Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-18 09:00:00
Bu gün  I və IV ixtisas qrupları üzrə  qəbul imtahanı keçirilir

Bu gün I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilir.

İmtahanlar 11 şəhərdə - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə 49 binada aparılır. İmtahanların idarə olunmasına 183 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2137 nəzarətçi-müəllim cəlb olunub.

İmtahanda 26332 abituriyent iştirak edir. Onlardan 21734 abituriyent I qrup üzrə, 4598 abituriyent IV qrup üzrə imtahan verir.

Abituriyentlərdən 24244 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 20125, IV qrup üzrə 4119 nəfər), 2088 nəfəri isə rus bölməsinin (I qrup üzrə 1609, IV qrup üzrə 479 nəfər) məzunudur. Abituriyentlərin 15496 nəfəri oğlanlar (I qrup üzrə 14116 nəfər, IV qrup üzrə 1380 nəfər), 10836 nəfəri isə qızlardır (I qrup üzrə 7618 nəfər, IV qrup üzrə 3218 nəfər). 21425 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 4260 nəfər əvvəlki illərin məzunlarıdır. 67 nəfər ali təhsil müəssisələrinin, 580 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 115 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2003-cü ildəndir.

Bakı şəhərində 12130, Naxçıvanda 859, Gəncədə 2626, Sumqayıtda 1732, Mingəçevirdə 1127, Şəkidə 1662, Bərdədə 947, Göyçayda 1162, Şirvanda 1372, Lənkəranda 1598, Xaçmazda isə 1117 abituriyentin imtahan verir.

İmtahanın gedişini işıqlandırmaq üçün 55-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçmişdir.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 11-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi";

-16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.