tədqiq etmək üçün yerli və beynəlxalq elmi ədəbiyyatların nəzərdən keçirilməsi, dataların (məlumatların) toplanılması və təhlili, araşdırma hesabatının hazırlanması kimi müxtəlif elmi fəaliyyətlərdə mütəmadi olaraq rol alacaqlar. Həmçinin, Tədqiqat Mentorluq Proqramının icra müddətində mentor və mentilərə professional dəstək göstərmək məqsədilə yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə həyata keçiriləcək təlimlərin/vebinarların təşkili də nəzərdə tutulub.

 

Elmi tədqiqatlar nəticəsində əldə edilən tapıntıların müxtəlif sahələr üzrə qərarvermə mexanizmlərindəki rolu olduqca böyükdür. Bu mənada, davamlı olaraq həyata keçirilməsi planlaşdırılan Tədqiqat Mentorluq Proqramının birinci raundunun yekununda ümumi təhsil, peşə təhsili və ali təhsil sahəsində tədqiq olunmuş müxtəlif mövzulardan əldə edilən nəticələrin ölkədə təhsil sahələrində inkişafa yönəlik atılacaq addımlara və veriləcək qərarlara əhəmiyyətli dərəcədə müsbət təsirinin olacağına inanırıq.

 

Könül ABASLI,

Təhsil İnstitutunun Strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən aparıcı elmi işçisi