Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-23 15:16:00
 “Abituriyent” jurnalının 12-ci nömrəsi nəşr olundu  

Dövlət İmtahan Mərkəzi (DİM) 2020-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsində nəşr edib.

DİM-dən  bildirilib ki, bu elmi-statistik təhlillər respublikada Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müxtəlif səpkili imtahanların ayrı-ayrı istiqamət və çoxsaylı parametrləri üzrə aparılıb. Təhlillər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi və iştirakı, Mərkəzin şöbə müdiri Oleq Şelaginovun icraçılığı ilə yerinə yetirilib.

Tələbə qəbulu prosesi təhsillə birbaşa bağlı olduğundan aparılan elmi-statistik təhlillər ölkə təhsilindəki müsbət təmayülləri üzə çıxarır və Mərkəz bu sahədə hər hansı irəliləyişi təqdir edir. Eyni zamanda, ilbəil aparılan bu təhlillər təhsildəki gerilik və çatışmazlıqları da göstərir, onların aradan qaldırılması yollarını nişan verir, müvafiq təklif və tövsiyələr irəli sürür.

Dövlət İmtahan Mərkəzində aparılan elmi-statistik təhlilin nəticələri hamı üçün açıqdır. Bu nəticələr respublika pedaqoji ictimaiyyəti, təhsil qurumları və müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müxtəlif səviyyə və miqyaslı konfrans və görüşlərdə (ayrı-ayrı bölgələr də daxil olmaqla) müzakirə edilir. Bununla da təhsillə bağlı strateji əhəmiyyətli qərarların verilməsinə yol açılır. Belə qərarların qəbul edilməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat göndərilir.

Jurnalın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu bölməsində qəbul nəticələrinin müxtəlif istiqamətlər üzrə aparılmış elmi-statistik təhlillərinin icmalları təqdim olunub.

Burada elmi-statistik araşdırmalar təhsil müəssisələrinə qəbul planlarından başlanıb və təhlillər bölmələr (Azərbaycan və rus), ixtisas qrupları, dövlət sifarişi və ödənişli təhsil formaları, dövlət və özəl təhsil müəssisələri, ayrı-ayrı təhsil müəssisələri, təhsil müəssisələrinin ixtisaslarına dövlət sifarişi əsasında qəbulun proqnozu və s. üzrə aparılıb.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul bölməsində magistraturaya qəbulun nəticələrinin araşdırılmasına da xüsusi yer ayrılıb. Təhsilin bu səviyyəsinə qəbulun nəticələrinin aşağıdakı parametrlər üzrə elmi-statistik təhlili aparılıb: ali təhsil müəssisələrinin qəbul planları (təhsil bölmələri və birgə müsabiqə yerləri üzrə), ərizə verən bakalavrların bütövlükdə və təhsil bölmələri üzrə sayı, qəbul proqramları üzrə qəbulun nəticələri, ali təhsil müəssisələrinin dövlət sifarişi ilə tələbə qəbulu imkanları və qəbulun nəticələri, ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbulun nəticələri, qəbul olmuş bakalavrların bitirdikləri təhsil müəssisələri üzrə tərkibi və s.

2011-ci ildən etibarən TQDK (indiki DİM) tərəfindən baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı forması olan rezidenturaya qəbul imtahanları da aparılır və qəbulun nəticələri araşdırılaraq “Abituriyent” jurnalında dərc edilib ictimaiyyətə çatdırılır.

Rezidenturaya qəbulun nəticələri aşağıdakı parametrlər üzrə təhlil edilib: qəbul planının elm, təhsil müəssisələri və klinikalar üzrə paylanması, baza ali tibb təhsilinin istiqamətləri üzrə imtahanda və müsabiqədə iştirak etmək hüququ qazanan namizədlərin paylanması, qəbul imtahanının I və II mərhələsində iştirak edən namizədlərin ballarının paylanması, elm, təhsil müəssisələri və klinikalar üzrə qəbul olanların sayı və orta bal göstəriciləri və s.

“Abituriyent” jurnalının 12-ci sayında təqdim edilmiş elmi-statistik araşdırmalarda orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin araşdırılması da geniş yer tutur. Araşdırmalarda əsasən qəbul planları, onların tərkib hissələri, ərizə qəbulu, cari ildə daxil olan ərizələrin sayının əvvəlki illərin müvafiq göstəriciləri ilə müqayisəli təhlili, qəbul olan abituriyentlərin topladıqları balların paylanması və s. məsələlər təhlil edilib.

2012-ci ildən etibarən respublikanın ümumtəhsil müəssisələrinin ümumi orta (9 illik) və tam orta (11 illik) təhsilini başa vuran şagirdlərinin yekun buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (Dövlət İmtahan Mərkəzi) tərəfindən mərkəzləşmiş qaydada keçirilir. Həmin vaxtdan “Abituriyent” jurnalında buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinə də xüsusi yer verilir.

Jurnalda buraxılış imtahanlarının nəticələrinə əsasən şagirdlərin bilik səviyyəsi müxtəlif parametrlər üzrə (təhsil pillələri, tədris illəri, fənlər, bölmələr, bölgələr) aparılmış elmi-statistik araşdırmalarla, eyni zamanda, buraxılış imtahanlarında iştirak edən şagirdlərin gender tərkibi məsələlərinə aid materialla tanış olmaq olar.

“Abituriyent” jurnalının 12-ci nömrəsindəki materialların ikinci hissəsi elmi-statistik təhlillərə əsaslanan məlumat xarakterli materiallardır. Təhlilə “Əlavələr” kimi təqdim olunan çoxsaylı cədvəl və diaqramlar həmin materiallardakı bəzi mövzular barədə ətraflı məlumat almağa, daha geniş və sərbəst araşdırmalar aparmağa imkan verir.

Jurnala “Əlavələr”də ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsində iştirak edən nəzarətçilərin fəaliyyəti, DİM-in il ərzində elektron informasiya sistemləri vasitəsi ilə dövlət qulluğu sahəsində fəaliyyətinin təhlili, “Tələbə-məzun”, “Şagird-məzun” dövlət elektron məlumat sistemləri üzrə təhsil məlumatlarının emalı və analitik təhlili, buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı metodiki materialların hazırlanması, dərslik komplektlərinin elmi-metodiki monitorinqi (qiymətləndirilməsi) və hazırlıq kursları haqqında məlumat, xüsusi qabiliyyət imtahanlarının təhlili, DİM-də aparılan elmi-metodiki işlər və fənn seminarları haqqında məlumatlar, DİM-in beynəlxalq əməkdaşlıq və strateji inkişaf layihələrinin həyata keçirilməsi üzrə fəaliyyəti və s. məlumatlar da təqdim olunub.

Bunlardan bəziləri isə “Abituriyent” jurnalının 12-ci nömrəsinə əlavə kimi ayrıca kitabça şəkilində nəşr edilib:

– Ayrı-ayrı rayonların 2020-ci il üzrə qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumatlar;

– Qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri;

– Kənd təsərrüfatı profilli ixtisaslar statistikada;

– Neft-qaz profilli ixtisaslar statistikada.

“Abituriyent” jurnalının 12-ci sayındakı geniş elmi-statistik araşdırmalarla daha ətraflı DİM-in saytında müvafiq bölmədə yerləşdirilən jurnalın elektron versiyasını əldə etməklə tanış olmaq olar.

DİM tərəfindən yaradılmış “mekteb.edu.az” portalından istifadə etməklə hər bir rayonun istənilən məktəbi barədə statistik məlumatlarla da tanış olmaq mümkündür.