Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-24 13:28:00
“Azərbaycan dili” fənni üzrə test imtahanları keçirilib

Ali və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını rus dilində verən abituriyentlər və buraxılış imtahanı çərçivəsində keçirilən “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə imtahanda üzrlü səbəbdən iştirak etməyən XI sinif şagirdləri üçün “Azərbaycan dili” fənnindən ikinci test imtahanı keçirilib. 

 

AzEdu.az xəbər verir ki,imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 45 dəqiqə davam edib. İmtahanda 2432 nəfərin iştirakı gözlənilirdi. 

 

İmtahanların idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişinə nəzarət olunub. İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində lazımi imtahan şəraiti yaradılıb. 

 

İmtahanda abituriyentlərə 30 test tapşırığı təqdim edilir. Əvvəlki illərin məzunları olan abituriyentlərin imtahan üzrə balları hesablanarkən hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar yekun bala təsir göstərmir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. 

 

Cari ilin məzunlarının imtahan üzrə toplaya biləcəkləri maksimal bal 100 baldır. Səhv cavablar yekun bala təsir göstərmir. Balları hesablayarkən düzgün cavabların sayı 10-a vurulduqdan sonra 3-ə bölünür. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar. 

 

İyunun 25-dən başlayaraq DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.