Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-25 12:03:00
Təhsil Tələbə Kredit Fondu ali təhsilimizi necə xilas edəcək? – Prorektorun analizi

 

 

“Təhsil Tələbə Kredit Fondunun  yaradılması  ali  təhsil  sahəsi  üçün  mütərəqqi  bir  addımdır. Bunun  tələbə  və  valideynlər  üçün  həm  iqtisadi, həm də  sosial-psixoloji  aspektləri  var”.

 

Bunu  AzEdu.az-a  açıqlamasında  Bakı  Mühəndislik  Universitetinin  prorektoru Elçin  Süleymanov  qeyd  edib.

 

Prorektor  kreditlərin  verilməsi  prosesinə  və  bu  prosesin  digər  ölkələrlə  müqayisəsinə  diqqət  çəkib:

 

“Demək  olar  ki, dünyanın  bütün  inkişaf  etmiş  ölkələrində, eyni  zamanda  postsovet  ölkələrində  bu  tətbiq  edilirdi. Ümumiyyətlə,  tətbiq  mexanizmi daha  çox  tələbələrin  akademik  müvəffəqiyyətləri  ilə  paraleldir. Doğrudur, sosial  baxımdan  həssas  ailə  qrupuna  aid  olan  tələbələrə  müəyyən  güzəşt  edilir. Bu  dəstək  başqa  bir  xətlə, məsələn, Əmək və Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi  yanında  Dövlət  Sosial Müdafiə Fondu, Gənclər  Fondu  və s.  vasitəsi  ilə  həyata  keçirilir. Ancaq  ümumilikidə  Təhsil  Tələbə  Krediti   Fondunun  yaradılması  istənilən  baxımdan  mütərəqqi  addımdır. Düşünürəm  ki, tələbə  müvəffəqiyyət  göstəricisi  ilə  müqayisə  edilməlidir. Bu  müqayisə  ali  təhsil  müəssisələrinə  qəbul  zamanı  aparılır. Məsələn, yüksək  bal  toplayanlar  dövlət  hesabına  təhsil  alırlar.  Kreditlərin  verilməsi  məsələsində də proses  o  şəkildə  olmalıdır.  Yəni  hər  semestr   tələbələrin  akademik   göstəricilərinə  baxılır,  nəticədə  həmin  tələbənin  təhsil  haqqı  dövlət  tərəfindən  təhsil  müəssisəsinə  ödənir. Tələbəyə  verilən   kreditin  geri  qaytarılması  prosesi  də  Türkiyə  və  bir  çox  Qərb  ölkəsində  demək olar  ki, eynidir. Belə ki,  məzun  olduqdan  sonra  tələbənin  iştapma  müddəti, oğlanların  hərbi  xidmət  prosesi  nəzərə  alınaraq  təxmini 5-10  il aralığında  möhlət  verilir. Bizdə  isə  deyilənə  görə,   bu  müddət  20  il  olaraq  nəzərdə  tutulub”.

 

E.Süleymanov   bir  başqa  məsələ  -  verilən  kreditin faizinin  simvolik  olması, yaxud  ümumiyyətlə  olmaması – faktına da diqqət yetirib:

 

“Eyni  zamanda  Təhsil  nazirinin  də  qeyd  etdiyi  kimi, sosial  baxımdan  həssas  ailə  qrupundan  olan  və  güzəştə  ehtiyacı  duyan   tələbələrə  bu  faizin  minimallığı, yaxud  ümumiyyətlə  olmayacağı  nəzərdə  tutulur. Yəni  kredit  iki  kateqoriya  üzrə  dəyərləndiriləcək:  Birincisi, müəyyən  güzəştə, dəstəyə  ehtiyacı  olan  tələbələr;  qeyd  etdiyim  kimi  bu  tələbələrin  təhsil  haqqı  üçün  çox  böyük  bir  dəstəkdir. İkincisi  isə  digər  tələbələr. Hansı  ki,  bu, təhsil  haqqılarını  müəyyən  qədər  qarşılaya  bilən, ancaq  özünü  inkişaf  etdirmək  üçün  hazırlıq  kursu, müəyyən  təlimlər  üçün  xərcləri  qarşılaya  bilməyən  tələbələrə  əlavə  bir  büdcə  formalaşdırmış  olacaq”.

 

Ekspert  qeyd  edib  ki, fondun  yaradılması  sayəsində valideynlər də  müəyyən  qədər  psixoloji-iqtisadi  yükdən  qurtulmuş  olacaqlar:

 

“Eyni  zamanda  burada  bir  müsbət  nüans  daha  var:  Bizdə  adətən  tələbələr  17-18  yaşlarında  universitetə  qəbul  olurlar  və  onların  bütün  maliyyə  xərcləri  valideynləri  tərəfindən  qarşılanır. Bu, müəyyən  qədər  vəsaitin  qazanılmasının  çətinliyi, valideyndən  asılılıq  kimi  tələbələrə  psixolojik  təsirlərə  səbəb olur. Ancaq  bu  fond  nəticəsində  tələbələr  öz  təhsil  haqqlarını  daha  sonra  alın  təri  ilə  qazanaraq  ödəyə  biləcəklər. Bu  isə  həm  valideynləri  müəyyən  qədər  bu  psixoloji-iqtisadi  yükdən  qurtaracaq, həm  də  tələbələrə  bir  növ  məsuliyyət  verəriləcək. Belə  ki, onlar  geri  qaytaracaqları  vəsait  üçün  dərslərə  daha  ciddi  yanaşacaqlar”.

 

Qeyd  edək  ki,  bir  müddət  öncə  Prezident İlham Əliyev Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.