Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-21 16:45:00
İctimai Şuranın sədr müavini  gənc müəllimin  layihəsinə dəstək verdi

Gənc müəllim Aynur İbrahimovanın bu günlərdə start götürən təhsilsiz valideynlərə dərs keçilməsi məqsədinə xidmət edən “Oxumaq heç vaxt gec deyil” layihəsi mənə təxminən 5 il bundan qabaq yaşlıların təhsili ilə əlaqədar gündəmi zəbt edən polemikanı xatırlatdı. Böyük Britaniya, Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrdə çoxdan və uğurla həyata keçirilən bu tip layihələrin əsas məqsədi - "Qoy üçüncü yaş dövrü insanın həyatının uzadılmasına və ondan tam zövq almasına yönələn bir dövr olsun”- devizini reallaşdırılması idi. 

 

Bu kimi layihələrin tərəfdarları Amerikalı filosof, sosioloq, futroloq Alvin Tofflerin "21-ci əsrin savadsızları oxumağı və yazmağı bacarmayanlar deyil, öyrənməyi, bildiklərini bir kənara qoymağı və yenidən öyrənməyi bacarmayan kəslərdir” prinsipindən çıxış edərək, "təhsil praktik fəaliyyət üçün gərəkli olan biliklərin və müvafiq bacarıq və səriştələrin məcmusudur” ideyasına əsaslanırdılar. Başqa sözlə, təhsil dedikdə yalnız formal təhsil, yəni məktəb və ya universitet təhsili nəzərdə tutulmur. "Təhsil həyatın müxtəlif çağırışlarına hazırlıq üçün uzunmüddətli və çoxşaxəli öyrənmə prosesidir.” Con Dyuinin təbirincə desək, ən geniş anlamda təhsil həyatın sosial davamı üçün bir vasitədir. 

 

"Hazırkı ana nənə və babalar vaxtlarını daha çox həyətdə skamyada oturmaqla və teleseriallara baxmaqla keçirir və qocalırlar” kimi fikirlər irəli sürənlər də oldu, axşam və qiyabı təhsilin məhdudlaşdırıldığı bir şəraitdə yaşlıların təhsilinin o qədər də real görünməməsi qənaətində olanlar da oldu. Bir vaxtlar dünya ölkələrinin, o cümlədən  qonşumuz Rusiyanın təcrübəsinin bizim ölkəmizdə də yayılması mümkündürmü? – sualı heç də hamı tərəfindən bir mənalı qarşılanmasa da, bu  gün ölkəmizdə "Oxumaq heç vax gec deyil” prinsipindən çıxış edərək,  yaşlıların təhsilinin təşkilinə belə heç bir məhdudiyyət qoyulmur. Müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması istiqamətində müəyyən işlər görülür.

 

 "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi "Qaydası”na əsasən əlavə təhsil hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir və insan potensialının inkişafının, kadrların intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsinin, onların daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşdırılmasının, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini daşıyır. Azərbaycan Respublikasında əlavə təhsil ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi və yaşlıların təhsili istiqamətlərini əhatə edir. Yaşlıların təhsilinin məqsədi yaşlı vətəndaşların cəmiyyətin daim dəyişən sosial, siyasi, mədəni həyatında fəal və səriştəli iştirakını təmin etməkdən ibarətdir. Bu növ təhsil vasitəsilə yaşlı vətəndaşlar öz bacarıqlarını artırır, biliklərini zənginləşdirir, peşəkarlıqlarını təkmilləşdirir və ya yeni istiqamətə yönəldir və bu yolla onların müstəqil sosial, iqtisadi və mədəni inkişafda iştirakı təmin edilir. 

 

Hesab edirəm ki, ömür boyu təhsili reallaşdırmaq üçün müxtəlif tip kurslar, fakültələr, dərnəklər, bölmələrin təsis edilməsi ilə yanaşı gənc müəllim Aynur İbrahimovanın təhsilsiz qalan valideynlərə dərs təşkil etməsii, regionlarda maarifçilik işləri aparması bu sahədə unikal praktika olub, yaşlıların təhsili sahəsində yeni metodologiyadır. Belə bir nəcib təşəbbüsü irəli sürdüyünə görə Aynur İbrahimovaya, Layihəni dəstəklədiyinə görə AzEdu Təhsil portalına dərin təşəkkürlər.